Hər bir ölkə öz milli sərvətləri, yeraltı və yerüstü nemətləri və s. bu kimi dəyərləri ilə öyünür. Vətənpərvər insan hətta qürrələnir və torpağına hər hansı bir əcnəbi vətəndaş qədəm qoyanda ona öz sərvətlərini, milli abidələrini ağızdolusu “keçmişinin bir parçası kimi” tanıtmaqdan böyük zövq alır. Görəsən, bəs bizdə necədir? Bizdə də belədirmi? Biz onlara hansı dərəcədə sahiblənməyi bacarırıq? Hə, bax belə bir məqamda, deyəsən, bəzilərinin, ən çox isə yaşlı nəslin yaralı yerinə, toxundum. Sual edə bilərsiz ki, niyə? Niyəsi artıq bir çoxlarımıza məlum olsa da, amma abidələrimizə, dəyərlərimizə hörmət əlaməti olaraq bir daha xatırladaq. Biz br çox adətləri hələ də qoruyub saxlayır, lüzumsuz vərdişləri yaşadırıq. Kimlərəsə qibtə etməyə, hansısa bir qeyri-millətin geyindiyini geyinməyə, yediyindən yeməyə sinoy gedirik. Təkcə bir şeydən başqa. Əlimizdə olanlara, sahib olduqlarımıza yiyələnib onları qorumaqdan savayı. Bu məqamda tam məsuliyyətlə deyə bilərəm ki, bizdə bütün dünyaya nümayiş etdirmək üçün sərvətlər də, abidələr də kifayət qədərdir. 2-ci bir məqam. Azərbaycanımızı gəzərkən yaşı əsrlərə bərabər abidələri görəndə içimdə qəribə bir qürur hissi oyanır. Dərhal ətrafıma nəzər salaraq, çevrəmdəki hər kəsə, xüsusən də əcnəbilərə: “baxın, görün, biz nələrə sahibik”- deyə hayqırmaq istəyirəm. Amma çox keçmir ki, əhvalım təlx olur. Bayaqkı sevincim bir andaca gözümdə qalır. Dünyanın müxtəlif ölkələrindən insanlar istirahət etmək məqsədilə tarixi abidələrlə zəngin ölkələrə gəlirlər, səyahət, iştirak etmək insan üçün məqbuldur. Ancaq etiraf edək ki, bizimkilərin istirahət etmək anlayışı digərlərindən əsaslı şəkildə fərqlənir. Adi bir nümunə. Başqa ölkələrdə vətəndaşlar tarixi abidələrin yanında sadəcə dayanaraq şəkil çəkdirir. Bundan həm camaat zövq alır, həm də abidələr təbliğ olunur. Bəs bizdə necə? Çox təəssüf ki, bəzən gənclərin, xüsusən, qızların milli dəyərlərimiz adlandırdığımız abidələrə necə “dırmandıqlarının” şahidi oluruq. Bu mənzərəni görəndə dəhşətə gəlməmək mümkün deyil. Bizdə bir kiçik heykəllə rastlaşanda mütləq onun təpəsinə qalxıb şəkil çəkdirirlər.
   Bu günlərdə yolumu «Qız qalası»ndan salmışdım. Qalanın sonuncu mərtəbəsinə qalxanda gənclərin «istedadlarının izlərini» gördüm. “Qız qalası”-nın divarlarında cızılaraq yazılmış ada, eybəcər işarələrə rast gəldim. “Qız qalası”-ndan ürəkaçıqlığı ilə şəhərimizi seyr etmək istədikdə gözlərimiz daha hansı biabırçılıqlara şahid olmur ki?! Bəzi oğlan və qızlar üzdəniraq hərəkətləri bu abidələrin ətrafında edirlər. Belə halları gördükdə qeyri-iradi beynimdə “Qız qalası”-nı öz qızının şərəfinə ucaltdırmış xan və öz məhəbbəti yolunda canına qəsd etmiş xan qızı canlanır. Belə bir məqamda düşünürəm ki, görəsən, o xan sağ olsaydı və “ Qız qalası”-nın çevrəsində bu cür hərəkət edən gəncləri görsəydi nə edərdi?
   Gənclik keçmişinə - tarixi abidələrinə sahib çıxmalıdır. Bu sahiblik sevgidən başlayır. Unutmayaq ki, keçmişinə sahib çıxmayan bir millətin gələcəyi də olmaz.
  
   Şəhla Ələsgərqızı