Birinci Kültəpə abidələri Babək rayonunun ərazisində yerləşir. Abidələr sübut edir ki, burada Eneolit, Mis, Dəmir dövründə yaşayış yeri olmuşdur. 105 il bundan əvvəl Kültəpədə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, burada əldə olunmuş maddi mədəniyyət nümunələrinin bir qismi 1905-ci ildə Tiflisdəki Qafqaz muzeyinə verilmişdir.
   1951-ci ildə isə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları O.Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdılar. Həmin vaxtdan başlayaraq 13 il ərzində müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Birinci təbəqə Eneolit dövrünə aid (6-4-cü minillikləri əhatə edir) olmaqla 18 tikinti qatı aşkar edilmişdir. Tikintilər dairəvi formada çay daşları və möhrədən inşa olunmuşdur. Araşdırmalardan aydın olur ki, insanlar evləri qızdırmaq üçün, otağın mərkəzinə qoyulmuş ocaqdan və ya gildən hazırlanmış manqallardan istifadə etmişlər. I Kültəpədə tədqiqatlar zamanı aşkar edilmiş binalar ölkəmizin Somutəpə, Qoyrətəpə, Yanıqtəpə və başqa abidələrin oxşarıdır. Həmçinin burada 85 qəbir aşkar edilmişdir.
   Müəyyən olunmuşdur ki, dəfn edilən adamlar, əsasən arxasıüstə uzadılmış və müxtəlif istiqamətlərə yönəldilmişdir. Maraqlı burasındadır ki, dəfn olunan adamın başlarının altına daş, gil qab qırığı qoyulması adətinə Azərbaycanın ilk Tunc dövrünə (IV-III minilliklər) aid kurqanlarında təsadüf edilmişdir. Qəbirlərin ikisində itlə dəfn olunma adətinə rast olunub. Bu kimi faktlar qədim Şumerlə Naxçıvanın arasında əlaqələrin olması və müəyyən əhali qrupunun Mesopotamiyadan gələrək burada məskunlaşdığını sübut edir. Burada xeyli sayda daşdan toxa, çəkic, toppuz, həvəng dəstələr, sümükdən hazırlanmış biz, qaşov və sair alətlər aşkar edilmişdir. I Kültəpə abidələri içərisində keramikadan hazırlanmış boyalı qablar xüsusilə diqqətəlayiqdir.
   İkinci təbəqə İlk Tunc dövrünə aiddir. Bu təbəqədə Kür-Araz mədəniyyətinə aid müxtəlif maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Binalar dairəvi, bəzən də düzbucaqlı formada tikilmişdir. Bu dövrün maddi-mədəniyyət nümunələrinin bir qismi obsidion (dəvə gözü) və çaxmaq daşından hazırlanmış oraq dişləri, qaşov və sairə alətlərdən ibarətdir. Əmək alətlərinin az bir hissəsi mərgümüş qarışığı olan tuncdan hazırlanmışdır.
   Kültəpədə aşkar olunmuş Kür-Araz keramikası 3 mərhələdən keçmişdir. Birinci mərhələ keyfiyyətli bişirilmiş boz və qara rəngli qablar, ikinci mərhələ çəhrayı astarlı qara və boz rəngli yaxşı cilalanmış qablar, 3-cü mərhələ yüksək keyfiyyətlə bişirilmiş nazik divarlı qara və boz cilalı qablarla müşahidə olunur. Gil məmulatlarının içərisində ocaq qurğuları diqqəti cəlb edir. Onların bir qrupu nal şəkilli formada olub, əvvəlcə məişətdə, sonra isə sitayiş məqsədilə istifadə edilmişdir. I Kültəpənin 3-cü təbəqəsi Orta və Son Tunc dövrünə aiddir. Bu dövrə aid tikinti qalıqları çox az aşkar edilmişdir. O.Həbibullayevin fikrincə, bu dövrdə binalar əsasən dördkünc formalı olmuş, çay daşından və kərpicdən tikilmişdir. Bu təbəqədə aşkar edilmiş gil məmulatı əsasən çəhrayı, bəzən isə boz və qara rəngdə olmaqla yaxşı hazırlanmışdı. 4-cü təbəqə İlk Dəmir dövrünə aid edilir. Bu təbəqədə aşkar edilmiş tapıntılar əsasən gil məmulatlarından ibarət olub, çəhrayı və boz rəngdə bişirilmişdir. Bu dövrə həmçinin boyalı qablar da aiddir. Yazıdan aydın olduğu kimi, I Kültəpədən aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin qalıqları Eneolit dövründən başlayaraq İlk Dəmir dövrünədək böyük bir tarixi mərhələni əhatə edir.
  
   Hüseyn Əliyev,
   Naxçıvan







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar