XX əsrin əvvəllərinin - sürətlə inkişaf edən neft Bakısının ən gözəl tikilisi, bu gün isə insanları səadətə qovuşduran «Səadət sarayı». Bakının mərkəzində qərar tutan bu möhtəşəm bina bəlkə də ona görə belə heyrətamizdir ki, o, xoşbəxt cütlüyün bir-birinə olan sonsuz sevgisindən yaranıb.
   Belə ki, «Səadət sarayı» adlandırdığımız bu tikilini məşhur Bakı milyonçusu Murtuza Muxtarov öz sevimili xanımı Liza Tuqanovanın şərəfinə tikdirib. Sarayın tikilməsinin çox maraqlı tarixçəsi var. Bir dəfə Avropaya səyahət edən cütlük İtaliyanın Florensiya şəhərində də olur. O zaman Liza xanım italyan binalarının arxitekturasına, xüsusilə də onlardan birinə dərindən valeh olur və bu məftunluğunu həyat yoldaşına bildirir. Təxminən bir il sonra Bakını gəzərkən Muxtarov Lizanı Fars küçəsinə gətirir və birdən Lizanın baxışları uzaq İtaliyada gördüyü saraya bənzər bina ilə rastlaşır. Öz xanımının əllərindən öpən Muxtarov onu yeni mülkləri münasibətilə təbrik edir…
   «Səadət sarayı» adlanan bu mülkdə xoşbəxt cütlük həyatlarının ən gözəl günlərini keçirəcəkdi. Saray Polşa memarı İosif Ploşko tərəfindən fransız qotik üslubunda 1911-12-ci illərdə tikilib. Muxtarov Ploşkonu xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sonra da İtaliyaya göndərmişdi ki, sarayla yaxından tanış olsun. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri, memarlıq incisidir və bu detallar binanın yanından keçən və ya içəri daxil olan hər kəsi valeh edir.
   Ploşko Muxtarov üçün layihə tərtib edərkən düşünürdü ki, o, Şərq üslubunda olacaq. Lakin, “İsmailiyyə” binası xoşuna gəldiyinə görə, M.Muxtarov milli-şərq təfsirində deyil, qotika üslubunda saray tikdirməyi qərara alır. Bu evin fasad detalları fransız qotikası ruhunda nəfis işlənmiş, mərkəzi qüllə formasındadır. Fasadlarda olan nəfis sütunlar binaya xüsusi gözəllik verir. Sarayın klassik formalı üçmarşlı mərmər pilləkəninə açılan vestibülü çox maraqlıdır. Burada order üsullarından çox fəal surətdə istifadə olunub. Ön pilləkən təmtəraqlıdır, yarımdairəvi tavan isə dekorativ elementlərlə doludur.
   Təəssüf ki, sevgi ilə təməli qoyulan bu bina sonadək öz sahiblərinə qismət olmur. Belə ki, 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Muxtarovun evinə gələrək ondan binanı tərk etməyi, sovet hakimiyyətinə tabe olmağı tələb edirlər. Bunu eşidən neft maqnatı tüfəngini götürür, əvvəlcə iki bolşeviki, sonra isə özünü öldürür… Nəticədə bina XI ordunun qərargahına çevrilir. Bakıda qaldıqca həyatına təhlükələr artan Liza xanım isə Türkiyəyə gedir və 1950-ci ilə qədər yaşayır.
   Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.
   Muxtarovun tikdirdiyi gözəl «Səadət saray»ı 100 il sonra da öz missiyasını yerinə yetirməkdə davam edir. Hazırda əsaslı şəkildə təmir olunan, Dövlət Nikah Qeydiyyatı İdarəsinin yerləşdiyi bu bina sanki içəri qədəm qoyan hər kəsə əsl sahiblərinin xoşbəxt ailə qurmaq baxımından xeyir-duasını verir.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar