Saçlarını küləklər, yanaqlarını Xəzərin ləpələri oxşayan misilsiz Bakımızın hüsnünə gözəllik verən o qədər inciləri var ki…
   Elə Xəzərin qoynuna sığınan bulvar da nadir incisidir paytaxtımızın. Hamının sevimlisi - 100 yaşlı sevgi məbədi - Bakı bulvarı. Bu illərdə dəfələrlə görkəmi də dəyişib, adı da. Bəlkə də milli-mədəni sərvətimizin tərkib hissəsi olduğundandır ki, ona Milli Park statusu verilib.
   Bu təbii kompleks həm də şəhərin tarixini və müasir simasını təşkil edir.
   Bakı bulvarının əsası 1909-cu ildə görkəmli mühəndis, o zaman Bələdiyyə İdarəsində inşaat şöbəsinə başçılıq edən Məhəmməd Həsən Hacinskinin təşəbbüsü ilə qoyulub. Həmin dövrdə onun səyi ilə bulvarın inşası məsələsi Dumanın iclasında qaldırılır. Duma bu iş üçün o vaxtkı pulla 600 min manat vəsait ayırmağa qərar verir.
   Təkcə bulvarın salınması və orada meyvə və bəzək ağaclarının əkilməsi ilə bağlı deyil, həmçinin pavilyon və binaların tikilməsi barədə də müsabiqə elan olunur. Bu müsabiqədə 30 nəfərədək memar və mühəndis iştirak edir. Şəhər idarəsi bulvarın salınması, orada yardımçı binaların, pavilyonların, restoran və dəniz hamamının tikilməsi ilə sahilin yalnız gözəlləşməsini deyil, eyni zamanda, əldə edilən gəliri də nəzərdə tuturdu. Bu işdə bir məsələ də çətinlik yaradırdı ki, o da çirkab sularının axıdılması ilə bağlı idi. O vaxtadək şəhərin çirkab suları birbaşa dənizə tökülürdü. Ona görə də suyun borularla axıdılmasına ehtiyac duyulurdu. Tikiləcək dəniz hamamı isə nümunəvi, şəhər əhlinin istirahəti üçün rahat olmalı idi.
   Bulvarın salınması 2 ilə başa gəlir. 1910-cu ildə hazır olan bulvar və buradakı dəniz hamamı Sahil küçəsinə xüsusi bir gözəllik verirdi.
   Sovet dönəmində Bakı bulvarı postsovet məkanında mövcud olan iki mindən artıq mədəniyyət və istirahət parkı arasında ən yaxşılarından biri sayılırdı.
   1998-ci il dekabrın 29-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən, Dənizkənarı Bulvara Milli Park statusu verilir. 10 yanvar 2008-ci ildə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından sonra isə ərazidə yeni quruculuq işləri başlanıb. Hazırda Milli Parkda təmir-tikinti işləri böyük vüsət alıb, planlı şəkildə yaşıllaşdırma işləri aparılır. Dövlət başçısının sərəncamı ilə Dənizkənarı Bulvarın geniş miqyasda abadlaşdırılması və yenidən qurulması istiqamətində artıq xeyli iş görülüb.
   Milli Park Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
   Dövrünün uzaqgörən, millətini sevən ziyalıları Sahil bulvarını salarkən onun Bakıya gözəllik gətirəcəyini çox gözəl bilirdilər. Artıq bir əsrdir ki, insanların xidmətində dayanan Milli Park da digər tarixi incilərimiz kimi bizlərə ata-babalarımızdan miras qalıb. Bizim vəzifəmiz isə onu qoruyub saxlamaq və daha da gözəlləşdirməkdir.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar