1934-cü ildə Bakının ən hündür yerində, dəniz səviyyəsindən 135 metr hündürlükdə möhtəşəm bağ salınır. Elə bir bağ ki, təbiətin ən nadir bitkilərini özündə toplayır. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağı idi. Məhz bu bağın təşkilindən sonra ölkədə bağçılığın elmi əsaslar üzrə inkişaf etməsinə təkan verilib. 80-100 hektar ərazini əhatə edən bu məkanda təbiətdə mövcud olan ən nadir bitkilər cəmləşib.
   Bağın üç giriş qapısı var. Hər üç giriş gözəl məkana açılır. Yolboyu uzanan yaşıl ağaclarla əhatə olunmuş xiyabanlar, rəngarəng çiçəklərlə dolu cığırlar göz oxşayır. Təbiətin bu əsrarəngiz məkanında, hər tərəfdən ağaclarla əhatə olunmuş xiyabanda oturub təmiz hava almaq insana zövq verir. Bağda yerləşən böyük hovuzlar suda üzən açıq-qırmızı və ağbalıqlarla doludur. Bundan başqa, hovuzları əhatə edən hündür divarlar da səyahətçilərin hovuzu rahat şəkildə seyr etmələri üçün əla şərait yaradır. Artıq may ayına qədər bağda bitən lalə, zanbaq gülləri solsa da, digər kol gülləri bu boşluğu ört-basdır edir. İlk baxışdan insana ucsuz-bucaqsız görünən bağı gəzib-dolaşdıqca cığırlarda ağaclardan düzəldilmiş təbii qövsvari keçidlər səyahətçilərdə gözəl əhval-ruhiyyə yaradır. Hazırda Nəbatat bağında nadir və nəsli kəsilməkdə olan endem və relikt dendro flora növləri var. Burada səyahətçilərin heç birinin diqqətindən yayınmayan mənzərələrdən biri bağın mərkəzində bitən nəhəng palmadır. Bu ağac o qədər hündürdür ki, hətta onun qol-budaqları 3 mərtəbəli Vegetasiya evinin damına qədər yüksəlib. Hazırda Nəbatat bağında 600 növdə ağac və kol bitkisi var. Bunlar Qafqaz, o cümlədən Azərbaycan florasından, eləcə də Şərqi Asiya, Aralıq dənizi hövzəsi, Şimali Amerika və dünyanın digər rayonlarının florasındandır. Onların içərisində elə növlər var ki, Mərkəzi Nəbatat bağından başqa respublikanın heç bir yaşıllıqlarında təsadüf olunmur. Belə ağac və kol bitkilərindən Atlas, Livan sidrini, Avropa ağ şamını, Sahil şamını, uzuniynəli şamı, ikidilimli kinqonu, çiyələk ağacını, müxtəlif növ sərv, yemişan, dovşanalması, iydə, üçdilimli kudraynanı və s.göstərmək olar. Nəbatat bağında elmi-tədqiqat işləri aparılır. Burada 3 laboratoriya, 2 yaradıcı qrup fəaliyyət göstərir və 23 elmi işçi çalışır.
   Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar