Paytaxtımızda reallaşan beynəlxalq tədbir bu gün işini yekunlaşdırır
   
   Hər zaman zəngin, çoxçeşidli mətbəxi və qonaqpərvərliyi ilə dünyada məşhur olan Azərbaycan növbəti beynəlxalq tədbirə - müxtəlif ölkələrin kulinarları və peşəkar aşpazlarının bir araya gəldiyi "İslam Mətbəxi" Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edir.
   
   Bir neçə gündür öz işinə start verən kulinariya festivalı çərçivəsində 15-dən çox ölkədən olan aşpazlar və kulinarlar öz məharətlərini nümayiş etdirirlər. Onu da nəzərə çatdıraq ki, festivalda İslam ölkələri ilə yanaşı, Avropa ölkələrinin də bu sahədə çalışan peşəkarları iştirak edir. Festival çərçivəsində müxtəlif ölkələri təmsil edən aşpazların hər biri İslam qaydaları əsasında milli mətbəxlərini təqdim edirlər. Hazırlanan yeməklər və içkilərdə spirt tərkibli maddələrdən və donuz ətindən istifadə olunmayacaq. Ağ rəngli sülh göyərçinini xatırladan ağ geyimli aşpazların təmsil olunduğu festival ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, hər kəsdə böyük bir çoşqu yaradıb. Tədbirin keçirildiyi İdman Sarayının foyesində təşkil edilən sərgidə milli mədəniyyətimizi təmsil edən dəyərli sənət nümunələri və əl işlərinin nümayişi festivalı daha da rəngarəng edib. Bugünlərdə YUNESKO-nun Maddi-Mənəvi İrs siyahısına daxil olan, festival boyu səslənən aşıq sənətinin gözəl nümunələri və gənc modelyer Minarə Quliyevanın bölgələrimizə məxsus ornametlərini özündə cəmləmiş geyim kolleksiyasının nümayişi də festival iştirakçılarının böyük marağına səbəb olan məqamlardan biridir.
   
   «Yeddi medalın
   hamısını ölkəmizə aparmaq istəyirik»
   
   Festivalda daha çox maraq doğuran xüsusi zövqlə bəzədilmiş və üzərində muzey eksponatlarını xatırladan, ancaq ərzaq məhsullarından hazırlanan yemək və şirniyyat nümunələrinin yer aldığı süfrə Türkiyəyə aiddir. Buraya gələn hər bir ziyarətçini memarlıq abidələrini xatırladan, yağdan və şirin xəmirdən hazırlanmış bu heykəllər cəlb edirdi.
   Bizim ilk müsahibimiz bu sənət əsərlərinin müəlliflərindən biri olan Ümid Yümendir. Ustanın dediyinə görə, yeddi nəfərlik nümayəndə heyəti ilə festivala qatılıblar: "Biz bu festivalda 12 yarışmada iştirak edəcəyik. Əsas məqsədimiz də odur ki, bu sahədə bacarığımızı nümayiş etdirək və 7 medalı ölkəmizə aparaq. Bundan əvvəl Krımda keçirilən kulinariya festivalında 4 qızıl, 3 gümüş, 7 bürünc medal qazanmışdıq».
   Ölkəmizin kulinarları ilə səkkiz ildən artıqdır ki, yaxından əməkdaşlıq etdiklərini deyən Ü.Yümin bildirdi ki, Azərbaycanın zəngin mətbəxi var: "Mən sizin milli yeməklərdən daha çox iki daş arasında bişən ətli yeməyi (kababı) çox sevirəm».
   Türkiyəli kulinar bildirdi ki, süfrələrində yer almış əjdaha heykəli badamlı xəmirdən, son tamamlama işləri Bakıda başa çatan qız heykəli isə marqarin yağından hazırlanıb.
   Qardaş ölkənin mətbəxinin ikinci təmsilçisi isə peşəkar şirniyyat ustası Erdal Elverendir. Onun dediyinə görə, hazırladığı üzəri güllərlə bəzədilmiş iki toy şirniyyatı festivalda yer alıb. Erdal Azərbaycanı və xüsusilə də bizim ölkə vətəndaşlarını çox sevdiyini bildirdi: "Festivalın Bakıda keçirilməsini yüksək qiymətləndirirəm. Bu festivalın keçirilməsinin müsbət tərəflərindən biri də odur ki, çox zaman qapalı bir qutu kimi bağlı qalan İslam ölkələrinə mətbəx mədəniyyətlərini göstərmək imkanı verir. Eyni zamanda festivalda mütəxəssislər bir-biri ilə təcrübə mübadiləsini bölüşmək fürsəti əldə edirlər".
   Mətbəxinizdən
   öyrəndiyim maraqlı
   yeməkləri ölkəmə
   qayıdanda
   hazırlayacam»
   
   Süfrələri miniatür soyuq desertlərlə bəzənmiş belaruslu kulinar Aleksandr Çkilevski ilk dəfə Azərbaycana gəldiyini bildirdi. O, ölkəmizdə özünə və həmkarlarına qarşı xoş münasibət gördüyünü etiraf etdi və xörəklərimizi bəyəndiyini dedi: "Xüsusilə də ət və düyü ilə hazırlanmış yeməkləri daha çox sevirəm". Qonaq onu da vurğuladı ki, Azərbaycan mətbəxində öyrəndiyi maraqlı yeməkləri ölkəsinə qayıdan kimi hazırlayıb, belaruslulara təqdim edəcək.
   İran İslam Respublikasını təmsil edən, əslən Təbriz şəhərindən olan Mahrux Həsənəlizadə bildirdi ki, kulinariya sahəsində uzun müddətdir çalışır. Onun dediyinə görə, təmsil etdiyi ölkə Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının üzvü olmadığı üçün onlar bu festivala xüsusi dəvət əsasında qatılmayıblar: "Biz sözügedən festival haqqında bir dostumuzdan məlumat aldıq və qatılmaq üçün müraciət edik. Biz dövlət tərəfindən yox, müstəqil şəkildə bu festivalda iştirak edirik". Altı ildən çoxdur ki, kulinariya sahəsində dərs verən M.Həsənəlizadə söylədi ki, yetirmələrinə İranın qədim və müasir yeməklərinin bişirilmə qaydasını öyrətməklə yanaşı, Avropa yeməklərinin də hazırlanma qaydalarını öyrədirlər: "Uzun illərdir ki, bu sahədə çalışmağıma baxmayaraq, ilk dəfədir ki, beynəlxalq festivalda iştirak edirik. Bu yaxınlarda Türkiyədə keçiriləcək başqa bir festivala dəvət almışıq. Belə festivalların keçirilməsini çox yüksək qiymətləndirirəm. Çünki bu cür festivallarda bilmədiyimiz çox şeyləri öyrənirik, dünya aşpazları ilə ünsiyyətdə oluruq və aramızda iş əlaqəsi yaranır». Festival çərçivəsində İran yeməklərinin yer aldığı süfrəni təqdim etməklə yanaşı, yarışmada ətli yemək hazırlayacaqlarını deyən iranlı kulinar bildirdi ki, Azərbaycan yeməklərindən daha çox lülə kababı sevir.
   
   Azərbaycan
   kulinarların əl işləri
   xüsusilə fərqlənir
   
   Festivalda xüsusi maraqla qarşılanan mətbəx nümunələri sırasında Azərbaycan təmsilçilərinin əl işləri də vardı. Onların arasında təcrübəli və gənc ustalar tərəfindən xəmirdən hazırlanmış muğam ifaçılarının təsviri, Bakının görünüşü və bəzi tərəvəzlər üzərində tanınmış yerli və xarici alim, şair və hökmdarların təsviri idi. Qarpız üzərində hazırlanmış Azərbaycan xəritəsinin təsviri isə orijinal olduğu qədər də maraqlı qarşılanırdı.
   Tərəvəzlər üzərində maraqlı fiqurlar və heykəllər yaratmış Emin Qurbanov bildirdi ki, bu yarışa çox güclü və təcrübəli aşpazlar qatılıb: "Amma əminəm ki, biz qalib gələcəyik. Karvinq sənəti ilə, yəni tərəvəzlərdən istifadə edərək maraqlı soyuq qəlyanaltılar hazırlayıram. Bu işlər 4-5 günə hazır olur. Tərəvəzlər arasında balqabaqla işləmək daha asandır. Buradakı işlərim arasında görkəmli şairimiz Molla Pənah Vaqifin portretini qarpız üzərində işləmişəm, Roma imperatorı və başqa bir sıra tanınmış şəxsiyyətləri yaratmışam".
   Respublikamızın məşhur simalarını da festivalda görmək olardı. Onlardan biri də öz əl işləri ilə festivala qatılan əməkdar artist Suğra Bağırzadə bildirdi ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin keçirdiyi bir çox yarışlarda iştirak edib: "Amma bu sərginin özəlliyi ondadır ki, Azərbaycanla yanaşı, başqa ölkələrin də mətbəx mədəniyyətləriylə yaxından tanış olmaq mümkündür".
   Sərgidə Türkiyə süfrəsinin onun diqqətini cəlb etdiyini deyən əməkdar artist bildirdi ki, türk ustalarının yağdan hazırlanmış işlərini daha çox bəyənib və bu, onun heyrətinə səbəb olub: "Bu işlər o qədər incə və cazibədardır ki, adam inanmır ki, yemək məhsullarından belə bir gözəllik yaratmaq olar. Yaponlar deyirlər ki, ərzaq gözəllikdir ki, onu dərhal məhv etmək lazımdır. Bu fikrə əsasən bilirsən ki, vaxt gələcək bu gözəlliklər məhv olacaq".
   
   «Burada ölkələr
   bir-birinin mətbəx
   dünyası ilə
   tanış olurlar»
   
   İştirakçılardan ayrılıb festivalın təşkilatçılarına yaxınlaşırıq. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Azərbaycanda keçirilən festivalın böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Onun sözlərinə görə, festivalın keçirilməsi Azərbaycanda çoxdan gözlənilirdi və nəhayət, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi. Tahir müəllim onu da bildirdi ki, tədbirdə ayrı-ayrı ölkələri təmsil edən aşpazlar 9 nominasiya üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər və onların işini Beynəlxalq Kulinarlar Federasiyasının nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək.
   Azərbaycanın yüksək və zəngin mədəniyyətə malik olduğunu deyən Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson bildirdi ki, Bakıda ilk dəfə keçirilən festival dünya mətbəx mədəniyyətinə öz töhfəsini verəcək: "Çünki bu festivalda müxtəlif ölkələrin mətbəx mədəniyyətləri təqdim edilir. Bu hal da imkan verir ki, ölkələr bir-birinin mətbəx dünyası ilə yaxından tanış olsun və nələrisə öyrənsinlər».
   Azərbaycan mədəniyyət və incəsənətinin zənginliyindən danışan Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilya bildirdi ki, bugünlərdə Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Maddi-Mənəvi İrs siyahısına salınıb. Onun sözlərinə görə, bu hal Azərbaycan mədəniyyətinin uğurudur.
   Qeyd edək ki, iştirakçılara fərdi yarışlar üçün 30 dəqiqə, komanda yarışları üçün isə 90 dəqiqə vaxt verilir. Yarışda qalib olan iştirakçılar üç qızıl, gümüş və bürünc medalla mükafatlandırılacaqlar.
   Oktyabrın 10-dək davam edəcək festivalda maraqlı yarışlar olacaq, eyni zamanda "Kulinariyanın cəmiyyətdə rolu: inkişaf perspektivləri" ilə bağlı dəyirmi masa keçiriləcək və tədbirin son günü Azərbaycanın incəsənət xadimlərinin iştirakı ilə qala- konsert olacaq.
   
   F.ABDULLAYEVA







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar