Azərbaycanda kustar yolla parçaların bəzədilməsinin bir neçə üsulu var.Onlardan biri də basma naxışdı. Bu üsulla çoxrəngli, müxtəlif çalarlı- naxışlı parçalar, xüsusi qəliblərlə basılıb hazırlanır... Hələ xeyli əvvəl bu sənətin daha geniş intişar tapdığı İsmayıllı rayonunda oldum. Orada Basqal kəlağayılarının biliciləri ilə görüşdüm. Toxuma parçalar haqqında xeyli fakt və məlumat topladım... İncə və olduqca ağır zəhmət tələb edən bu çətin sənət haqqında təəssüratımı oxucularla bölüşmək istədim... 
   
   ...Bu bölgədə basma naxış parça sənətinin inkişafı yerli xammalın - ipəkçiliyin və nəbati boyaların geniş yayılması ilə bağlı olub. Öyrəndim ki, Basqal kəndində bu xalq sənətinin basma naxış və qələmkar növlərinin qədim nümunələri bu günümüzə qədər gəlib çatmışdır.
   Deyim ki, Basqalda parçalara əl ilə naxış vuran ustalar xüsusi emalatxanalarda çox bəsit alətlərdən istifadə edirlər. Emalatxanalarda naxış salmaq üçün keçə və ya qalın mahudla örtülü uzunsov kürsü, pardaqlamaq üçün dəzgah, boyaq küpü və basma qəliblər olur. Basma naxışlı məmulat hazırlayan ustalar əsasən Gəncə , Şamaxı və Bakıda əl üsulu ilə hazırlanan parçalardan istifadə edirlər. Ancaq Basqal kəndinin ustaları kəlağayı üçün ipək parçanı qonşu Mücü kəndindən alırlar...
   Azərbaycanda bədii parça istehsalı ilə bağlı bəzi araşdırmalara da nəzər saldım... Məlum etdim ki, bu xalq sənəti Hindistandan Yaxın Şərqə və daha uzaq ellərə yayılıb. Yunan tarixçiləri Heredot, Strabon əsərlərində göstəriblər ki, Qafqazda basma üsulla parçalara naxış salınır...
   Göründüyü kimi, basma naxış sənəti uzun bir inkişaf yolu keçib.Bir bədii irs kimi ənənəvi istehsal üsulu xüsusiyyətini daşıyıb. Onu da deyim ki, respublikamızın bu ucqar yaşayış məntəqəsində kəlağayı istehsalı indinin özündə də davam etdirilir. Eyni zamanda bu incə və olduqca çox çətin sənətin sirləri yeni nəslə öyrədilir...
   Həmsöhbətlərim onu da qeyd etdilər ki, XIX əsrin ikinci yarısına qədər xalq sənətinin başqa sahələrinə nisbətən kustar basma naxış istehsalında tənəzzül hiss olunmayıb. Lakin XX əsrin əvvəllərində, xüsusilə zəhmətkeş kənd camaatı arasında geniş yayılmış basma kətan parçalar ucuz fabrik parçaları ilə rəqabətə davam gətirməyib. XIX-XX əsrlərdə Gəncə, Şəki, Basqal, Bakı və Şuşada kəlağayı istehsal olunub. Eyni zamanda milli baş örtüyü kimi aşıqların qoşmalarında vəsf edilib.    

   Başına örtübdür kəlağayı gəzər,
   Əyri tel üstündən qızıl düymələr.
   Belinə yaraşıb zərbafdan kəmər,
   Çəpkənli, çarqatlı ağ bədən gəzər
   (A.Tufarqanlı )
   
   Gah zaman başına tirmə şal bağlar,
   Gah olur ki, zülf gizləyib, xal bağlar.
   Kəlağayı qabağına al bağlar
   Yaşılın altından, ağın üstündən,
   (M.P.Vaqif )
   
   Azərbaycanda basma naxış kəlağayı istehsalının maddi əsaslarından biri boyaq bitkisidir. Eyni zamanda onun yaranmasında və inkişafında xalq milli geyimlərinin müəyyən rolu olub... Ümumiyyətlə basma naxış kəlağayılar iki cür olur: yeləni kəlağayı və heratı kəlağayı.
   Yeləni kəlağayı. Bu kəlağayıların əsas bəzəyi haşiyələrdən ibarətdir. Ona görə də xalq arasında bunlara “yeləni kəlağayı “ deyilib. Kəlağayılar çox zaman istehsal yerinə və bədii - texniki xüsusiyyətlərinə görə fərqləniblər. Belə ki, Gəncə, Şəki kəlağayılarının əriş sapı iki cüt (dörd sap), Basqal, Bakı, Şamaxı kəlağayılarının əriş sapı bir cüt (iki sap ) olub. Bu da onun mexaniki təsirə olan davamlılığını göstərib. Ərişi dörd olan kəlağayıların yerliyi sıx, iki sapdan olanlarınkı isə seyrək olub. Bu səbəbdən də xalq arasında kəlağayılara toxunuşuna görə “tafta” və “ələk” yerlikli deyilib və iki qismə ayrılıb. Tafta yerlikli yeləni kəlağayılar ən çox Gəncə və Şəki istehsalına məxsus olubdur.
    Basma naxış kəlağayı sənəti bir çox peşələrin sintezindən ibarətdir. Burada əyrici, toxucu, boyaqçı və naxışbasma iş üsulları birləşir. Bunlar bir müəssisədə ya ayrı-ayrı peşəkar ustalar, yaxud da peşəkar bir usta tərəfindən icra olunur...
   Yeləni kəlağayıların yerliyi əsas etibarilə qara, qırmızı, ağ rəngdə işlənilir. Bəzilərinin sahəsi bütünlüklə naxışlı olur. Kəlağayıların xalq arasında “qoşayeləni” adı ilə yayılmış növü də var. Bu növ kəlağayılar Şəki istehsalında daha çox yer tutur... Yeləni kəlağayılara bənövşəyi, tünd-qırmızı rəngli üç gül, xal, xırda buta, qazayağı və dalğalı xətt kimi sadə motivlər tətbiq edilir. Ümumiyyətlə “yeləni “ adı ilə tanınan milli baş örtüklərinin ara sahəsi bəsit naxış ünsürləri ilə zənginləşdirilir.
   Baş örpəyi kimi tanınan və naxışları ilə yeləniyə nisbətən zəngin olan ikinci qisim kəlağayı növünə Heratı kəlağayı daxildir.
   Heratı kəlağayılar tarixən İsmayıllı rayonunun Basqal, Bakının Xilə kəndlərində toxunub. Bu kəlağayıların toxunuşu seyrək olub, bəzəyi ilə səciyyələnib. Tərtibatında nəzərə çarpan quş, buta, balıq kimi arxaiq motivlər xüsusi yer tutur. Eyni zamanda mərkəz hissəsində dəyirmi xonçanın verilməsi onu yeləni örtüklərdən fərqləndirir. Xalq ustaları belə irinaxışlı xonçanı “məcmeyi-gül” adlandırıb.
   Qəhvəyimtil- sarı, qırmızı rəngli Heratı kəlağayılarda bitki, quş motivlərinin şərti təsvirləri geniş yer tutur. Çox vaxt kəlağayılardakı bədii formalara təbiətdə çox az təsadüf edilib. Bu da xalq ustalarının geniş bədii təfəkkürünün məhsulunun olduğunu göstərib...
   Biz yaxşı musiqi və lirik şeirdən ala bildiyimiz zövqü çox vaxt rəngarəng naxışlı əsərlərdən də ala bilirik. Bu sadə, lakonik bəzək tərtibatına malik Şirvan növlü kəlağayılara da aid edilib. Bu növ baş yaylıqları müxtəlif ölçüdə və bəzəkdə istehsal olunub. İşlənmə yerinə görə kəlağayının “yaşmaq” (Şamaxı) və “istotu “ (Şuşa) adlanan növləri də olub. Bunlar nisbətən sadə bəzəyə malik olublar...
   Beləliklə, deyə bilərəm ki, qısa jurnalist araşdırmamla basma naxış sənəti barədə müəyyən bir fikir söyləyə bildim. Bununla da, elə bilirəm oxucularda Azərbaycan kəlağayıları haqqında müəyyən təsəvvür yaratmış oldum...
   
   Savalan Fərəcov







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar