«Murad darvazası» və ya «Şərq darvazası». İçərişəhərin Şərq tərəfində tikilən bu abidə Şirvanşahlar dövləti devrildikdən sonra türklərin Bakıda olmasının yeganə nümunəsidir. Abidənin maraqlı tikilmə tarixçəsi var. Şirvanşahlar saray kompleksinin yeganə XVI əsr abidəsi olan bu portal türklərin Bakıya hücümü zamanı Osmanlı imperatoru III Murad tərəfindən tikilib. Ona görə də abidəyə «Murad darvazası» da deyilir. Tikili üzü küçəyə doğru açılan portalladan ibarətdir. Digər saray portallarına nisbətən onun girişi çox böyük olduğundan onu darvaza adlandırmaq mümkündür. Memarlıq baxımından portal divanxana və saray türbəsi üslubunda tikilib. Abidəni Təbrizdən gələn memar inşa edib.
   Portalın yuxarısında ərəb dilində yazılmış kitabədə deyilir: «Bu imarəti Ulu Rəcəb - Baba Bakui ədalətli və böyük sultan- Sultan Murad xanın hökmranlığı dövründə tikdirməyi əmr etmişdir, h.994-cü il (1585-1586). Kitabənin hər iki tərəfində nəbati naxışlı xonça var. Kitabədən göründüyü kimi, portal hansısa imarətə giriş məqsədilə inşa edilib. Lakin həmin imarət hansı səbəbdənsə tikilməyib və ya onun yalnız darvazası bizə yadigar qalıb.
   Stalaktitlərin arasında yerləşmiş iki panno üzərindəki yazı da diqqətçəkəndir. Yazı daş üzərində oyma üsulu ilə yazılıb. Bu yazıda biz portalı inşa etmiş memarın adını öyrənirik: «Ustad-sənətkar Əmirşah Vəlyankuhinin darvazası». Portal ansamblın digər tikililərinin portalları ilə bir çox ümumi cəhətə malikdir; onlar eyni daşdan tikilmiş, analoji olaraq bəzədilmiş, stalaktit qurşaqları yarımqövslə tamamlanıb. Lakin o, giriş keçidinin ölçü və formasına, kitabələrinin yerləşdirilməsi xüsusiyyətlərinə, detalların proporsional mütənasibliyinə görə də fərqlənir. Portal ansamblının digər portallarının ümumi stil və bədii dekorativ kompozisiyalarının ruhunu qoruyub saxlasa da, onda inşaat sənətindəki tənəzzülün əlamətləri nəzərə çarpır. Memar ansamblın yekrəngliyini qoruyub-saxlamağa çalışsa da, siyasi hadisələrlə dolu olan o dövrün memarlığındakı tənəzzülün təsirindən qaça bilməyib. Məsələn, sarayın digər tikililərinə nisbətən portalın daşları keyfiyyətsizdir, üzərindəki ornamentlər isə daha azdır. Bu da həmin dövrdə cərəyan edən saysız-hesabsız müharibələrə və hərbi əməliyyatlara görə idi. Bakı çar Rusiyası tərəfindən işğal olunduqdan sonra bir müddət rus qoşunları sarayda yerləşdirilmişdi. O zaman darvazadan qoşunların girişi və çıxışı üçün istifadə olunurdu.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə “Şərq darvazası” ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar