Qasımbəy Cümə məscidinin 114 yaşı var. Qədim memarlığı özündə yaşadan tikili neft bumunun meydana gəldiyi dövrdə - 1892-1896-cı illərdə sayılıb-seçilən Bakı milyonçularından olan Hacı Qasımbəyin vəsaiti ilə tikilib. İmkanlı şəxs olan Qasımbəy öz hesabına həm Maştağada (əslən bu kənddən olub), həm də Bakı şəhərində xeyli sayda hamamlar və bir neçə başqa abidələr tikdirib.
   Ümumi sahəsi 330, içəri sahəsi 250 kv. metr olan məscid sovet hakimiyyəti qurulduqdan 1992-ci ilə qədər fəaliyyət göstərməyib.
   Memarlıq quruluşu baxımından maraq doğuran Qasımbəy Cümə məscidinin tək minarəsi var, hündürlüyü 31 metrdir. Minarənin aşağı hissəsi düzbucaqlıdır və eni 2,5 metrdir. Minarənin bu hissəsinin hündürlüyü 6 metrdir. Ondan yuxarı dairəvi kəmər və daha sonra onun dairəvi formalı üstü ucalır. Minarə yonulmuş daşlarla tikilib, şərəfənin aşağı hissəsi üçqat stalaktitlərlə işlənib. Ondan aşağı hissədə isə ərəb əlifbası ilə Quran ayəsi yazılıb. Məscidinin memarı Məşədi Mirzə Qafar İsmayılovdur.
   Əsas giriş qapısının sol tərəfindəki divarda mehrabşəkilli 5 pəncərə var. Pəncərələr taxtadan olub, hündürlükləri 3 metrdir.
   Qasımbəy Cümə məscidinin əsas ibadət zalının giriş qapısının üstündəki eyvan qadınlar üçün nəzərdə tutulub. Şöbəyə giriş üçün həyətdən pilləkən qoyulub.
   Məscidin əsas ibadət zalı dörd böyük sütun üzərində dayanıb. Sütunların qalınlığı 1 metrdir. Sütunlar bütöv daşlardan olub, on iki nəhəng tağda əlaqələnib.
   Məscidin günbəzinin diametri 6 metrdir. Günbəzdə səkkiz düzbucaqlı qoyulub. Günbəz və tağlar həndəsi və nəbati ornamentlərlə işlənib. Günbəzin tağlar qovuşan hissəsində daş üzərində dairəvi formada ərəbcə «Kəlmeyi-şəhadət» həkk edilib. Həmin yazı yeddi dəfə təkrar olunur.
   Mehrab məscidin mərkəzi hissəsində yerləşib və üç tərəfində “Cümə” surəsi yazılıb. Qasımbəy Cümə məscidinin axundu Məhəmmədrza Soltan oğlu Hüseynzadə burada bir sıra təmir-bərpa işləri aparıb. 1992-ci ildən məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir.
   Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar