Tarixən insanların məskunlaşdıqları ərazilər zaman keçdikcə şəhərlərə çevrilir. Qədimliyi eradan əvvəllərə gedib çıxan İçərişəhər məhz belə abidələrdəndir. İçərişəhər Azərbaycan şəhər mədəniyyətinin başlanğıcı, nüvəsi, mahiyyətidir. Azərbaycanın baş kəndinin iç dünyasıdır. İçərişəhər bizim qədimliyimizin, kiçik şəhər icmasından böyük şəhər sivilizasiyasına yüksəlməyimizin daşlaşan sübutudur.
   
   Şəhəri dörd tərəfdən əhatəyə alan qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, bu tikililərə bizləri aparan dolanbac küçələr və sairə tariximizin dərin keçmişindən xəbər verir. Biz uzun illərin tarixi mübahisələrinə məhz İçərişəhərdə cavab tapırıq. Tarixçilərin qənaətincə, İçərişəhərin təxminən 4000-5000 il yaşı var. Bu zaman kəsiyi ərzində bir neçə mədəni təbəqə formalaşıb. Təsadüfi deyil ki, şəhər tarixi və mədəni inci hesab edilir. Tarix boyu orada tikilən binalar və çəkilən yollar İçərişəhərdə təkrarolunmazlıq ruhunu yaradıb. Minilliklər ərzində İçərişəhər zamanın sınağından çıxaraq öz orijinallığını və dəyişilməzliyini saxladı. Ötən əsrin 50-80-ci illərində sovet kinematoqrafçıları orta əsrin Şərqini canlandırmaq üçün məhz İçərişəhərdə bir sıra çəkilişlər apardılar.
   Təəssüflər olsun ki, uzun illər İçərişəhəri lazımi səviyyədə qoruyub saxlamalıdır.
   Lakin son dövrlər dövlət səviyyəsində görülən tədbirlər belə demək mümkünsə, qədim abidəni xilas etdi.
   Respublika Prezidenti İlham Əliyevin 2005-ci il 10 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə təsdiq edilib. 2006-cı ilin avqust ayında verilən daha bir sərəncamla müvafiq orqanlara Bakı şəhərindəki tarix-memarlıq abidələrinin təmiri, xarici görünüşünün bərpası, abadlaşdırılması və xüsusi işıqlandırılması üçün zəruri işlərin görülməsi, o cümlədən İçərişəhərin bərpası və qorunub-saxlanması üzrə dövlət proqramının hazırlanması tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2007-ci il 629 saylı fərmanı ilə İçərişəhərə yeni status verildi. Həmin fərmana Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi yaradıldı. Söhbətgedən dövrdə ağına-bozuna baxmadan qədim şəhərin tikililəri sökülür, yerində təzə binalar tikilirdi. Bundan sonra ilk olaraq ərazidə aparılan tikinti işləri dayandırıldı. Bərpa işlərinə start verildi. İçərişəhərdə aparılan bərpa işlərinin prioritet məqsədlərindən biri də bu qədim məkanı beynəlxalq səviyyəli turizm obyektinə çevirmək idi ki, geridə qoyduğumuz üç ildə bu sahədə xeyli işlər görüldü.
   Beləliklə, xalqımızın maddi-mədəni irsinin daşıyıcısı olan İçərişəhərin YUNESKO-nun Dünya İrs Siyahısında unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi və tarixi simasının bərpası istiqamətində bu günə qədər bir çox tədbirlər görülüb və görülməkdədir. Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri haqqında imzalanan sərəncam bu qədim şəhərə göstərilən diqqətin daha bir nümunəsidir. Sərəncama əsasən, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan tarix-memarlıq abidələrinin yerində ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis-kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə 3 milyon manat məbləğində vəsait ayrılıb.
   Beləliklə, tarixi şəhərlərə xas olan turist axınının İçərişəhərə cəlb edilməsi, mövcud potensialdan səmərəli istifadə etməklə beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, ərazidə tarixi irsimizə uyğun şəkildə təmir-bərpa və abadlaşdırma işlərinin davam etdirilməsi məqsədilə bir sıra işlər görüləcək.
   
   Daş döşəmələr
   qəmbərlə əvəz edilir
   
   İçərişəhərin mövcud vəziyyət ilə tanış olmaq üçün ora yollandıq. İlk baxışdan adama elə gəlirdi ki, qədim şəhərin daşlara hopmuş harmoniyası pozulur. Asəf Zeynallı küçəsindəki daş döşəmələr sökülərək qəmbərlə əvəz edilir, yeni və qədim binaların bəzilərində təmir işləri aparılırdı. Kiçik karvansarada təmir-bərpa, Qız qalasında aparılan konservasiya işləri isə artıq tamamlanıb.
   Sərəncamdan irəli gələn işlərin yerinə yetirilməsi ilə bağlı məlumat almaq üçün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri ilə əlaqə saxladıq. O, bəzi məsələlərin müəyyənləşdirilməsinə ehtiyac olduğunu bildirdi: «Mən bu suallara münasibət bildirə bilməyəcəm. Çünki prezidentin sərəncamından sonra bəzi məsələlər müəyyən olunmalıdır. Əvvəla 3 milyon manat bütün şəhərə ayrılıb, tək İçərişəhərə deyil. Onun nə qədərinin İçərişəhərə ayrılacağı hələ bilinmir. Bəzi məsələləri müəyyənləşdirdikdən sonra münasibət bildirmək olar».
   Maraqlıdır, sərəncama uyğun ayrılan vəsait hesabına İçərişəhər Dövlət Qoruğunda hansı binalar söküləcək?
   Rəssam-memar Mirteymur sözügedən sərəcamı təqdirəlayiq hal kimi dəyərləndirdi: «İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarix-memarlıq əhəmiyyətinə malik olmayan tikililəri ümumi bir adla «lazımsız tikililər» kimi ümumiləşdirmək olar. Çünki belə lazımsız, daxmayabənzər, uçulub-tökülmüş tikililər İçərişəhərdə çoxdur. Həmin daxmalarda ya tənha və evsiz-eşiksiz adamlar yaşayır, ya da it-pişik yuvalarına çevrilib ki, bu da antisanitariyadır». Memar belə tikililərin sökülməsinin kor-koranə deyil, peşəkar qaydada aparılmasının tərəfdarıdır: «Bunun üçün YUNESKO və yerli mütəxəssislərdən ibarət komissiya təşkil olunmalıdır. Çünki bəzi adamlar yalnız öz ciblərini düşündüyündən söküntü işlərini kor-koranə də apara bilərlər. Eyni zamanda həmin sökülən binaların yerində yeni üslublu binalar deyil, XIX əsrə uyğun binaları tikilməlidir. Əslində peşəkar memar yeni binanı çox asanlıqla XIX əsr tikilisinə çevirə bilər».
   Mirteymur hazırda Asəf Zeynallı küçəsində aparılan döşmə işlərini müsbət qiymətləndirir: «Orta əsrlərdə İçərişəhərin küçələri qəmbər daşlarla döşənmişdi. İndi belə döşəmə işlərini aparmaqla köhnə şəhərin qədimliliyini özünə qaytarırlar».
   İçərişəhərin su sistemi də hər zaman insanlarda maraq hissi doğurub. Vaxtilə bu quyular elə qurulub ki, suyu təmizlənsin. Bunun üçün quyunun içərisində təmiz yuyulmuş qumdan və çay daşlarından üç-dörd qat yaradılırdı. Ən aşağı qat gil yataq olub. Gil suyu saxlayırdı. Quyuların dərinliyi 4-8 metr, bəzən də 12-14 metrə çatırdı. İndi isə İçərişəhərdə vur-tut 6-7 quyu qalıb. Onların da çoxunda su yoxdur. Bu baxımdan memar hesab edir ki, qədim şəhərdə mühəndis-kommunikasiya işlərinin görülməsi də vacibdir: «Kommunikasiya belə demək mümkünsə, şəhərin qan damarı hesab olunur. 2003-cü ildən bəri İçərişəhərlə bağlı bir sıra sərəncam və fərmanlar verilir. Təəssüf ki, kommunikasiya işləri qeyri-peşəkar aparıldığından onun fəsadları indi üzə çıxır. Ümid edirik ki, prezidentin verdiyi son fərmandan sonra çatışmazlıqlar da aradan qaldırılacaq».
   
   Qədim şəhər
   Yeni ili qarşılayır
   
   
   İçərişəhər Yeni ili qarşılamağa hazırlaşır. 2010-cu ilin gəlişi münasibətilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində bayram tədbirləri keçiriləcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tarixi bir məkanda bayram ab-havasının yaradılması üçün müvafiq hazırlıq işləri görür.
   Artıq İçərişəhərin əsas meydanlarında dekorasiya işləri başa çatmaq üzrədir. Qız qalasının ətrafında təbii şam ağacları əkilmiş və orijinal üslubda bayram lampaları ilə işıqlandırılıb.
   Qoşa Qala qapılarının yaxınlığındakı meydanda da ənənəvi bayram atributlarından istifadə olunmaqla müvafiq işlər həyata keçirilməkdədir. Bir sözlə, bayram günlərində İçərişəhərə gələcək insanların burada vaxtlarını şən və maraqlı keçirməsi üçün hər cür şərait yaradılacaqdır.
   Bununla yanaşı, qoruq idarəsinin təşəbbüsü ilə bayram günlərində Şirvanşahlar sarayında uşaqlar üçün Yeni il şənliyinin keçirilməsi də nəzərdə tutulur. Şah sarayında təşkil olunacaq şənlikdə uşaqları qış mövzusunda maraqlı interaktiv tamaşalar, habelə Yeni il hədiyyələri, müsabiqə və viktorinalar gözləyir. Ümumən, bayram ab-havasını duymaq, İçərişəhərin tarixinin yeni səhifələrini öyrənmək və vaxtlarını mənalı keçirmək baxımından uşaqlar üçün gözəl şərait yaradılacaqdır. Onu da öyrəndik ki, tamaşalardan biri kiçikyaşlı sakinləri üçün təmənnasız təşkil olunacaq.
   Söhbətgedən bu qədim məkanda milli bayramımız Novruzun qeyd olunmasına alışdığımızdan, yeni ilə belə hazırlıq işlərinin getməsi bir qədər təəccüblü görünür. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bunu belə izah edir: “İçərişəhər bir neçə minillik tarixinin növbəti ilini yola salır. Bu tarixi məkanda ənənəvi olaraq qeyd olunan ən mühüm bayram Novruz bayramı olsa da, fikrimizcə, Azərbaycan xalqının tarixi və mədəni irsi olan İçərişəhərin populyarlaşdırılması məqsədilə Yeni il və digər bayramlar da yüksək səviyyədə təşkil olunmalıdır. Şirvanşahlar sarayında uşaqlar üçün Yeni il şənliyinin təşkilində əsas məqsəd İçərişəhər abidələrinə diqqəti cəlb etməkdir”.
   
   Mehparə






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar