Dövlət başçısı İlham Əliyevin 2007-ci ilin 11 aprelində «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları»nın təsdiq edilməsi barədə imzaladığı fərmana uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və sərəncamlara uyğun olaraq «Kitab abidələri haqqında» hazırlanan əsasnamə də bu sərəncamdan irəli gəlir. Bu barədə geniş məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti Şöbəsinin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədovanın sözlərinə görə, qədim kitab və kitab abidələrinin müəyyən edilməsi, siyahıya alınması və reyestrə daxil edilməsi bir vəzifə olaraq onlara tapşırılıb: «Respublikada olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar respublikanın milli-mədəni sərvətini təşkil edir. Onlar xüsusi rejimdə mühafizə olunmalı, xüsusi şəraitdə saxlanılmalıdır. Bu, öz əksini «Kiabxana işi haqqında» qanunun 13-cü maddəsində də tapıb. Məlum sərəncamdan irəli gələn tələblərə uyğun olaraq qədim kitab və kitab abidələrinin qorunması, saxlanması və mühafizəsi ilə bağlı «Kitab abidələri haqqında» əsasnamə hazırlanaraq nazir Əbülfəs Qarayev tərəfindən təsdiq olundu. Həmin sənəddə nadir kitablar müəyyənləşdirildi. Bununla əlaqədar yaddaş kitabçası və xüsusi formalar da hazırlanıb».
   Sektor müdiri reyestrin tərtibi prosesinin gedişatından söz açdı: «Şəhər və rayon mədəniyyət turizm şöbələrinə, idarələrinə, tarix-diyarşünaslıq muzeylərinə, digər nazirlik və dövlət komitələrinə, həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məktublar göndərilib. Xüsusi qeydiyyat formasında müəllifin adı, soyadı, nəşrin adı, nəşr yeri, ili, həcmi, forması, materialı, kitabın fiziki-kimyəvi və texnoloji vəziyyəti, onun kitabxanaya və yaxud muzeyə daxil olma tarixi, qısa annotatsiyası, nüsxələrin sayı öz əksini tapıb. Əlbəttə ki, ilk əvvəl diyarşünaslığa, yəni azərbaycanşünaslığa, qafqazşünaslığa aid kitablar müəyyən olunub, eyni zamanda müəllifi azərbaycanlı olan kitablar seçilib. Çünki bunlar bizim üçün daha qiymətlidir». Bu işin prosesin birinci mərhələsi olduğunu deyən Lətifə xanım, belə kitabların, adətən, nadir fondlarda mühafizə edildiyini diqqətə çatdırdı.
   L.Məmmədovanın sözlərinə görə, bu günədək təxminən 3 500-ə yaxın belə kitab abidəsi aşkar olunub və onların təxminən 1 300-dən çoxu Mədəniyyət və Turizm Nazirliyi sisteminə aid kitabxanalardadır: «Muzeylərdə və şəxsi kolleksiyalarda olan kitablar var. Ən çox kitablar Prezident Kitabxanasında, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, BDU-nun Elmi Kitabxanasında aşkar olunub».
   Lətifə xanım onu da bildirdi ki, kitabxana işi sektoru tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasına maraqlı təkliflər təqdim edilib: «Bu kitab abidələrinin surətlərinin çıxarılması və onların elektron informasiya daşıyacılarına köçürülməsidir. Hər dəfə qədim kitabı və yaxud əlyazmanı istifadəçiyə verməmək üçün onun elektron variantının hazırlanması müsbət hal olardı. Toxunulmaz fondun yaradılması, xüsusi bərpaya ehtiyacı olan nadir və unikal nəşrlərin konservasiyası, bərpa və konservasiya mərkəzinin yaradılması, nadir nəşrlərin DVD diskinin hazırlanması da təkliflər sırasına daxildir».
   
   Mehparə







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar