Ötən ilin ən maraqlı hadisələrindən biri də saz sənəti və Novruz bayramının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi oldu. Təbii ki, Azərbaycan mədəniyyətinin, folklorunun dünyanın bu cür nüfuzlu təşkilatlarından birində rəsmən qeydə alınması və təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mədəni sərvəti elan olunması bizim üçün əvəzolunmaz hadisədir.
   
   Saz sənəti sovetlər dönəmində öz ilkin mahiyyətindən uzaqlaşdırılaraq kütləvi təbliğat vasitəsinə çevrilmiş, ideologiyanın yorulmaz məddahı olan sazçalanların ixtiyarına verilmişdi. Əmrah Gülməmmədov, Aşıq Kamandar kimi böyük sənətkarlar az qala qaçaqlar sayaq uzaqlarda gəzib dolaşırdılar. Sinəsindən ürfan mətləbləri çözülən, danışığından “dürrü-gövhər süzülən” ustadlar onsuz da insanın əbədi duracağı olmayan bu dünyada daha da qərib, daha da kimsəsiz sayırdılar özlərini. “İşıqlıdır lampaları kolxozun” misrası “Yeri dağlar, sənə mehman olmanam/Dağlar, əsirgədin qarı da məndən” kimi “bədbin, xoşbəxt sovet vətəndaşının gün-güzəranı ilə üst-üstə düşməyən” misraları sıxışdırıb divara dirəmişdi. Ustadların qucağındakı saz sanki min illik, milyon illik dünyanın qayım-qədim dərdlərinə deyil, həm də bu rüsvayçılığa ağlayır, incə, xumlu, sızıltılı melodiyaları ilə ürəkləri pörşüləyirdi.
   Müstəqillik bəlkə də ən çox sazın bayramı oldu. Azərbaycan özünü əzablı basqılardan məhz sazla qoruya bildi. Saz min illərin mirasını, bizim kimliyimizi, kimsəsizliyimizi adladıb gətirə bildi əsrlərin o üzündən. Çətin gündə, bərk ayaqda sinəsi orden-medallı gavurlara deyil, dağlara sığındı, öz millətindən, el-obasından olan qaçaqların-quldurların könlünü oxşamağı yad boyunduruğu altına girməkdən üstün tutdu. Saz təslimiyyət bilmir! Əksinə, ürəyi daş insanların içində haqq nurunu pərvazlandırıb öz cazibəsində dolandırmağı bacarır... Saz Tanrının ona bəxş etdiyi missiyanı heç zaman unutmadı. Ancaq arada şeytan dürtməsinə də urcah oldu.
   Ulu Göyçənin aqibəti, Borçalının sərhəddin o tayına salınması, nəhayət, Zəngəzur mahalının qalan torpaqlarının viranəyə çevrilməsi saz sənətinin tərəqqisinə vurulan amansız baltalar idi. Evindən təkcənə sazını götürüb qaçan kənd aşıqları “Qüdrətdən səngərli, qalalı dağlar” misrasını unudub, Qarabağın, Gəncənin, Bakının, Sumqayıtın miskin çayxanalarında ağlaya-ağlaya qaçqınlıq, didərginlik şərqiləri oxumağa başladılar. Bəzən sərxoş beyinlərə hesablanan dıydıq melodiyalar ifa edib yanbız atdılar, təlxəklik etdilər, bəzən isə yerdən də, göydən də bezib sazı duyğusuz peysər sahiblərinin təpəsinə çırpdılar, yaxalaşdılar, dalaşdılar, bıçaqlandılar, öldürüldülər... Stalin kimi despotun ət maşınından salamat çıxan, Dəlidağın, Murovun ətəyində qaçaq həyatı sürə-sürə “fərman padşahındı, dağlar bizimdi” deyib öz vüqarını qoruyan sazı 90-cı illərin absurd Azərbaycan həqiqətləri ucuz kababxanaların nəğməkar dilənçisinə çevirdi. Şükür Ələsgəri yaradıb ona kəramət verən Xudanın böyüklüyünə ki, bu rəzalət uzun sürmədi.
   Biz sazı olduğu kimi dünyaya tanıdıb qəbul etdirə bildik. İndi qalır etimadları doğrultmaq! Bəs bu istiqamətdə işlər necə gedir? Gəlin bir balaca səbirli və həm də obyektiv olaq...
   İlk öncə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Aşıqlar Birliyinin qurultayının keçirilməsini və bu birliyin demək olar ki, təzədən yaradılmasını təqdirəlayiq fakt kimi qeyd etməyə ehtiyac duyduq. Xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinə sədr seçilməsi də tərəqqini şərtləndirən əsas faktlardan biridir. Şübhəsiz ki, bu yerə real namizəd ola biləcək adamlar arasında saz-söz sənətini Zəlimxan Yaqub qədər yaxşı bilən, eyni zamanda bu sənətlə məşğul olan insanları yaxından tanıyan, onların problemlərini başa düşən, anlayan ikinci bir şəxs yox idi. Şair Aşıqlar Birliyinin rəhbəri kimi canla-başla çalışdı və çalışmaqda davam edir.
   Bu gün artıq Aşıqlar Birliyinin binası da var və üstəlik saz sənəti on-on beş il əvvəlin muğamı kimi Avropa səhnələrində ilk ciddi addımlarını atmaqdadır. Amma...
   Məncə, bu günlər sazın ən həssas məqamıdır. Hamımız, xüsusilə Azərbaycan efiri sazla bağlı verilişlərində xüsusilə ehtiyatlı olmalıdır. Doğrudur bu gün sazın türklər demiş, söz konusu olmasında telekanalların rolu böyükdür. Ancaq hər an, hər zaman diqqət etmək lazımdır ki, biz kiminlə və nə cür təbliğ edirik bu sənəti? Yəni bu təbliğ, məsələn, elə bu yaxınlarda telekanalların birində sənət adamları və palatka toylarının azarkeşləri arasında balabançalan kimi tanınan, eyni zamanda çalıb-oxumağın daha qazanclı olduğunu görüb aşıqlığa girişən Sərdar adlı eloğlumuzun «deyişməsi» kimi olmasın.
    Sizə deyim, bu cür şit deyişmələri səhnəyə gətirən Telli Borçalı ilə Aşıq Altay oldu. Guya ki, maraqlıdır... Belə nömrələr, sazdan başı çıxmayan, ümumiyyətlə bu alətin nə olduğunu anlamaqda xroniki əziyyət çəkən insanlarda epizodik maraq yaratmaq üçündür. Sizcə, bu maraqdan ötrü əsl xiridarların əsəbləri ilə oynamağa, sazı heç vaxt dinləməyəm insanlarda bu sənət haqda belə təsəvvür yaratmağa dəyərmi? Bəlkə Borçalıdan olmağına baxmayaraq Telli xanım bütün bunları bilmir, klassik sənətin nə olduğunu anlamır, bəs telekanallara nə düşüb ki, bu biabırçılığı tirajlayıb bizi rüsvayi-cahan eləyir. Qardaşım, adam bir-iki kitab oxuyar, bilmədiyi üç-dörd sözdən ötəri lüğətə baxar... Adını çəkdiyim və çəkmədiyim bir çox aşıqları dindirəndə adam özü xəcalət qalır... “Divani”ni “Qoşma”dan, “Təcnis”i “Gəraylı”dan ayıra bilməyənlər, şeirdə intonasiya, ritm və təqt bölgülərindən başı çıxmayan insanlar necə də saz götürüb efirə çıxır, yekə-yekə söhbətlərə girişirlər. Bütün fəaliyyətləri toya hesablanmış bu korafəhm yanşaqları adam içinə çıxarmaq mümkün deyil. Eynən estradamızın ömründə bir kitab oxumayan, saiti samitdən ayıra bilməyən ifaçıları kimi...
   Hələ Pünhan adlı bir şair peyda olub! Çox təəssüflə qeyd etmək istərdim ki, o efirə yol tapıb. Öz müasirinin, hansısa vəzifədə işləyən şairin beş-altı bəndini əzbər bilmək, hələ şeiri bilmək deyil. Səsinin tembri, misraların üzərinə saldığı məntiqi vurğu, özünün öz dediklərinə dayazcasına heyranlığı ortabab toy tamadalığından o yana keçməyən Pünhan əfəndinin canlı efirdə saz sənətindən, ciddi sözdən danışması üçün, yumşaq desək, uzun illər lazımdır.
   Dünyanın bizə doğru üz çevirdiyi bir zamanda bizim özümüzün özümüzə belə münasibətimiz şəxsən mənim üçün anlaşılan deyil. Bax, elə qorxulu olan tərəfi də budur. Saza “buyur” deyilir... Əgər o, muğamın Əlibaba Məmmədovu, Arif Babayevi kimi ustadların (oxu Ədalət Nəsibov, Əli Quliyev və s.) əlindən su içən həm istedadlı, həm elmli gənclərlə təqdim olunmasa yenə də Aşıq Yediyarın və Kamran Həsənlinin ümidinə qalacaq...
   Adam işıq gələn yerə barmaq tıxamaz!
   
   Şərif







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar