Xalq yaradıcılığı paytaxtları
Qədimliyi qədər milli-mədəni ənənələri ilə zəngin Azərbaycan torpağı...
Bu torpağın hər qarışı ta qədimdən bu günə qədər öz folkloru, sənətkarlıq ənənələri ilə diqqət mərkəzində olub. Avropa və Asiyanın kəsişmə nöqtəsində qərar tutan Azərbaycanın hər bir regionu öz ənənəsi ilə tanınıb. Gəncə, Qazax, Şəki, Naxçıvan, Lənkəran və eləcə də digər bölgələrimiz bir-birindən müxtəlif xüsusiyyətləri ilə fərqlənib, müxtəlif məktəb ənənələri formalaşıb. Regionlarımızda formalaşan qədim ənənələri daha yaxşı təqdim etmək, tanıtmaq üçün Mədəniyyət və Turizm Nazirliyi yeni bir layihəyə - “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına start verib. Bu illər ərzində Gəncə - Azərbaycanın əfsanələr, Qazax - folklor, Şəki - sənətkarlıq paytaxtları elan edilib.
Bununla əlaqədar 2010-cu il ərzində nominasiya üzrə, Gəncədə milli mərasim, adət-ənənələr, şifahi xalq yaradıcılığı və milli oyunlar, Qazaxda xalq musiqisi rəqsləri və teatr, Şəki şəhərində isə xalq tətbiqi sənəti, ənənəvi dekorativ-tətbiqi sənəti və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Qədim tarixli müasir şəhər...
Yaranışı əfsanələrlə, tarixən, formalaşması həqiqətlərlə dolu qədim Gəncə... Ulu tariximizin zəngin səhifələrini vərəqlədikcə, bu şəhərin özəl izləri ilə rastlaşır, dünyəvi səs-sədalarını eşidir, mədəni-mənəvi nəfəsini hiss edirik. Dahi Nizaminin vətəni, qədim maddi-mədəniyyət abidəsi olan Gəncə həm də Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. «Gəncə» adının etimologiyası, hansı anlamı bildirməsi haqda elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Tədqiqatçılardan bir qrupu onun pəhləvi (parfiya) sözü olan «gəncə» - yəni «xəzinə», bir qismi geniş, böyük mənasına gələn «gencə», digərləri isə əsgi türk tayfalarının - hunlar və gəncəklərin adı ilə bağlı olması versiyalarını irəli sürürlər.
Bu sözün ilk komponenti "qan", "kan", "kaan", "xan" türk dillərində hakim, sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan - ca (-cə, -ça, -çə) Azərbaycanın tarixi ərazisində çox geniş yayılaraq, məkan, yer, yurd anlayışlarını bildirir. Belə qənaətə gəlmək olar ki, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı", "xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını da verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində (Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə) saxlanmışdı.
Hələ ötən əsrin 40-cı illərində, arxeoloji qazıntılar zamanı tədqiqatçılar belə bir fikrə gəlmişdilər ki, Gəncə ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl var idi. VII-VIII əsrlərdə Gəncə Arranın paytaxtı Bərdədən sonra beynəlxalq ticarətdə mühüm rol oynamağa başlayır, burada ağır-ağır karvanlar dayanırmış. X əsrdən başlayaraq (yəni Bərdə paytaxt statusunu itirdikdən sonra) Gəncə ölkənin ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Şəhərin həyatında ticarət və sənətkarlıq mühüm yer tutur. Ölkənin paytaxtı kimi formalaşdıqca Gəncənin hərbi müdafiənin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, onların ətrafında xəndəklər qazılmışdı.
X əsrin ortalarında Gəncə Şəddadilərin paytaxtı oldu. 1063-cü ildə dəmirçi İbrahim Gəncənin məşhur qapısını düzəltdi. Gəncə mühüm mərkəzə çevrildikcə ərazisi böyüyür, yeni ticarət və sənaye məhəllələri salınırdı. Burada ipəkdən hazırlanan müxtəlif məmulatlar nəinki yerli, hətta xarici bazarların da diqqətini cəlb edirdi. Gəncə, həmçinin, dini mərkəz də hesab olunurdu. Qətran Təbrizi şəhərin həmin dövrü haqqında belə yazırdı: «İndi Gəncə cənnət diyarına çevrilib».
Gəncənin tarixi ilə bağlı başqa bir hadisə 1139-cu ilin sentyabrın 25-də baş vermiş güclü zəlzələ idi. Nəticədə Kəpəz dağı uçmuş, təpələrdən, yamaclardan axan xırda çayların qarşısını kəsmiş və təkrarsız gözəlliklər - Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl gölləri yaranmışdı.
Gəncə əsrlər boyu Azərbaycan milli ruhunun aynası, onun mənəvi dəyərlər sistemini formalaşdıran məkan olub. Gəncənin sonuncu hakimi Cavad xan Ziyadoğlu-Qacarın, ərazisini genişləndirməkdə olan böyük İmperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız döyüşlə cavab verməsi də nə ötkəm əmir inadkarlığından, nə də taxt-tacını hifz etmək naminə bir çox «həmkarları» kimi «vaxtında» sövdələşmələr apara bilməməsindən deyil, məhz Gəncənin bu güclü milli-mənəvi, mühafizəkar mühitinin özgürlük məntiqindən doğurdu.
Azərbaycan türklərinin əski miflərinin böyük sənət daşıyıcılarından olan «Əsli və Kərəm» dastanı da məhz bu torpağın ruhundan doğulub.
2500 il yaşı olan və hər addımında əfsanəvi və real mənzərə-məkanlarla qarşılaşdığımız Gəncə doğrudan da əfsanələr gerçəkliklər diyarıdır.
«Bura Vətəndir - əzəl Şəkidir»...
Azərbaycanda ən böyük mədəniyyət, sənət və ticarət mərkəzlərindən biri - Şəki. Amfiteatra bənzədilən Şəki. Baməzəliyi də pitisi, halvası kimi şirin-şəkər Şəki...
2700 il bundan əvvəl əsası qoyulan bu şəhər öz tarixi abidələrini, təbii tərtibatını, erqonomik sifətini yaxşı vəziyyətdə qoruyub saxlaya bilib. Onun adı Azərbaycan toponomikasında e.ə. VII əsrdən görünməyə, yazı-pozuya düşməyə başlayıb. Şəhərin adı bu ərazidə yaşayan sak tayfalarının adından götürülüb (Saklar - Saki - Şəki). Əcnəbilər Şəki haqqında deyirlər ki, İsveçrə dünyada saatı ilə necə tanınırsa, Şəki də öz ipəyi ilə məşhurdur.
Bəli, bu şəhər ən gözəl sənətkarlıq nümunələrindən olan ipək toxuculuğunda daha məşhur idi. Səyyahlar Şəkini hətta Fransanın məşhur ipəkçilik mərkəzi olan Liona bənzədir, bu şəhəri Qafqazın Lionu adlandırırdılar.
XVIII əsrin ikinci yarısında yenidən tikilmiş Şəki şəhəri özünəməxsus vahid üslubu, yerli təbiətin gözəlliyi ilə çulğadılıb-qovuşdurulmuş memarlığıyla fərqlənir. Dərə-təpəli relyefdə yerləşmiş, səciyyəvi, kərpic və çay daşlarından tikilmiş dərin eyvanlı, axarlı-baxarlı binalar Azərbaycanın bu varlı ipəkçilik bölgəsinin sosial-iqtisadi inkişaf xüsusiyyətlərini də əks etdirir. Feodal parçalanmaları, tez-tez baş verən döyüşlər nəticəsində şəhərsalmada müəyyən tənəzzüllər yaratsa da, müdafiə istehkamları, xan istinadgahları, yerli hakimlərin sarayları, maraqlı yaşayış məskəni tipləri, karvansaralar, hamamlar, məhəllə məscidləri kimi tikililər şəhərin sonrakı inkişaf mərhələlərindən xəbər verir.
Şəkidə nəsildən-nəslə keçən xalq inşaatı ənənəvi üslubunda yaradılmış müxtəlif yaşayış və başqa təyinatlı binalar özünəməxsus xarakterik yerli bədii-tikinti ənənələrini əks etdirir. Bu təsirin səmərəliliyi Azərbaycan memarlığında müasir mütərəqqi bina tiplərinin inkişafına da ciddi təsir göstərmişdir.
Dövrünün ən gözəl incilərindən sayılan, bütün şəkililərin fəxr etdiyi Şəki Xan sarayı 1762 ci ildə tikilmişdir. Maraqlıdır ki, onun inşasında bir dənə də mismardan istifadə edilməmişdir. Qala-mühafizə divarları ilə əhatə olunan Xan sarayı ikimərtəbəli, altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Binanın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişik yan otaqlar var. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında «xanişin» adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geydirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla, 5 min, mürəkkəb yerləri 14 min ağac və şüşə şəbəkədən ibarətdir. Bu saray Dünya mədəniyyəti irs siyahısına daxil edilib.
Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.
Şəkili zərgər, dulusçu, nəqqaş və şirniyyatçılar tarixən nəinki təkcə Azərbaycanda, həmçinin xaricdə də məşhur olmuşlar. Avropa bazarlarında, xüsusilə, Venesiya, Yaponiya və Çində Şəki ipəyi yüksək dəyərləndirilmişdir.
Şəki ustaları şəbəkəli pəncərələrin hazırlanması sahəsində də məşhur idilər. Bir sözlə, Şəki öz sənətkarlıq nümunələri ilə əsl sənətkarlıq mərkəzidir. Şəki bu gün də sənətkarlıq ənənələri davam edir.
Keçmişimizə bənzər şəhər...
Şairlər, aşıqlar məskəni Qazax. Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun yurdu - Qazax.. Ona Azərbaycanın «qərb qapısı» da deyirlər. Elə bəlkə bu səbəbdən ən maarifçi rayonlarımızdan sayılır. Daha çox «şairlər vətəni» hesab olunsa da, Azərbaycan elminin və hərb sənətinin bir çox parlaq simaları da məhz bu yurdun yetirmələridir. Tarixçi-toponomistlərin fikrincə, Qazağın əsası VIII əsrdə sərkərdə Mərvan ibn-Məhəmməd tərəfindən qoyulub. XV əsrin sonlarında isə Qazax sultanlığı yaradılıb. Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik edib. Birinci nəslə «Qazaxlı», «Alaqazaxlı» deyilən Şıxlinskilər tayfası aiddir. Türk sultanı III Əhmədin dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə, Səfəvilər yenidən Qazağı geri alarkən «Qazaxlı» tayfası rəhbərlikdən uzaqlaşdırılır və iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazağa sultan təyin edilir.
Aşıqlar yurdu kimi də tanınan Qazaxda Aşıq Sadıq, Dərya Məhəmməd, Aşıq İslam, Aşıq Avdı, Aşıq Mirzə kimi ünlü sənətkarlar yaşayıb. Son zamanlaradək Qazaxda bütün kənd şənliklərini və toylarını aşıqlar aparardı. Onların xüsusi məclisi qurular, aralarında deyişmələr olar, ibrətamiz fikirlər səsləndirilər, sonda bir aşıq digərini qıfılbənd edərdi. O vaxtın toyları 3, 7, bəzən 40 gün çəkirmiş. Elə aşıqlar olub ki, ayaqlarını zərblə yerə vurub səsini zilə çəkəndə lampalar titrəyib sönərmiş. Deyişmələr bədahətən, sinədən gələrdi. Aşıq yaradıcılığında deyişmə əvvəlcə sazın öz kökü üstündə, sonra isə açıq-ifaçının oxusu üstündə gedir. Ən axırda küplə biləyi birləşdirən "beçə pərdə" üstündə deyişirlər. Kim beçə pərdədə oxuyardısa, ən uca səsli, ən gur nəfəsli aşıq hesab olunardı. Daim sadə xalqa yaxın olan, onların dərdini öz dərdləri, sevinclərini öz sevincləri bilən aşıqlar illər uzunu sinələrindəki sazı dilləndirməklə şeiri musiqiyə çevirib sadə insanların dərdinə də, sevincinə də şərik olublar.
Aşıq sənəti 2009-cu ilin 28 setyabr-2 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı təşkilatın Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. Sözsüz ki, bu uğurda Qazax aşıqlarının da payı var.
Folklor ənənələrimiz sübut edir Qazaxda Azərbaycan türklərinin folklor örnəkləri, adət-ənənələri ilə yanaşı, həm də idmanın bir sıra qədim və müasir növləri inkişaf etdirilmişdir. Bunlar, əsasən, toy günləri, bayram şənlikləri (Novruz bayramı), yaylağaçıxma və aranaqayıtma günlərində həyata keçirilirdi. Qazağın ən qədim yarış oyunları sırasında at belində papaq oyunu, müxtəlif pəhləvan oyunları (daşqaldırma, ağacsındırma, pudluq daşların havada atılıb tutulması), yalağasalma, dirədöymə, kəndirbazlıq, at sürmək, milli güləş, sapanddan daş atmaq, tüfəngdən atəş açmaq, ox atmaq, çayda və göldə yastı daş süzdürmək, ağaca çıxmaq, dağa dırmaşmaq və s. sadalamaq olar.
Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz mərasimlərindən əlavə, sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa və sənət növlərinə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrimizdə belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb. Pəhləvan xalq ruhundan doğan real bir obraz idi. O, zorxanaya çıxanadək bərkdən-boşdan keçir, sözün əsl mənasında yetkinliyə çatırdı. Qazaxda zorxana xalq milli oyunları ən çox Novruz bayramı mərasimlərində, meydan tamaşalarında keçirilir.
Hər bir xalqın tarixinin və mədəniyyətinin ərəfəsi, həmçinin başlanğıcı onun mifologiyası ilə təsdiqlənir. Bu baxımdan Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrimizin qorunub saxlanılmasında Qazax rayonunun rolu əvəzsizdir.
Mehparə