Təbiətin oyanışından xəbər verən bahar, ülvi niyyətlər bayramı olan Novruz Azərbaycan torpağına qədəm qoyur. Xalqımız əsrlər boyu yaddaşlara yoldaş olan bu bayramı bir-birindən maraqlı ayin, etiqad və mərasimlərlə zənginləşdirib.
   
   Novruzu azərbaycanlılardan başqa, türk, fars, Orta Asiya xalqları da geniş qeyd edir. Lakin həmin xalqlarda bizdəki kimi mərasimlər kompleksi yoxdur. Məsələn, çərşənbələr Şimali Kiprdə martın 9-da qeyd olunur. Türkmənlər, özbəklər və taciklərdə də bizlərdə olduğu kimi çərşənbələr var. Bizdəki İlaxır çərşənbələri onlar "çərşənbə suri" adlandırırlar. Habelə, Pakistanda və Hindistanda yaşayan xalqlar da Novruz bayramını qeyd edirlər. Onlarda bu bayram "Çeşmi bahara" adlanır. Slavyan və digər Avropa xalqlarında bu mərasim zaman etibarilə bizim bayramla eyni vaxta düşmür. Amma onların da icra üsullarına görə Novruz bayramı adı ilə təşkil olunan bayramları var. Onların bu bayrama həsr olunan "Ay işığında" mahnıları mövcuddur. Həmin nəğmələr mahiyyət etibarilə Azərbaycan vəsfi-bahar nəğmələrinin analoqu sayıla bilər. Xalqlar arasında bayramın keçirilməsində təkcə zaman fərqi var. Orta Asiya və Türküstan türklərinin, farsların, taciklərin icra etdikləri Novruz bayramları bizim bayramla eyni vaxta düşmür.
   Azərbaycanda bildiyimiz kimi, Novruzdan öncə evlərin yığışdırılması kimi magik aktlar mövcuddur. Bolqarlarda Novruz bayramı icra olunmasa da, amma onlar da magiyaya inanır və ilin başlanğıcında evlərini təmizləyirlər. Bu baxımdan Novruzla eyni olan maraqlı ayinlər var.
   Folklorşünas Faiq Eyvazovun tədqiqatlarında isə Novruz turanlıların Tura bayramı ilə əlaqələndirilir.
   Novruz adının bu bayrama verilməsi XI əsrdən başlanır. Sultan Məlik şah Səlcuqi hakimiyyətinin 3-cü ilində yeni təqvim yaratmağı qərara alır. Ömər Xəyyamın, Nizamil-Mülkün iştirakı ilə yeni təqvim yaradılır. Bu təqvimdə il 365 günə bölünür. İlin başlanğıcı isə martın 20-21-nə təsadüf edir.
   Novruz sərhədləri aşdıqca, millətlərin və xalqların bəşəri bayramına çevrildikcə, hərə bu bayramı öz məişəti ilə bağlamağa çalışıb və Şərq dünyasında Novruzla bağlı müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanə və rəvayətlər yaranıb. Şərq xalqları Novruzu yeni ilin başlanğıcı hesab edərək onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdiriblər. Elə biz də YUNECKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salanaraq bu ildən etibarən dünya miqyasında qeyd edilən Novruz bayramı münasibətilə hər kəsi təbrik edir, tonqallarınız gur çatılsın deyirik! 

   Təranə Məhərrəmova