«Xalq Yaradıcılığı Paytaxtları»na virtual səyahət
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına uyğun olaraq 2010-cu il Gəncə Azərbaycanın əfsanələr, Qazax folklor, Şəki isə sənətkarlıq paytaxtı elan olunub. Qəzetimizin ötən saylarında bu barədə müxtəlif tanıtım xarakterli yazılar dərc edilib. “Xalq Yaradıcılığı Paytaxtları” layihəsinin əsas məqsədlərindən biri də mədəni-turizm marşrutlarını və bu regionların turizm potensialının təbliğatını həyata keçirməkdir. Layihənin bu istiqamətini nəzərə alıb, bu dəfə Gəncə, Qazax və Şəki şəhərlərinin turizm potensialını araşdırdıq.
Bənzərsiz qədim şəhər
İlk olaraq böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan qədim Gəncədən başlayaq. Gəncəçayın hər iki sahilində yerləşən qədim Gəncədə turistlərin diqqətini cəlb edəcək tarixi abidələr və təbiət mənzərələri çoxdur. Buranı gəzdikcə qədim şəhərin izlərinə rast gəlirik.
Avtobusla Gəncəyə gələn turistlər elə şəhərin girəcəyində tarixi abidənin şahidi olurlar. Bu, dünya ədəbiyyatında “Xəmsə”si ilə məşhur olan XII əsr şairi Nizami Gəncəvinin məqbərəsidir. Turistlər məqbərəyə bayır tərəfdən baxmaq üçün başlarını qaldırmalı olacaqlar. Ona görə ki, mərmərdən düzəldilmiş bu monumental abidənin hündürlüyü 20 m-dir. Abidənin arxa tərəfində metaldan tökülmüş fiqurlarda isə Nizaminin əsərlərindən ayrı-ayrı süjetlər təsvir edilir. Maraqlı səfəri Comərd Qəssab məqbərəsi ilə davam etdirmək olar. Bu şəxs xəlifə Əli İbn Əbutalibin hakimiyyəti dövründə (656-661-ci illər) yaşayıb, ədalətli və namuslu olması ilə çoxlarından seçilibdir. Gəncə sakinləri bütpərəst olduğu dövrdə Comərd Qəssab onlardan xəbərsiz İslam dinini qəbul edib. Bu tarixi dəlil isə Gəncəni turistlərin baxışında daha da qədimləşdirir.
Ardınca turistlərə məlum olacaq ki, X əsrdən başlayaraq Bərdə Arranın paytaxtı rolunu itirəndə Gəncə Azərbaycanın ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayıb və ticarət, sənətkarlıq bu şəhərin həyatında mühüm yer tutub. Artıq bu dövrdə qala divarları tikilib, xəndəklər qazılıb. Möhtəşəm Gəncə qalası da o dövrün yadigarıdır.
Turistlərin diqqəti Gəncənin Cümə məscidinə yönələcək. Bələdçinin onlara görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin bu məscidin nəzdindəki mədrəsədə dərs deməsi barədə məlumatı eşitməsi onlar üçün daha maraqlı olacaq. Çünki burada xarici turistlər Mirzə Şəfi Vazehin şeirlərinin Avropanın bir çox dillərinə çevrildiyini biləcəklər.
Davam edək. Turistlər Şeyx İbrahim məqbərəsinin öz ilkin gözəlliyini qoruyub saxladığına məmnun olacaqlar. Ardınca şəhərdə daha bir neçə qədim məscidi ziyarət etmək mümkündür: Qızılhacılı, Ozan, Balabağbanlı, Şərəfxanlı, Şahsevən və başqaları. Şeyx İbrahim türbəsini də ziyarət etdikdən sonra Gəncəni gəzən turist Gəncəçayın üzərindən salınmış XII əsrə aid olan Böyük Körpü və Kiçik Körpüyə, karvansara və tikililər kompleksinə, göy kaşı günbəzli İmamzadəyə, Darısultan sarayına, son dərəcədə gözəl qədim şəhər hamamlarına da baş çəkə bilərlər. Hamamların günbəzləri diqqəti uzaqdan cəlb edir. Yeri gəlmişkən, bu hamamlar indi də xidmət göstərir.
Orta əsr hamamından çıxıb XVI əsrə aid qala divarlarının qalıqlarına baxmaq yerinə düşər. Onların yaxınlığında isə Cavad xanın məzarı yerləşir. Onun qəhrəmanlığı haqqında eşidən turistlər bundan sonra Gəncədə müasir sənətkarlığın möcüzəsi sayılan 2 mərtəbəli «Butulka-ev»ə tamaşa edə bilərlər. «Butulka-ev»in tikilməsi üçün 50 min şüşə butulkadan istifadə edilib.
Tarix və Akademiya Muzeyi turistlərə Gəncənin tarixi inkişaf yolundan söhbət açacaq. Onlar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Azərbaycanın ilk parlamentinin burada yerləşməsi barədə də eşidəcəklər.
Bütün bu səyahətdən sonra turistlər «Qaya», «Kür-Xəzər», «Kəpəz», «Göygöl», «Gəncə» restoranlarında yüksək ixtisaslı aşpazların hazırladıqları ləziz milli xörəklərin və Gəncə şərablarının dadına baxmaqla istirahət edə bilərlər. Şəhərdə şərab məhsulları istehsalının inkişaf etdiyini bilən turist özü ilə vətəninə Gəncə şərabı aparmağı unutmayacaq. Şərabın dadına baxdıqdan sonra turistlər Gəncə xalçalarının naxışlarına heyran olacaqlar. Ardınca şəhər ətrafına səyahətə çıxmaq pis olmaz.
Gəncənin mərkəzindən 6 km şərqdə qədim şəhərin xarabalıqlarını seyr edən turist buranı turizm məkanı kimi seçməkdə yanılmadığına bir daha əmin olacaq. Gəncədən 25 km cənubda isə Murovdağın şimal yamaclarında, dəniz səviyyəsindən 1566 m yüksəklikdə gözəl Göygöl yerləşir. Turistlər Göygöl qoruğunun ərazisində təbiət muzeyini də görəcəklər. Bu gölün ətrafındakı Hacıkənd kurort zonası isə yay vaxtı sevimli istirahət yeridir. Turist marşrutlarından bir neçəsi də bu yerlərdən keçir. Beləliklə, hər bir turist Gəncə səyahətindən sonra əfsanələr diyarına düşdüyünü dana bilməyəcək.
“Keçib getdiyim diyar adamı heyran edir”
Turistlər üçün Azərbaycanın sənət və ticarət mərkəzlərindən olan Şəkiyə səfər etmək böyük bir xatirə olaraq qalacaq. Çünki onlar bu məkanda eşidəcəklər ki, Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında, qarlı zirvələr fonunda yerləşən Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulub. Qədim Şəki ticarət yolları qovuşağında yerləşib. O iri ticarət, ipəkçiliyin və sənətkarlığın inkişaf etmiş olduğu mərkəzlərdən olub. Əsrlər boyu buraya gələn səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş çəkirdilər. Məşhur Şəki bazarlarında şıdırğı alver gedirdi: taxıl, ipək, dulusçuluq, döyməli işi olan qablar və zərgərlik məmulatları satılırdı. Lakin Şəkini ən çox məşhurlaşdıran onun ipəyi idi. Turistlər özləri ilə Şəkidən maraqlı məlumatlar da apara biləcəklər.
1826-cı ildə A.S.Puşkinin dostu general N.Rayevski bu diyarda olandan sonra qohumlarına yazdığı məktubda buranı belə təsvir edib: “Mənim keçib getdiyim diyar adamı heyran edir. Düşərgəmiz nar, çinar və başqa ağaclar bitən meşədədir. Nuxa əsl möcüzədir. O, Bağçasaraydan qat-qat üstündür. Burada bu diyarın keçmiş xanlarının sarayı var. Saray o qədər gözəldir ki, Bağçasaray onunla müqayisədə çox zəif təsir bağışlayır”.
Beləcə, turistlər bütün bu deyilənlərdən sonra Şəkiyə səyahətə çıxaraq eşitdiklərini öz gözlərilə görəcəklər. Onlar çoxəsrlik tarixə malik arxeoloji abidələrlə rastlaşacaqlar: Cüyürlü və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan əvvəl II əsr), Qoturtəpə adlı qədim məskən, Salmandərə (Tunc dövr), Dəhnə kəndindəki qüllə və s.
Şəki xanlarının sarayı (1762-cı il) turistlərin yaddaşında silinməz izlər buraxacaq. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olacaq. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir.
Turistlər Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaraların hələ də salamat qaldığını görüb şaşıracaqlar. Yuxarı Karvansaranın günbəzinin Yaxın Şərqdə ən iri günbəzlərdən biri olduğunu eşidəcəklər. Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində «Gələrsən-görərsən» qalasının xarabalıqlarının şahidi olan turistlər bir vaxtlar düşmənlər üçün əlçatmaz olan bu qala şəhərin gəliş-gediş yollarına baxacaqlar.
Oxumayanlar burada eşidəcək, oxuyanlar isə xatırlayacaqlar ki, Lev Tolstoyun məşhur «Hacı Murad» povestində təsvir etdiyi hadisələr Şəki qalasında baş verib. Turistlər şəhərin lap girəcəyində burada döyüşlərin birində həlak olmuş Hacı Muradın məzarını da ziyarət edə bilərlər.
Şəkinin kəndləri də turistlər üçün maraqlı olacaq. Ucqar dağ kəndi olan Kiş kəndindəki qədim alban kilsəsi (I-II əsrlər) eyniadlı çayın sahilindədir. Məbədin binası xalq arasında «şirima» deyilən iri daşdan tikilmişdir. Müqəddəs Yelisey tərəfindən ucaldılmış kilsə böyük maraq doğurur. Bu kilsə keçmiş SSRİ ərazisində ən qədim xristian məbədi hesab edilir. Kilsə bərpa edilib və muzey kimi fəaliyyət göstərir. Bu məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbədin yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə bağlıdır. Aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntılar məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut edib. Bu xəbər isə turistləri daha da özündən çıxaracaq. Onlar bələdçidən eşidəcəklər ki, Misir ehramları da bu cür bünövrə üzərində qurulub.
Orta Zəyzid kəndindəki kilsə də (VI-VII əsrlər) şirima daşdan tikilib. Kiş kəndindəki Qızlar qalası adlı qüllə isə IV-V əsrlərə aiddir. VI əsrə aid Gavur qülləsi, XVIII əsrə aid Gileyli məscidinin minarəsi də diqqəti cəlb edir.
Turistlər tarixi abidələrlə yanaşı, Şəkinin sənətkarlıq aləmi ilə də tanış olacaqlar. Onlar burada «təkəlduz» deyilən tikmə sənətinin yüksək dərəcədə inkişaf etdiyini əyani şəkildə görəcəklər. Əvvəllər bu işlə əsasən kişilər məşğul olurdu. Bundan əlavə, Şəkidə papaqçılıq, musiqi alətlərinin hazırlanmasını görüb həzz alacaqlar. Şəkidə xalq sənətinin bir sıra növlərini bu gün də yaşadırlar. Şəkili ustalar üstü əlvan naxışlı sandıqlar düzəldir, qadınlar üçün kəlağayı toxuyur, ipək və məxmər üzərində tikmə işləri görürlər. Turistlər şəhərdə bu və ya digər peşə adlarını hələ də özündə saxlayan Dulusçular, Zərgərlər, Halvaçılar küçələrini də gəzəcəklər. Öz ustaları ilə ad çıxarmış qədim emalatxanalara baş çəkənlərə zərgərlik məmulatları, metaldan və ağacdan hazırlanmış müxtəlif suvenirlər təklif edilir. Bu suvenirləri görən və alan turistlər Şəkinin bənzərsiz sənətkarlıq mərkəzi olduğunu daim xatırlayacaqlar.
Azərbaycanda analoqu olmayan orijinal Şəki mətbəxi də turistlərin marağında olacaq. Şəki halvasının dadına baxan turistlər qırmabadam, zilviyyə, qoz və düyü unundan bişirilmiş paxlava, adamın ağzında əriyən şirin pəşvəng halvası və başqa məşhur Şəki şirniyyatlarını dadmaqdan özlərini saxlaya bilməyəcəklər.
Kür qırağının əcəb seyrəngahı var...
Azərbaycanın qərbində yerləşən Qazax bölgəsindən Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları axır. Turistlərə isə ən çox Kür çayını seyr etmək maraqlı olacaq. Çay boyunca tuğay meşələri uzanıb gedir. Qazax rayonunda turistlər dağ ətəyindən başlanan düzənliyi - Altuntaxt yaylağını görəcəklər. Yaylağın arxa tərəfində mavi rəngli İncə dərəsinin o tayında isə Qaraqoyunlu dağı ucalır.
Əgər turistlər Qazax şəhərinin tarixi haqqında maraqlansalar, bələdçilərdən bunları eşidəcəklər: “VIII əsrdə sərkərdə Mərvan ibn Məhəmməd «Kasal» adlı yaşayış məntəqəsi salıb. O dövrün ərəb mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri yaşayış məntəqəsi olması qeyd edilir”.
Deməli, turistlər VIII əsrdə salınmış bir bölgədə qədim memarlıq abidələri çoxluğunun şahidi olacaqlar: Yuxarı Əskipara kəndindəki məbəd (V-VIII əsrlər), Şəkərqala məbədi (XV əsr), Qıraq Kəsəmənli kəndindəki dairəvi qüllə (XVIII əsr), Qazax şəhərindəki məscid, Poylu kəndində XIX əsr məqbərələr qrupu, Qatır, Qızılhacılı, Kazım körpüsü (hamısı XV əsrə aid), Xramçay üzərindən salınmış Qırmızı körpü (XII əsr). Bundan əlavə, günəşin qızıl rəngli al şüalarında bərq vuran «Qızıl qaya»ya baxan turistlər valeh olacaq.
Rayon ərazisində maraqlı yerlər arasında Daş Salahlı kəndinin yaxınlığında Avey dağında yerləşən mağaralar turistlərin diqqətini xüsusilə cəlb edəcək. Ona görə ki, arxeoloqlar burada qədim insan məskənləri, əmək alətləri və silahlar aşkar ediblər.
Gəncədə olduğu kimi turistlər Qazaxda da qədim, lakin hələ də fəaliyyətdə olan hamamlara rast gələcəklər. Şəhərdə zəngin ekspozisiyalı muzey fəaliyyət göstərir ki, buranı gəzərək Qazax bölgəsinin qədimliyindən xəbər tutacaqlar. Qonaqlara buradakı atçılıq müəssisəsində yetişdirilən məşhur dilboz atları seyr etmək də nəsib ola bilər.
Səyahət boyu Qazağın həm də xalçaçılıq mərkəzlərindən biri olduğu aşkarlanacaq. Rayonun bir çox sakinləri hələ də bu ənənəvi xalq sənətini davam etdirir. Qazax xalça məktəbinin məhsulları olan "Dağ Kəsəmən", "Qazaxça", "Ağqoyunlu", "Dörd Buynuz", "Damğalı", "Şıxlı", "Çobankərə", "Borçalı", "Faxralı", "Qaymaqlı" xalçalarına dünya bazarında böyük tələbat var. Bu xalçalardan nümunələr görmək üçün turistlər Qazax bölgəsində səyahətlərinin trayektoriyasını genişləndirməlidirlər.
Qazağa səyahət edən turistlərə məlum olacaq ki, bura Azərbaycanın bir sıra istedadlı şair, alim, aşıqlarının vətənidir. Şairlərdən Molla Pənah Vaqif, Molla Vəli Vidadinin həyatını əks etdirən muzeylərə, Səməd Vurğunun evinə baş çəkmək də mümkündür. Turistlər Azərbaycanda ilk müəllimlər seminariyasının 1918-ci ildə Qazaxda açılmasını da eşidəcək, məşhur Qazax aşıqlarının nəğmələrini dinləyə biləcəklər. Turistlər Novruz bayramı ərəfəsində Yuxarı Salahlı kəndinə baş çəksələr, Baharın gəlişini necə qeyd olunduğunu əyani şəkildə görəcəklər. Novruz bayramı ilə bağlı bütün adətlər və mərasimlər Yuxarı Salahlı kəndində xüsusi qayğı ilə qorunub saxlanılır.
Zəngin folklor nümunələri ilə tanışlıqdan sonra Qazax mətbəxinin incilərini ağız tamınıza uyğun duya bilərsiniz. Əsasən sadə, lakin çox dadlı ət və xəmir məmulatlarından hazırlanan yeməklərin dadını unutmaq elə də asan deyil.
Bu üç şəhərə virtual səyahət də ecazkardır. Amma unutmayaq ki, “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Odur ki, yolunuzu bu qədim məkanlardan salmağa çalışın. Şəhərlərin hər biri ayrılıqda sizlərə qədim və orta əsrləri yaşadacaq.
İntiqam Hacılı