Ağsu rayonunda XVIII əsrə aid şəhər qalıqları aşkarlanıb. Qədim Ağsu şəhərinin olduğu güman edilən ərazidən xeyli miqdarda mədəniyyət nümunələri də tapılıb. Ağsunun Ülgüc kəndində aparılan qazıntılar nəticəsində arxeoloqlar qədim şəhərin bir hissəsini aşkarlaya bilib. Bu barədə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Məlumatda bildirilir ki, “Miras” İctimai Birliyinin təşəbbüsü ilə muzeyin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə layihəsi əsasında aparılan tədqiqata tarix elmləri doktoru Qafar Cəbiyev rəhbərlik edib. 600 kv.m sahədə aparılan qazıntı işləri nəticəsində XVIII əsrə aid çoxsaylı bina qalıqları, istehsalat ocaqları, şəhərin küçə və meydanlarından biri və zəngin maddi-mədəniyyət nümunələri aşkar edilib. 300-ə yaxın mis və gümüş sikkə, daş və metaldan qəliblər, külli miqdarda metal külçə və istehsalat çıxarları, metalişləmə sənətində istifadə olunan alətlər tapılıb.
Bütün bunlar həmin ərazidə əsasən metalişləmə sənətinin müxtəlif sahələri üzrə ixtisaslaşmış emalatxanaların mövcudluğundan xəbər verir. Əldə edilmiş çoxsaylı şirli və şirsiz saxsı qab nümunələri, daş, sümük və şüşədən olan məişət və təsərrüfat əşyaları dulusçuluq, daşişləmə, sümükişləmə və şüşə məmulatı istehsalı sahələrinin geniş şəbəkəsinin mövcudluğunu təsdiqləyir. Tapıntılar içərisində digər yerlərdən gətirilmiş bir çox məişət əşyaları və bəzək nümunələri də vardır. Bunlar bəhs edilən dövrdə Ağsu şəhərinin dünyanın bir çox şəhərləri ilə ticarət və mədəni əlaqələrinin olduğunu göstərir.
Qeyd edək ki, Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır. Ağsu 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olub. 1735-ci ilin may ayında Nadirqulu xanın göstərişi ilə şəhərin ətrafına möhtəşəm qala divarları çəkilmiş, qala divarları isə xaricdən müdafiə səddi funksiyası daşıyan dərin xəndəklə əhatələnib. Qədim şəhərin tikinti qalıqlarının, habelə məhəllə və küçələrin yerüstü əlamətləri indi də müşahidə olunmaqdadır. Abidələr Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.