Azərbaycanın tarixi yurdu, qədim Naxçıvan torpağı memarlıq abidələri ilə zəngindir. Dünya şöhrəti qazanmış Yusif Küseyir oğlu və Möminəxatun türbələri, Culfa yaxınlığındakı Gülüstan və Qarabağlar kəndindəki qoşa türbələr, Oğlanqala və Əlincə qalası kimi möhtəşəm müdafiə istehkamları bu diyarın tarixi sərvətidir.
   
   XII əsr Azərbaycan milli mədəniyyətinin yüksəliş əsri idi. Gəncədə dahi Nizami, Şamaxıda böyük Xaqani yaşayıb yaradır, Naxçıvanda - Azərbaycan Atabəylər dövlətinin paytaxtında isə memar Əcəmi Əbubəkr oğlu ölməz sənət incilərini inşa edirdi. Memarın 1175-1186-cı illərdə inşa etdiyi Möminəxatun türbəsi qadın zərifliyini göylərə ucaldan və əbədiləşdirən möhtəşəm sənət əsəridir. Bu, sadəcə türbə deyil, Eldəniz Atabəy Cahan Pəhləvanın anasının (Möminəxatun) dəfn olunduğu müqəddəs məqbərə idi. 26 metr hündürlüyə yüksələn bu abidə Əcəmi düşüncələrinin ən yüksək zirvəsidir.
   Abidə yeraltı (yeraltı sərdabə) və yerüstü hissədən ibarətdir. Türbə bişmiş kərpicdən hörülüb, onun səthini örtən plitələrin üzəri həmin kərpicdən düzəldilmiş zəngin ornamentlər, bəzi yerlərdə isə mavi şirlə (mina) ilə bəzədilib. Türbənin üzərində kitabələrdən ibarət memarlıq bəzək elementləri diqqəti cəlb edir. Möminəxatun türbəsi əlvan naxışlarının təravəti, əzəməti, Yasin surəsindən gözəl xətlə yazılmış müqəddəs kəlamları ilə Naxçıvan memarlığının əsrlər boyu Azərbaycan memarlıq mədəniyyətinə çox uğurlu yol, istiqamət verməsinə parlaq sübutdur.
   XVII əsr fransız səyyahı Tavernye, XIX əsrin əvvəllərində Naxçıvana gələn D.De Monpere, eləcə də fransız Djelafua, alman memarı Yakobstal, rus şərqşünası Xanıkıf və başqaları Əcəmi memarlığında möhtəşəmliklə zərifliyin sintezindən yaranan kompozisiya bitkinliyinə heyrətlərini bildirmiş, onun qeyri-adi istedadına heyran qalıblar. Muxtar respublikada olan əcnəbi qonaqlar muzeyin rəy kitabında Möminəxatun məqbərəsinin möhtəşəmliyindən, gözəlliyindən, dünyanın ən gözəl abidələrindən biri olduğunu qeyd edirlər.
   Onu da qeyd edim ki, məqbərənin içərisində Atabəylər dövlətinin fəaliyyətini, Əcəminin yaradıcılığını nümayiş etdirmək üçün ekspozisiya müvafiq plan əsasında qurulub.
   Ekspozisiyada Azərbaycan Atabəylərinin nəsil şəcərəsi, Atabəylər dövlətinin sahib olduğu ərazilərin xəritəsi, Əcəminin yaratdığı sənət incilərinin fotoşəkilləri, rəssam Rafael Qədimovun yağlı boya ilə işlədiyi Şəmsəddin Eldənizin, Möminəxatunun, Əcəminin portretləri müxtəlif sənədlər və başqa materiallar hər bir tamaşaçının marağına səbəb olur. Bu məqbərəyə daxil olarkən sanki adama elə gəlir ki, XII əsrə səyahət edirsən.
   Tariximizin, sənətimizin bu nadir incisi qayğıkeşliklə qorunub saxlanılır.
   Abidənin ətrafında aparılmış abadlıq, genişlik onu bütün əzəmətiylə, gözəlliyi ilə qavramağa imkan yaradır. Bu gün Möminəxatun məqbərə kompleksinin ətrafında Naxçıvan memarlıq ənənələrinə oxşar üslubda ucaldılmış tarixi binalar - Xan evinin binası, Açıq Səma Altında muzey bir-birini tamamlayır, bütövlük təsiri yaradır.
   
   Hüseyn Əliyev,
   Naxçıvan







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar