İlk dəfə hansı muzeyə getdiyimi xatırlamıram. Amma hər həftə tələbə dostlarımla yolumuzu muzeylərdən salırdıq. Bu, adi maraq deyil, həm də vətəndaşlıq borcu idi. Dünənimizə sayğı, hörmət idi.
İndi də peşəmlə bağlı yolum tariximizi özündə yaşadan belə məkanlardan düşür. Bugünlərdə təbiətin belə gözəl çağında dünyaya göz açan iki böyük şəxsiyyəti yad eləmək keçdi könlümdən. Onların ev-muzeylərinə üz tutdum.
Bahar oğlu
Ona belə deyirdilər. Baharda doğulduğu üçün. Bu gözəl fəslin çalarları kimi yaradıcılığı da rəngarəng oldu.
1899-cu ildə Bakının yaxınlığındakı Xızıda dünyaya gəlmişdi Cəfər Cabbarlı. Lap körpə ikən «Dağlı məhəlləsi»ndəki, indi muzey olan bu evə köçdulər...
Yaradıcılığa çox erkən yaşında, şeirlə başlamışdı. Sonda hekayələr yazdı. Muzeyin baş elmi işçisi Qəmər Seyfəddinqızı deyir ki, Cəfər Cabbarlı bu hekayələrdən savayı heç nə yazmasaydı belə, ədəbiyyatda öz layiqli yerini tutardı. Bizim fikrimizcə, Cabbarlı həm də «Ana» şeiri ilə öz poetik sözünü demişdi. Sonra yaradıcılığını dramaturgiya sahəsində inkişaf etdirdi. Özünü jurnalist, tərcüməçi, kino xadimi kimi də tanıda bildi.
Cəfər Cabbarlının yaşayıb-yaratdığı ev 1979-cu ildən böyük öndər Heydər Əliyevin təşəbbüsü ilə ev-muzey kimi fəaliyyətə başlayıb. Muzeyin rəsmi açılışı 1982-ci il martın 22-də, dramaturqun 80 illik yubileyi günündə gerçəkləşib.
Muzeyin fondunda 9000-dən çox eksponat qorunub saxlanılır. Burda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, yazıçının şəxsi əşyaları, əl yazıları, məktublar, ayrı-ayrı tamaşalarına hazırlanmış səhnə maketləri, afişalar və maraqlı rəsm əsərləri nümayiş etdirilir. C.Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər, görkəmli şəxsiyyətlərin yazıçıya bağışladıqları hədiyyələr də muzeydə yer alıb.
Böyük ədib «Mənim tanrım gözəllikdir» - deyirdi. 2000-ci ildə muzey yazıçının bütün əsərlərini bu ad altında nəşr etdirdi. Bu kitaba Cabbarlının hətta uzun illər yasaq olunmuş pyesləri, şeir, məqalə və məktubları da toplanıb.
Bir il sonra muzeyin növbəti layihəsi əsasında BP şirkətinin sponsorluğu ilə Cəfər Cabbarlı mükafatı təsis edildi. Həmin il «XX əsr Azərbaycan incəsənətinin inkişafında C.Cabbarlının rolu» kitabı çap olundu. Kitabda ədibin kinotərcümə və musiqi sahəsindəki fəaliyyətindən danışılır.
Dramaturqun «Almaz», «1905-ci ildə», «Od gəlini», «Sevil» və «Yaşar» əsərlərinə bəstələdiyi 5 mahnıdan ibarət «Azad bir quşdum...» adlı musiqi albomu da işıq üzü görüb. Sənətkarın «Gərək günəş dağları aşıb sönməyəydi» mahnısına klip çəkilib. «Sevdiyim», «Olmasın» şeirlərinə də mahnı bəstələnib və dinləyicilərə təqdim olunub.
Cəfər Cabbarlı cəmi 35 il yaşadı. Amma bu qısa həyatında uzun ömür yaşamış yaradıcı insanı görə bilməyəcəyi işləri gördü.
Demə, Səməd Vurğun gəldi-gedərdi...
1906-cı ildə, yazın ilk günündə dünyaya gəlmişdi. Məktəb yaşına çatanda nənəsi onu Qazax Müəllimlər Seminariyasına gətirir. Zəif bir uşaq olduğundan Firudin bəy Köçərli onu məktəbə qəbul eləmək istəmir. Oxuya bilməyəcəyindən qorxur. Onda Səməd əlini sol döşünə qoyub asta səslə deyir: - Ah, Firudin bəy, bircə bilsəydiniz burda nələr var...
Kiçik qəlbində olan «nələr» Firudin bəyi çox gözlətmədi. O, hazırcavab, şən, zarafatcıl bir uşaq idi. Şeir yazırdı. Musiqiyə, saza-sözə böyük marağı vardı. Tezliklə onu dillərə salan, tanıdan da elə bu məziyyətləri oldu. Günlərin birində Azərbaycanı dünyada tanıdan məşhur Səməd Vurğun oldu.
Bakının Xəzər sahilinə yaxın küçələrindən birində üçmərtəbəli bina var. Xalqın böyük şairi Səməd Vurğun ədəbi və ictimai fəaliyyətinin ən qaynar dövrünü buradakı mənzilində keçirib. Neçə-neçə ölməz sənət əsərləri burada yaranıb, şairi həm Azərbaycanda, həm də dünyada tanıdıb.
İndi burada S.Vurğunun ev-muzeyi yerləşir.
1975-ci ilin ilıq payız günləri idi. Azərbaycanda «Sovet ədəbiyyatı günləri» keçirilirdi. Sovet İttifaqının tanınmış qələm sahibləri Bakıdaydılar. Belə bir gündə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Səməd Vurğunun ev-muzeyinin açılışı oldu.
Tədbirdə yüzlərlə poeziya həvəskarı ilə yanaşı, şairin qardaş ölkələrdən gəlmiş dostları da iştirak edirdilər. Muzeyin rəy kitabına ilk sözü də onlar yazdılar: «Biz əziz Səməd Vurğunumuzu sevirdik, sevirik və ömürlük sevəcəyik. Səmimi qəlbdən: N.Tixonov, G.Markov, M.Lukonin, G.Elin - 6 oktyabr 1957-ci il».
Ev-muzeydə üç otaq şairin sağlığında olduğu kimi saxlanılır. Digər otaqlarda isə şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini əks etdirən ekspozisiya yaradılıb.
Vaxt vardı Vurğun ocağına il ərzində 70-80 min tamaşaçı gəlirdi. Çünki S.Vurğun xalqın qəlbində əbədi yeri olan sənətkarlardandır. Bunu muzeyin artıq cildlərə çevrilən rəy kitablarındakı sətirlər də təsdiq edir.
Gəlib-gedənləri o illərdəki qədər olmasa da, az deyil.
Muzeyin baş mühafizəçisi Aygün Vəkilova deyir ki, muzeydə müxtəlif dərnəklər var. Şeir müsabiqələri keçiririk. Məktəb şagirdləri, universitet tələbələri tez-tez muzeyə gəlirlər. Valideynlər istirahət günləri uşaqlarını gətirirlər. Elmi işçi və ekskursiyaçılarımız məktəblərdə şairin həyat və yaradıcılığı ilə bağlı mühazirələr oxuyurlar.
C.Cabbarlı «Bahar oğlu»ydu, S.Vurğun isə «Bahar istəklimsən...» - deyirdi. Hər iki sənətkar xalqını sevirdi, vətənini sevirdi. Və bu sevgi ilə aktuallığını heç vaxt itirməyən əsərlər yaratdılar. Onların qoyub getdiyi ədəbi irs daim yaşayacaq.
Sədaqət Yusifqızı