Azərbaycanın qədim tarixinin, mədəniyyətinin tədqiq edilməsi, dünyaya çatdırılması düşmən qüvvələrə qarşı informasiya mübarizəmizdə ən tutarlı təbliğat vasitələrindən biridir.
   Bu baxımdan arxeoloji qazıntılar zamanı aşkarlanan faktların, müxtəlif əşyaların, maddi-mədəni nümunələrin dəyəri olduqca böyükdür. Elə bu istiqamətdə çalışan mütəxəssislərin, tarixçi, etnoqraf və arxeoloqların üzərinə də böyük məsuliyyət düşür. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının bu yaxınlarda Ağsu rayonunda apardıqları qazıntılar da tariximizə dair çox dəyərli faktları üzə çıxarıb.
   Arxeoloji ekspedisiyanın rəhbəri Qafar Cəbiyev, ekspedisiya üzvləri Fariz Xəlilov, Elmira Abbasova və başqalarının iştirak etdiyi arxeoloji qazıntı işlərini biz də müşahidə etmək imkanı əldə etdik.
   Qazıntı işləri Ağsu şəhərinin yaxınlığında 40 hektar ərazini əhatə edir. Buradan tapılmış nümunələr göstərir ki, bu ərazi hələ orta əsrlərdə yaxınlıqdakı Ağsu şəhərinin mərkəzi olub. Qazıntılar zamanı aşkar edilmiş kanalizasiya sistemləri bu ərazidə vaxtilə inkişaf etmiş şəhər mədəniyyəti olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış təndirlər, saxsı qablar, digər məişət əşyaları buradakı təsərrüfat məişətindən xəbər verir.
   Burada aşkar edilmiş qədim hamam isə xüsusi maraq kəsb edir və fərqli memarlıq üslubuna malikdir. Hamam bir-biri ilə arakəsmə qapıları olan divarlarla əhatə olunub. Tapılmış tikinti qalıqları əsasən çay daşlarından hörülüb. Çay daşlarından istifadə, aşkar olunan tikililərdə ayrı-ayrı binaları birləşdirən yollarda və küçələrdə də özünü göstərir. Bu isə orta əsrlərdə inşaat işlərinin çoxunun çay daşları ilə aparıldığına dəlalət edir. Bundan başqa, burada aşkar olunmuş dulusçuluq məmulatları və onların əsasən də çoxluq təşkil etməsi onu deməyə əsas verir ki, orta əsrlərdə Ağsu şəhərində dulusçuluq sənəti geniş yayılıb.
   Qeyd edək ki, əldə olunmuş nümunələr Ağsu Tarix Diyarşünaslıq muzeyinə təqdim edilib. Muzeyin direktoru Sevda Dəmirova bizə burada qorunub saxlanılan qədim əşyalar haqda məlumat verdi. Muzeyin zalları ilə tanış olduq. Sərgilənən tarixi eksponatlar insanı bir anlıq əsrlər öncəyə aparır. Üzəri rəngli boyalarla çəkilmiş, orta əsr miniatür sənətini xatırladan saxsı lövhə, rəngli şirəli qablar diqqəti daha çox cəlb edir.
   Qeyd edək ki, ərazidə qazıntı işləri hələ başa çatmayıb. Çox güman ki, sonrakı qazıntılarda Azərbaycan tarixinin orta əsrlər dövrünə aid olan daha maraqlı faktlar üzə çıxacaq. Həmin faktlarla xalqımızın qədim mədəniyyətə malik olduğunu bir daha sübuta yetəcək. Biz də bu işdə arxeoloqlarımıza uğurlar arzulayırıq.
   
   Eldar İbrahimoğlu







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar