Türk memarlıq tarixindən 
   
   Çoxşaxəli türk memarlıq sənətinin məşhur abidələrindən bir qismi qədim Səmərqənd şəhərində (Özbəkistan) yerləşir. Şəhərdəki memarlıq incilərinin əksəriyyəti böyük türk (özbək) hökmdarı Əmir Teymurun və teymurilərin adı ilə bağlıdır. Səmərqənddəki Şahı-Zində qəbirüstü abidələr kompleksi memarlıq təxəyyülünün əzəməti ilə təkrarsız bir abidədir. Kompleks yüz illər ərzində tikilə-tikilə, qurula-qurula möhtəşəm sənət əsərinə çevrilib.
   
   Şahı-Zində kompleksinin əsası hələ İslamdan öncə qoyulub və insanların sitayiş yeri olub. İslam mütəfəkkirləri və din xadimləri ondan yeni dinin xeyrinə istifadə ediblər. Peyğəmbərin əmisi oğlu Məhəmməd Kusam ibn Abbas haqqında yaranan məşhur rəvayət də bu müqəddəs tikili ilə bağlıdır. Rəvayətdə deyilir: “Məhəmməd Kusam öz dəstəsi ilə Şahı-Zində məqbərəsində namaz qılır. Həmin anda onları kafir düşmənlər yaxalayır və öldürürlər. Məhəmməd Kusamın da boynu vurulur. Lakin o, kəsilmiş başını əlinə götürür və dərin bir quyuya düşür. Oradan da cənnətə keçir...”.
   Belə söyləyirlər ki, sonralar çox-çox qəhrəmanlar başsız şahın sirrini öyrənmək məqsədilə həmin quyuya düşməyə can atıb. Beləliklə, şahın məzarı, əfsanəvi məqbərə-kenotaf (yunanca boş məzar, qəbir deməkdir) - Şahı-Zində kompleksinin ilk məqbərəsi yaranır. Əslində, tarixi faktlara əsaslansaq, Məhəmməd Kusam heç vaxt Səmərqənddə olmayıb. Amma bu rəvayətə inam çox güclüdür. Məhz buna görə bir çox görkəmli insanlar, hökmdarlar həmin kompleksdə, müqəddəs sayılan yerdə dəfn olunublar.
   Tarixi məlumatlara əsasən, Şahı-Zində kompleksi iki dəfə - monqol işğalından əvvəl qismən, əsasən isə Əmir Teymur və Uluqbəy (əmir Teymurun nəvəsi) vaxtında inşa edilib. Orada Əmir Teymurun qohumları və məşhur din xadimləri dəfn olunub. Hər məqbərə İslam-türk memarlıq sənətinin, incəsənətinin bir incisidir. Kompleksdə iyirmi beş məqbərə var. Məhəmməd Kusam ibn-Abbasın məzarı hamısından hündürdür. XIV əsrdə məşhur ərəb səyyahı və coğrafiyaşünası İbn-Bəttutə həmin məzar haqqında yazıb: “Qəbir abaddır. Üstündə dördbucaq formasında günbəzli bina ucaldılıb. Hər bucağında iki mərmər sütun var. Mərmərlər göy, qara, ağ və qırmızı rəngdədir. Binanın divarları da qızılı naxışlı əlvan mərmərdəndir“. Məzar digər məqbərələrlə əhatə olunub. Əmir Teymurun xanımı Tümən əkə və məşhur din xadimi Xoca Əhmədin məqbərələri müqəddəs məzara çox yaxındır.
   Tümən əkə məqbərəsi çox gözəldir. Kaşıları və mozaikası o dövr dekorativ sənətin zirvəsi hesab olunur. Məqbərənin piştağı çox zəngin, sadə boyalarla çəkilmiş bir xalçanı xatırladır.
   Küçənin axırında tikilmiş Cəlaləddin Rumi məqbərəsi digər məqbərələrə nisbətən hündürdür. O, Uluqbəyin yaxın dostu olub. Dövrünün böyük riyaziyyatçısı və münəccimi idi. Ona görə də Uluqbəy onun məqbərəsini xanların və məliklərin məqbərəsinin yanında tikdirib.
   Əmir Teymur orta əsr dövrünün heç bir şəhəri ilə müqayisə olunmayan Səmərqəndi xüsusi zövqlə inşa etdirirdi. Bir vaxtlar Şərqin mədəniyyət, elm mərkəzi hesab olunan Bağdad, Qahirə, Dəməşq Səmərqəndlə müqayisədə kənd kimi görünürmüş. Əmir Teymurun sarayına gələn ispan səfiri Rüi Qonsales de Klavixo uzaqdan Səmərqəndi görəndə heyrətlənir. O, yazır: “Burada o qədər bağlar və üzümlüklər var ki, şəhərə yaxınlaşanda hündür ağaclardan ibarət bir meşə, o meşənin arxasında isə şəhərin özünü görürsən“.
   Böyük imperatorluq qurmuş Əmir Teymur 1405-ci ildə dünyasını dəyişir. Onun ölümündən sonra nəvə-nəticələri ölkənin paytaxtını Buxaraya köçürürlər. On minlərlə insanın əməyi, ölümü hesabına tikilmiş məscidlər, binalar taleyin ümidinə buraxılır. Lakin səmərqəndli bir tarixçinin Əmir Teymur məscidi haqqında dediyi sözləri unutmaq olmur. “Əməllərimiz qüdrətimizdən xəbər verir”. Beş yüz il əvvəl olduğu kimi, bu gün də yaşıl bağlar Səmərqəndin belinə qurşaq kimi dolaşmaqdadır. Məşhur Şahı-Zində memarlıq kompleksi isə “Min bir gecə“ nağıllarını xatırladır.
   
   Savalan Fərəcov