Avropa və Asiyanın qovşağında yerləşən ölkəmiz, mədəniyyətin digər sahələrində olduğu kimi, dünya memarlıq xəzinəsinə də mühüm töhfələr verib. Görkəmli sənətkarlarımız dünya memarlığının ən yaxşı ənənələri ilə milli xüsusiyyətləri, Şərq, İslam memarlıq üslubunu sintez edən möhtəşəm əsərlər yaradıblar.
   Nəticədə Azərbaycan memarlıq məktəbi təşəkkül tapıb. Bu məktəbin parlaq simalarından biri də Mikayıl Hüseynov (1905-1992) idi. Dünən, oktyabrın 7-si böyük sənətkarın xatirə günüydü.
   O, 1905-ci il aprelin 19-da Bakıda anadan olub. İndiki Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini bitirib. İlk işləri mədəni-məişət binalarının layihələri olub. Onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, respublikanın digər şəhər və rayonlarında binalar tikilib. Çəkdiyi zəhmət yüksək dəyərləndirilib, Dövlət mükafatına layiq görülüb. Çox keçmir, sənətkarın şöhrəti nəinki respublikanın, keçmiş Sovet İttifaqının da hüdudlarını aşır.
   Mikayıl Hüseynovun layihələşdirdiyi tikililər milli memarlıq üslubu ilə seçilib. Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanaraq əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Onlardan bu gün Bakının yaraşığı olan Hökumət Evini, Bakı Musiqi Akademiyasının, M.F.Axundov adına Milli Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını göstərmək olar.
   Bu yerdə haşiyə çıxaraq Hökumət Evinin inşası ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırmaq istərdik.
   1934-cü ildə Bakıda respublikanın nazirlik və dövlət komitələrinin yerləşəcəyi binanın - Hökumət Evinin layihəsi ilə bağlı ümumittifaq müsabiqəsi elan edilir. Müsabiqəyə SSRİ Memarlar Akademiyasının həqiqi üzvü L.V.Rudnev, gənc memar Mikayıl Hüseynov və başqalarının müəllif olduğu layihələr təqdim olunur. Qiymətləndirmə prosesi uzun sürür və 1939-cu ildə müsabiqəni yekunlaşdırmaq məqsədilə son toplantı keçirilir. İclasda Mircəfər Bağırov başda olmaqla, respublikanın bütün rəhbərliyi iştirak edirdi. Layihələrin müsbət və mənfi cəhətləri müzakirə olunur.
   Onu da qeyd edək ki, memar Mikayıl Hüseynov Kommunist Partiyasının üzvü olmayıb. İclasda bu faktı qabardan respublika xalq daxili işlər komissarı (naziri) Stepan Yemelyanov Mikayıl Hüseynovun təqdim etdiyi layihədə sovet dövlətinin qurucusu V.İ.Leninin heykəlinin binanın aşağı hissəsində (indiki Azadlıq meydana baxan postament üzərində) yerləşdirilməsinə etirazını bildirir. O, M.Bağırova müraciətlə deyir:
   - Yoldaş Bağırov, başa düşmürəm, nə üçün memar M.Hüseynov proletariatın dahi rəhbəri V.İ.Leninin heykəlinin binanın aşağı hissəsində qoyulmasını təklif edir. O, bununla nə demək istəyir? Axı bina çoxmərtəbəli olmaqla, həm də çox əzəmətli olacaq. Belə olan halda V.İ.Lenin yoldaşın heykəlini binanın aşağı hissəsində yerləşdirməkdə hansı məqsədi güdür?
   Bu sözlərdən sonra salon sükuta qərq olur. Hamının nəzərləri Mikayıl Hüseynova dikilir. Yaranmış sükutu M.Bağırov pozur və deyir:
   -Yoldaş Hüseynov, sizə tutulan irad çox ciddidir. Bu barədə nə deyə bilərsiniz?
   O, dərhal ayağa qalxır və təmkinlə deyir:
   - Dahi rəhbər V.İ.Leninin heykəlinin binanın aşağı hissəsində qoyulmasını bilərəkdən təklif edirəm (Bu sözlərdən sonra vəziyyət bir az da gərginləşir). Çünki proletariatın rəhbəri V.İ.Lenin yoldaş heç vaxt zəhmətkeşlərdən uzaq olmayıb. Ona görə də layihəmdə heykəlin kütləyə daha yaxın yerdə qoyulmasını nəzərdə tutmuşam.
   M.Bağırov gənc memarın bu cavabından sonra ona heç bir söz demir. Ancaq baxışlarından hiss olunur ki, cavabdan razı qalıb. Sonra üzünü S.Yemelyanova tutub deyir:
   - Yoldaş Yemelyanov, cavab sizi qane etdimi? Əlavə sualınız yenə varmı?
   Gənc memarın gözlənilməz cavabından o, bir az tutulur. Ancaq özünü ələ alır və deyir:
   - Yoldaş Bağırov, bu gənc memar çox ağıllı və məntiqli cavab verdi. Onunla razılaşmamaq düzgün olmazdı.
   1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Hökumət Evinin inşası dayandırılır. Müharibədən sonra bina tikilib istifadəyə verilir.
   Respublikamızda ucalan möhtəşəm binalarla yanaşı, memar Düşənbədə, Moskvada da Şərq milli koloritli və ornamentləri ilə seçilən bənzərsiz tikililərin müəlifidir. Bakıdakı Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası isə memarın şah əsərlərindəndir.
   Dünya şöhrətli memar, alim və pedaqoq Mikayıl Hüseynov Azərbaycan memarlığının inkişafı yolunda müstəsna xidmətlər göstərib. Bu xidmətlərinə görə Azərbaycanın, keçmiş SSRİ-nin ən yüksək mükafatlarına, orden və medallarına, “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb. O, 1992-ci il oktyabrın 7-də dünyasını dəyişən görkəmli sənətkarın əsərləri memarlıq və incəsənət tariximizdə hər zaman layiqli yer tutacaq.
   
   Savalan Fərəcov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar