İsmayıllı rayonunun Basqal qəsəbəsi qədim xalq sənətkarlığını qoruyub saxlayan və bu gün də inkişaf etdirən yaşayış məntəqələrindəndir. Onu da qeyd edək ki, Basqal yurdumuzun qədim guşələrindəndir, XIII əsrə aid bir sıra mənbələrdə onun adı çəkilir.
Basqalda qədim tarixə malik kanalizasiya şəbəkəsi, daş döşənmiş küçələr, bazar, hamam və məscidlər var. Burada ağacişləmə, xalçaçılıq, kömürçülük, kəlağayı istehsalı, boyaqçılıq sənəti qədim sənətlərdən hesab olunur və bu gün də yaşayır.
Qəsəbədə Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar, Qəlibgah, Xarabiyan, Qalabaşı adlı məhəllələr var. Hər məhəllənin adı isə orada yaşayanların məşğuliyyət növü, tarixi keçmişi, etnik tərkibi ilə bağlı yaranıb. Basqalın yaşlı sakinlərinin verdiyi məlumata görə, Dəmirçibazar məhəlləsində dəmirçi Hacı Məhərrəm və onun övladları, nəvə-nəticələri yaşayıb, dəmirçiliklə məşğul olublar.
Qəlibgah məhəlləsində kəlağayı üçün qəlib basan rəngsazlar yaşayıblar. Qoşabulaq məhəlləsi orada olan qoşa gözlü bulağın adından, Dərəməhəllənin adı məhəllənin hər iki tərəfindən palıd və qoz ağaclarının əhatə etdiyi dərədən ibarət olması, Xarabiyan məhəlləsinin adı isə məhəllənin başında uçqun yerin olması ilə bağlı yaranıb.
Kələküçə Basqalın baş küçəsidir. Bu məhəllənin sakinləri əsasən boyaqçılıq və toxuculuqla məşğul olublar.
Basqalda evlərin hamısı üzü cənuba doğru tikilib. Evlərin tikintisində hər 6-7 daş cərgədən bir ağac kətil (yastıq) atılıb ki, bu kətillər ərazinin seysmikliyi nəzərə alınaraq qabaqlayıcı tədbir rolunu oynayır, həm də tikiliyə xüsusi yaraşıq verir. Evlərin bir üstün cəhəti də hər birində hamamın olmasıdır. Qəsəbənin yaşlı sakinlərinin söhbətlərindən məlum olur ki, hələ XVII əsrdə Basqalda hər evdə hamam varmış.
Basqal özünün qədim abidələri ilə də məşhurdur. Qəsəbədə indiyədək qorunub saxlanılan tağlı hamam XVII əsrdə inşa edilib. Yerli sakinlərin məlumatına görə, bu hamamdan 1994-cü ilə qədər istifadə edilub.
Hamamdan bir az aralıda başı göylərə ucalan qollu-budaqlı çinar ağacı var. Ağacın diametri 4 metrdir. Yaşlı sakinlərin bildirdiyinə görə, bu ağacın 500-dən çox yaşı var və tarixi abidə kimi qorunur. Ağacın aşağı hissəsində olan koğuş adam boyundan da hündürdür. Sakinlərin dediyinə görə, burada müxtəlif vaxtlarda çayxana, bərbərxana fəaliyyət göstərib.
Basqalın daş döşənmiş küçələrinin kanalizasiya şəbəkəsinin tarixi XIII-XIV əsrlərdən hesablansa da, bu günə qədər salamat qalıb. Yağış və çirkab suları bu üstü sal daşlarla örtülmüş daş qanovlarla axıb gedir.
Hacı Bədəl məscidi, Əl Fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd məscidi xüsusi maraq doğuran tarixi abidələrdəndir. Hacı Bədəl məscidi hazırda fəaliyyət göstərir. Məsciddə qadınlar və kişilər eyni vaxtda namaz qılırlar. Lakin məscidin qadınların ibadət etməsi üçün olan otağı elə tikilib ki, hətta qadınların məscidə daxil olmasını belə kişilər görə bilməzlər. Ayrıca bir kompleks olmaqla ikinci mərtəbədə yerləşir.
Basqal Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzlərindən hesab olunub. Müxtəlif çeşidli kəlağayılar, yorğanüzü, qanovuz, kişmir, tafta, darayı, mov, cecim və s. parçaları xarici bazarlarda və beynəlxalq sərgilərdə yüksək qiymətləndirilib.
1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən dünya sərgisində iştirak edib, həmin sərgidə basqallı Nəsir Abduləziz oğlunun toxuduğu kəlağayı və qanovuz parça gümüş medal və diplomla mükafatlandırılıb. Bu gün Basqalda kəlağayı sexi fəaliyyət göstərir. Basqal kəlağayıları indi də məşhurdur və sexin məhsulları xarici ölkələrə ixrac olunur.
Basqalın şöhrəti olan kəlağayıların toxunması bir neçə mərhələdən keçir. Birinci mərhələ kəlağayının sapının (ipək sap) istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 baramadan alınır. 429 metr nazik sap 1 qram çəkisindədir. Daha keyfiyyətli kəlağayı 310 metrlik və 1 qram çəkisində olan sap ilə toxunur. Adətən 429 metrlik sap kəlağayının ərişinə, 310 metrlik sap isə arğacına işlənir.
Kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə uzun zaman tələb edir. Əl dəzgahında gün ərzində üç kəlağayı toxumaq olardı. Hazırda sexdə avtomat dəzgahlardan istifadə olunur. Gün ərzində 8 kəlağayı istehsal edilir. Kəlağayılıq məhsul dəzgahda toxunduqdan sonra 150-160 sm. ölçüdə qayçı ilə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqə qaynadırlar. Kəlağayını suda bişdikdən sonra sıra ilə düzülmüş 2-3 vannada növbə ilə, yəni 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır.
Kəlağayını armud, qoz, cır alma ağacından hazırlanan, üzəri böyük ustalıqla oyulmuş nəbati, həndəsi və kosmoqonik təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar. Qəliblər naxışlarına görə müxtəlif adlarla adlandırılır. Bu naxışların içərisində «günəş», «pullu qəlib», «simayi-şəms», «haşiyə», «şax» (böyük buta), «buta» (kiçik buta), «göbək», «mədahil», «xarı bülbül», «xətayi», «kəpənək», «heyratı», «çobanyastığı», «çiyələk», «aypara», «tikəş», «ispirəy» daha məşhurdur.
Etnoqrafik səfər zamanı bu qəliblərdən ən qədimi sayılan «ispirəy»lə tanış olduq. Sexin işçilərinin məlumatına görə, bu qəlibi hazırda orada usta işləyən Abbasəli Talıbovun ulu babası Talıb düzəldib. Qəlib 200 il əvvəl Basqalda palıd ağacından hazırlanıb.
Kəlağayının naxışlanması üç mərhələdə aparılır. Birinci mərhələdə konifol, parafin, solidol (araba yağı) bir-birinə qarışdırılaraq bişirilir. Alınmış qatışıqla kəlağayının naxışları və haşiyəsi basılır. İkinci və üçüncü mərhələlərdə rənglərə batırılmış qəliblərlə işi başa çatdırırlar.
Kəlağayı naxışlandıqdan sonra onun boyanması işi başlanır. Bu iş boyaqçılıq emalatxanasında görülür. Boyaqçılıq emalatxanası «küp damı» adlanır. Yaşlıların məlumatına görə, küp damı əhali arasında müqəddəs yer sayılıb. Adətən oraya şikəstləri, yeriməyən uşaqları ziyarətə gətirərmişlər. Günah etmiş adamları da tövbə etmək və ya and içdirmək üçün küp damına gətirərdilər.
Boyağı sarağan, vələs, narınc ağaclarından, həyət süpürgəsinin kötüyündən, cır alma ağacının qabığından əldə edirlər. Cır alma ağacının qabığından sarı rəngi alırlar. Rəngləri əldə edərkən daha tünd və açıq rəng almaq üçün turşudan da istifadə edilir. Bu məqsədlə məhlula turşu əlavə edib müəyyən müddət saxlayırlar. Adətən, 20-30 litr məhlula bir stəkan turşu əlavə edirlər. Məsələn, qırmızı rəngi almaq üçün sarağanı küt balta ilə kötüyün üstündə döyüb əzir və içərisindən çıxan ağac tellərini suda qaynadırlar.
Boyama işinə başlamazdan əvvəl basılmış naxışların rənglərinin qarışmaması üçün parafinlə örtür, sonra boyağın içərisinə salırlar. Boyama işi başa çatdıqdan sonra parafin örtüklər götürülür. Kəlağayını boyadıqdan sonra soda və paltar sabunu ilə qarışdırılmış 70-80 dərəcə istiliyi olan suda bir neçə dəfə yaxalayırlar. Beləliklə, onun üzərindəki yağ təbəqəsi təmizlənir. Bu əməliyyatdan sonra kəlağayını yenidən soyuq su ilə üç dəfə, ən sonda isə sabunlu soyuq suda yaxalayır və ipdən asaraq qurudurlar. Qurutduqdan sonra məngənədə sıxırlar. Bu əməliyyat «ütüləmə» adlanır. Ütülənmiş kəlağayılar kitab şəklində qatlanaraq üst-üstə yığılır və yenidən məngənədə sıxılır. Bu prosesi «kitab eləmə» adlandırırlar.
Kəlağayı ustaları boyaqçılıq və qəliblə naxışlama sənətini muğamlarımızla müqayisə edirlər. Onlarla apardığımız söhbət zamanı bunu ata-babalarından eşitdiklərini, kəlağayının boyanmasında yeddi rəngdən istifadə etdiklərini, hətta qəlib naxışlarının adlarının muğamlarımızla eyni adda olmasını («heyratı», «simayi-şəms» və s.) söylədilər.
Bütün bunlar xalqımızın qədim və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqləyir.
Solmaz Məhərrəmova,
Adilxan Bayramov