Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni dəyərlərimizin təbliği xaricdəki diaspor təşkilatlarımızın əsas fəaliyyət hədəflərindəndir. Belə təşkilatlardan biri də Hyustondakı (Texas ştatı) Azərbaycan-Amerika Mədəniyyət Mərkəzidir. Mərkəzin sədri İsmayıl Əhmədovla bu günlərdə Bakıya səfəri zamanı görüşüb təşkilatın fəaliyyəti və həyata keçirdikləri layihələr barədə qısa söhbət etdik.
   
   
   Həmsöhbətim bildirdi ki, 2009-cu ilin martında yaradılan Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin əsas fəaliyyət istiqaməti ölkəmizin rəngarəng incəsənətini, mədəni irsimizi amerikalılara çatdırmaqdır: «İndiyədək bir sıra layihələr, bayram proqramları həyata keçirmişik. Təsviri sənətimizi, rəssamlarımızın əsərlərini, milli musiqi nümunələrini festivallarda və konsert proqramlarında təqdim etməyə çalışırıq». Mərkəzin Hyuston-Bakı Qardaş Şəhərlər Assosiasiyası ilə də sıx əlaqələri var: “Hyustonda fəaliyyət göstərən iki Azərbaycan diaspor təşkilatı olaraq bir neçə dəfə birgə layihələr həyata keçirmişik. Bu cür layihələr diaspor təşkilatlarımızın həmrəy və birgə olduğunu əyani olaraq göstərir».
   Mərkəzin fondunda Azərbaycan mədəniyyətinə dair əyani vəsaitlər, nəşrlər toplanıb: “Hər dəfə Bakıya səfərimdən sonra Hyustona çoxlu kitablar və digər əyani vəsaitlər aparmağa çalışıram. Bu xüsusda ingilis dilində daha çox kitablara, buklet və broşürlərə ehtiyac var. Məsələn, Hyustonda festival keçirildi. Festivala müxtəlif ölkələrdən minlərlə insan gəlmişdi. Biz onlara Azərbaycan və milli mədəniyyətimizlə bağlı özümüzün hazırladığımız kitabçaları payladıq. Bundan əlavə, milli bayramlarımız, tarixi günlərlə bağlı tədbirlər təşkil edirik. 20 Yanvar faciəsinin ildönümünü də müxtəlif tədbirlərlə qeyd edirik. Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin www.aacalliance.com ünvanlı elektron saytı da var. Sayt imkan verir ki, gerçəkləşdirdiyimiz tədbirlər haqqında məlumatları virtual olaraq geniş ictimaiyyətə çatdıraq».
   İ.Əhmədov Azərbaycan-Amerika Mədəniyyət Mərkəzi olaraq ABŞ-da yeni bir mədəniyyət təsisatı yaratmaq istədiklərini də dedi: “Belə bir qurum Texas ştatında və ona yaxın olan ştatlarda yaşayan azərbaycanlıları ümumi proqramlarda bir yerə toplamağa imkan verəcək. Bu baxımdan Hyustonda təhsil alan tələbələrimizin də üzərinə böyük bir vəzifə düşür. Onlar ali təhsil almaqla yanaşı, Azərbaycanın təbliği ilə də məşğul olmalıdırlar. Bu məqsədlə tez-tez orada təhsil alan azərbaycanlı tələbələrlə görüşürəm. Keçirdiyimiz tədbirlər sahəsində çalışacağıq ki, Amerikada Azərbaycanı daha geniş auditoriya tanısın».
   
   Fəxriyyə Abdullayeva