Ölkəmizdə fəaliyyət göstərən, maddi mədəniyyət abidələrini qoruyan və təbliğ edən elmi-tədqiqat müəssisələrinin - muzeylərin fond və kolleksiyaları kifayət qədər zəngindir və hər zaman çoxlu ziyarətçi cəlb edir. Bunun nəticəsidir ki, muzey ziyarətçilərinin sayı ildən ilə artır. 
     
   Məlumdur ki, müxtəlif əşyaların muzey fondlarına daxil edilməsi müəyyən olunmuş qaydada ekspertiza aparıldıqdan sonra həyata keçirilir. Təbii ki, hər bir muzey vaxtaşırı öz fond və kolleksiyalarını mədəniyyət sərvətləri və nümunələri ilə zənginləşdirməyə çalışır.
   Milli Azərbaycan Tarixi Muzeyinin Fond işləri üzrə direktor müavini Məhfuzə Zeynalovanın sözlərinə görə, muzeylərin zənginləşdirilməsi üçün geniş əlaqələr yaradılmalı, bu işə diqqətlə yanaşılmalıdır: “Milli Azərbaycan Tarixi Muzeyində hər il eksponatların sayı artır. Azərbaycan qədim tarixə malik bir məkandır. Hər il tariximizin öyrənilməsi üçün arxeoloji qazıntılar, tədqiqat işləri aparılır, yeni kitablar yazılır. Təkcə ötən il muzeyimizə 812 ədəd yeni eksponat daxil olub. Numizmatik materiallar, hədiyyə əşyaları, sənədlər, arxeoloji materiallar, əlyazmalar muzey ekspozisiyasını daha da zənginləşdirib”.
   M.Zeynalova bildirir ki, hazırda muzey fondunda 300 minə qədər eksponat qorunub saxlanılır. Ekspozisiyanın zənginləşməsində adi vətəndaşların da rolu az olmayıb: “Bəzən tapdığı qədim və nadir əşyaları muzeyə könüllü təhvil verənlər də olur. Bu zaman tarixi əşyaların fond-satınalma komissiyası tərəfindən qiymətləndirmə aparılır, muzeydə təbliği məqsədəuyğun hesab edilən əşyanın dəyərinin 25 faizi tapan şəxsə ödənilir. Qiymətindən, istifadə təyinatından asılı olmayaraq hər bir qədim, nadir əşya muzeylərə təhvil verilməlidir. Çünki hər bir əsər özündə tarix yaşadır və bu tarix təbliğ olunmalıdır”.
   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Rəna Salahovanın bildirdiyinə görə, təkcə 2010-cu ildə bu mədəniyyət müəssisəsinə 236 ədəd yeni eksponat daxil olub: “Ötən il demək olar ki, əksər teatrlardan eksponatlar qəbul etmişik. Bunların arasında proqramlar, afişalar və digər maraqlı sənədlər var. Muzeyin ekspozisiyasına daxil olan hər bir əsər Azərbaycanın teatr tarixinə işıq salmalıdır. Biz muzey fondunu zənginləşdirərkən bu amilə diqqət yetiririk. Bölgə teatrları ilə sıx əlaqələrimiz var”.
   Müsahib deyir ki, hazırda muzeydə 130 mindən artıq eksponat qorunub saxlanılır. Tədqiqatlar aparılarkən, teatr sənətkarlarının yaradıcılıqları araşdırılanda teatr tarixi muzeyi əhəmiyyətli sənədlər ocağı kimi istifadə olunur. Muzeyin özünün fotoqrafı var və teatr təqdimatlarında çəkilən fotolar muzeydə saxlanılır.
   İstiqlal Muzeyi fondunun baş mühafizi Aidə Axundova deyir ki, hər il muzeyə şəxsi əşyalar, fotoşəkillər, sənədlər daxil olur: “Muzeylərin zənginləşdirilməsi istiqamətində biz ilk növbədə ictimaiyyətlə geniş əlaqə saxlayırıq. Bu günlərdə iki şəhid ailəsi tərəfindən milli qəhrəmanların paltarları, şəxsi əşyaları bizim muzeyə təhvil verildi. Biz həmin əşyaları 20 yanvar faciəsinə həsr olunmuş tədbirdə ilk dəfə nümayiş etdirdik. İstiqlal Muzeyi bizim istiqlaliyyət tariximizi yaşadır. Bu gün muzeyimizdə yüzlərlə maraqlı eksponat nümayiş olunur. Qarşılıqlı olaraq muzeyin zənginləşdirilməsinə cəmiyyətimiz, ziyalılar öz köməkliklərini göstərirlər. Əlbəttə ki, muzeyimizin yeni eksponatlarla zənginləşdirilməsi, istiqlal tariximizin geniş şəkildə təbliği hər birimizi sevindirir”.
   Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun fikrincə, muzeylərin zənginləşdirilməsi təkcə muzey əməkdaşlarının deyil, bütün vətəndaşların marağında olmalıdır: “Naxçıvanın qədim tarixi olduğu üçün muzeydə zəngin ekspozisiya formalaşıb. 2010-cu ilin yayında muxtar respublika ərazisində geniş arxeoloji qazıntılar aparıldı. Tapılan bəzi maddi mədəniyyət nümunələri, o cümlədən II Kültəpə yaşayış massivindən tapılan 40-a yaxın keramika nümunəsi, Oğlanqalada Ovçular təpəsindən tapılan 100-dən çox müxtəlif təyinatlı tapıntı muzeyə verildi”.
   Direktor deyir ki, qədim Naxçıvan ərazisi bu gün də tədqiq olunur. “Bəzən olub ki, məktəbli həyətlərində quyu qazılanda qədim numizmatik əşyaya rast gəlib və onu bizim muzeyə təhvil verib. 2008-ci ildə Naxçıvan şəhərinin Köhnəqala ərazisində şəhər sakininin qarşısına maraqlı və nadir eksponat çıxmışdı. Üzərində “Quran” ayələri həkk olunan həmin əsər bizim muzeyə təhvil verildi. Əlbəttə ki, vətəndaşların tariximizin təbliğinə maraq göstərərək belə addım atması təqdirəlayiqdir”.
   
   Ceyhun