Abşeron ərazisindəki qalalar tariximizi yaşadan möhtəşəm abidələrdir
Bakıətrafı kənd-qəsəbələr və ümumilikdə Abşeron yarımadası tarixin müxtəlif dövrlərinə şahidlik edən abidələrlə zəngindir. Bu sırada qalalar xüsusilə diqqəti cəlb edir. Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə bağlı olduğunun bir göstəricisi olmaqla yanaşı, həm də milli memarlıq ənənələrimizi özündə yaşadır.
Tədqiqatlar göstərir ki, Abşeron yarımadası boyunca yerləşən qalalar uzunmüddətli yaşayış üçün nəzərdə tutulmurdu, onların içərisində yaşayış və xidməti tikililəri olan geniş həyət yoxdur. Belə tikililər qala divarlarından xaricdə yerləşirdi. Qüllələr isə düşmən hücumları zamanı qala müdafiəçiləri üçün müvəqqəti sığınacaq rolunu oynayırdı. Abşeronun bütün qalaları vahid müdafiə sisteminə daxil idi. XI-XIII əsrlərdə Şirvanşahların ərazidə möhkəmlənməsindən sonra burada böyük tikinti işləri aparıldı, çoxlu qala və qüllələr inşa edildi. XII əsrdə rus quldurlarının dənizdən Abşerona hücumu belə istehkam xarakterli tikililərin əhəmiyyətini daha qabarıq şəkildə gündəmə gətirdi. 1175-ci ildə Şirvanşah I Axsitan 73 gəmi ilə hücum edən rus işğalçılarının bir neçə hücumunu dəf etmişdi.
Abşeron ərazisində 30-dək qala olub
Abşeronun qalaları çox oxşardır. Əksəriyyəti eyni planla - dairəvi və ya dördkünc şəkildə tikilirdi. Hamısı dördkünc qala divarları ilə əhatə olunmuşdu. Ümumilikdə Abşeron ərazisində 30-dək qala mövcud olub. Qala qüllələri 2-8 mərtəbədən ibarət olur, onların arasında əlaqə qalanın içərisindəki pilləkənlər vasitəsilə qurulurdu. İkinci mərtəbəyə pilləkənlər olmadığından ora qalxmaq üçün asma nərdivanlardan istifadə edilirdi. Qüllələrin müdafiəsi üçün bütün zəruri döyüş ləvazimatları üst meydançada yerləşdirilirdi. Birinci mərtəbə istisna edilməklə qalanın bütün mərtəbələrində içəridən genişlənən ensiz, zolaq şəkilli çıxıntılar əsasən işıqlandırma və ventilyasiya üçün nəzərdə tutulmuşdu. Məhdud ölçüləri onlardan hərbi məqsədlə istifadəsinə imkan vermirdi. İbtidai kanalizasiya xətləri və su ilə dolu quyular həm də mühasirə zamanı burada müvəqqəti yaşayışdan xəbər verir.
Bakı qalaları əsasən müdafiə məqsədilə tikilib
Ramana və Nardarandakı qüllələr, Mərdəkandakı iki qala dövrümüzədək yaxşı vəziyyətdə gəlib çıxıb. Məşhur dördkünc Mərdəkan qalası Şirvanşah II Mənuçöhrün oğlu Axsitanın dövründə inşa olunub. Bu möhtəşəm tikili müdafiə xarakterlidir. Müharibə zamanı adətən burada qadın və uşaqları yerləşdirərdilər. 22 metr hündürlüyü olan qala 6 otaqdan ibarətdir. Divarlarının qalınlığı 2 metr olan bu abidənin tikintisində balıqqulağı və əhəng, keçi və dəvə yunu, yumurta və torpaqdan istifadə olunub. Qala 76 pilləkəndən ibarətdir. Qaladan Bakı kəndlərini - Ramana, Bilgəh, Nardaran, Buzovna, Qala, Pirallahı, Şüvəlan, Şağan və s. yaşayış məntəqələrini müşahidə etmək mümkündür. Mərdəkanda ikinci məşhur qala 1232-ci ildə Əbdülməcid Məsud oğlu tərəfindən tikilmiş dairəvi qaladır. 12,5 metr hündürlüyündə olan bu qala unudulmaz sənətkarımız Bülbülün bağ evi ilə üzbəüz yerləşdiyindən bəzən ona “Bülbülün qalası” da deyirlər.
Ramana kəndində bir neçə qədim tarixi abidə var. Qərb tərəfdəki yolla kəndə yaxınlaşarkən qaya üzərində inşa edilmiş əzəmətli tikili nəzəri cəlb edir. Eynilə Mərdəkan qalasını xatırladır. Ötən əsrin 30-cu illərində qalanın bir hissəsi sökülərək daşları başqa tikintilərdə istifadə edilib. Söküntü işləri zamanı qalanın həyətinə giriş hissəsindəki portalının üzərində olan daş kitabə dağıdılıb. 1950-ci illərdə qala kənd sakinlərinin köməyi ilə, sonra isə dövlət tərəfindən bərpa edilib.
Ceyhun