Su çərşənbəsi
Fevralın 22-si ilaxır çərşənbələrdən birincisinin - Su çərşənbəsinin sevincini yaşadıq. Qədimlərdən bu yana ulularımız sərt qışda yaz ümidi ilə yaşayar, Yeni günün - Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Odur ki, Novruz qabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.
Ancaq Novruza hazırlıq çərşənbələrdən də xeyli əvvəl - dekabrın 22-də böyük çillənin girməsi ilə başlardı. Elə ki, 40 gün ömrü olan Böyük çilləni yola saldılar, Kiçik çillənin (20 gün) soyuğundan-şaxtasından sag-salamat çıxıb, çillə qarpızı kəsərdilər:
Bu qarpız çillə qarpız,
Düşübdü dilə qarpız.
Yıgılıb xurcunlara,
Gəlib yargilə qarpız.
Göz açıb yumunca Boz ay (20 fevral - 20 mart) gələrdi. Gah bozarardı, gah qızarardı. Amma Boz ay dəymədüşərliyi heç kimin xətrinə dəyməzdi. İnanclara görə, Novruz qabağı 4 ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir. Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.
Bütün qədim mənbələrdə su həyat, dirilik, sağlamlıq, xoşbəxtlik, inam mənbəyi kimi çıxış edir. Xalqın inancına görə, Su çərşənbəsində su mənbələri təzələnir və hərəkətə gəlir.
Su çərşənbəsi xalq arasında həm də "əzəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Novruzu" adları ilə adlandırılır.
Deyilənə görə, həmin gün insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, suyun üstündən atlanar, suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər.
Xalq arasında su ilə bağlı xeyli məsəllər var.
İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su olan yerdə dirilik olar, su ehsandır. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir.
Çərçənbələr niyə həftənin ikinci gün keçirilir?
Mütəxəssislərin qənaətinə görə, xüsusilə ilin son ayları çərşənbələr ağır gün hesab olunur. Bəs ağırlığın səbəbi nədir? Müşahidələrə və astroloji tədqiqatlara görə, Boz ayın 4 çərşənbəsində ayın forması dəyişir. Aypara ayın ucları bir dəfə Yerə tərəf, bir dəfə əksinə istiqamətlənir. Hər yeddi gündən bir ay öz şəklini dəyişir ki, buna da elmdə faza deyirlər. Bu fazalarla ay dəyişəndə ay həddən ziyadə ağrı çəkir. Məhz bu günlər şadlıq eləmək, süfrə bəzəmək, od yandırmaq ayın ağrılarını sovuşdurmaq məqsədi güdür.
Bu günə Anadoluda salı gün deyirlər. Bir məsəl də var: Salı gün sallanar. Yəni bir iş görmək istəsən uzanar gedər, başa gətirə bilməzsən. Gündə bir uğursuzluq olduğuna inanılmışdır.
Ona görə də çillədən çıxmaq üçün tədricən, mərhələli şəkildə bu çərşənbələr boyu mərasim aksiyaları keçirilir, ocaqlar qalanır. Beləliklə, ocağın təmizləyici, şəfaverici gücünə inanılaraq ağrı-acını odun üstünə tökərək çillədən çıxırlar.
Elə Novruz bayramının əsas mahiyyəti də mərasimlər vasitəsi ilə təbiətə təsir etmək, onu yumşaltmaq, mülayimləşdirmək, qışı, qara günü, çətinliyi, ağrı-acını geridə buraxıb, yeni, işıqlı həyata, bol-bərəkət, bəhrə verəcək həyata başlamaqdır.
Yolumuz Novruza doğrudur...
Təranə Vahid