Haqq aşığı
   
   Sirlər, müəmmalarla dolu Azərbaycan aşıq ədəbiyyatının ustadlarının - haqq aşıqlarının söz dünyası, həyatı barədə ən maraqlı məqamları qəzetimizin hər cümə sayında - “Haqq aşığı” rubrikasında oxuculara təqdim etməyə çalışacağıq.
      
   Ehtimal olunur ki, “aşıq” sözü ərəb dilindəki “eşq”, “aşiq” sözündən yaranıb, vurulmaq, bənd olmaq, sevmək deməkdir. Orta əsrlərdə aşıq sözü “Haqq aşığı”, “Allah aşığı” mənasını verməklə yanaşı, həm də titul kimi işlənir, şifahi xalq yaradıcılığında və klassik ədəbiyyatda da “aşıq” sözü yenə eyni mənanı daşıyırdı. Türk dilində isə aşıq sözü işıq mənasını verir. Övliya Çələbi “eşq” və “aşiq” sözlərinin türkcə “işıq” sözündən yarandığını söyləyirdi. “İşıq” və “aşiq” sözləri isə Allaha məhəbbətlə yanan mənasını verir.
   Aşıq sözü ilə bağlı başqa bir ehtimal isə bundan ibarət idi ki, ilkin orta əsrlərdən başlayaraq hər şeyi bilən, hər sirrə vaqif olan bilici adamlara “şeyx”, və ya “şıx” deyə müraciət edərlərmiş. XVI əsrdə Şah İsmayıl Xətainin sarayındakı bilici ozanlara hörmət əlaməti olaraq “a şıx” deyə müraciət edilirmiş, bu da sonralar “aşıq” titulu kimi söz dünyamızda yaşamaq hüququ qazanır.
   Ehtimallar, yozumlar nə qədər olsa da, aşıq sözü əsrlərdir ki, yol gəlir. Elə bir zaman gəlib çatdı ki, ozanı aşıq, qopuzu saz əvəz etdi. Bir yolun bitdiyi, bir yolun başlandığı XVI yüzillikdə Dirili Qurbani haqq yolunun - aşıq sənətinin, aşıq şeirinin ilk yolçusu oldu.
   
   Əzizim Diri dağı,
   Duman, gəl, bürü dağı.
   Xudam bir körpü salıb,
   Arxası Diri dağı.
   
   500 ildən çoxdur ki, xalq ruhuna yaxın olan Qurbani irsini, Qurbani izlərini sevə-sevə yaddaşında yaşadır. 500 ildən çoxdur ki, Qurbani haqqında rəvayətlər, əfsanələr xalqın yaddaşında zaman-zaman cücərib boy atır.
   Mirzəlixan oğlu Dirili Qurban XV əsrin 70-ci illərində, təqribən 1477-ci ildə Xudafərin körpüsünün yaxınlığında, Cəbrayıl rayonundakı Diri dağının döşündəki Diri kəndində anadan olmuş, bu kənddə böyümüş, sonralar şeirlərində dəfələrlə doğma yurdunu xatırlatmışdı.
   “İsmim Qurbanidir, kəndim Diridir...”
    - deyən el sənətkarı başqa bir şeirində kimliyini belə ifadə edir:
   “Dirili Qurbanın ərzi-halını
   Yalvara-yalvara yara deyərsən”.
   Şairin əsl adı Qurban olmuş, Şah İsmayıl Xətai ilə tanışlığa qədər “Dirili Qurbani” kimi tanınsa da, saray mühitinə düşəndən sonra o dövrün ənənəsinə görə şair Qurbani təxəllüsünü qəbul etmişdir.
   Nəzir-niyazla dünyaya gələn Qurbaniyə 17 yaşında Mazannənə pirində buta verilir. Gəncə xanının qızı Pəriyə aşiq olan Qurbaninin həyatı büsbütün dəyişir.
   
   Qurbaninin dərdi olub ziyada,
   Allahı çağırram, yetişər dada,
   Bir gözəl seçmişəm işıq dünyada,
   O pəri salıbdı çöllərə məni.
   
   Aşıq Qurbani tezliklə həm lirik şair, həm dastançı kimi xalq arasında tanınıb sevilir. Üstündəki Tanrı nəzəri, fərqli düşüncəsi və ilahi eşqi onu imtahana çəkir.
   
   Ədəbiyyatımızın solmayan “Bənövşə”si
   
   İnsan və təbiət gözəlliklərinin vəhdəti Qurbani yaradıcılığında bir-birini tamamlayır. Bu baxımdan Qurbaninin “Bənövşə” şeiri ədəbiyyatımıza yeni bir mövzu gətirdi. Bənövşəyə yüzlərlə şeir həsr olunsa da, heç bir şeirin ömrü Aşıq Qurbaninin “Bənövşə”sinin ömrü qədər uzun və ətirli olmadı.
   
   Tanrı səni xoş camala yetirmiş,
   Səni görən aşiq ağlın itirmiş,
   Mələklərmi dərmiş, göydən gətirmiş?
   Heyf ki, dəriblər az bənövşəni.
   
   Tarixi mənbələrə görə, Aşıq Qurbani Şah İsmayıl Xətainin hakimiyyəti dövründə yaşamış, 1500-cü ildə gənc Şah İsmayıl Xətai Xudafərin körpüsündən keçib Şirvana yürüş edərkən Qurbani onunla tanış olmuş və bu görüşü ömrü boyu unutmamışdır. Sonralar Qurbani hökmdara yaxın olmuş, şeirlərində onu vəsf etmişdi.
   
   Bu dünyada bir haqq divan,
   O dünyada cənnət-məkan.
   Qoy var olsun, türki zəban,
   Şah Xətai, Şah Xətai.
   Səfəvi dünyagörüşünün tərkib hissəsi olan türkçülük, millətçilik duyğuları Qurbani yaradıcılığında qabarıq şəkildə hiss olunur. 1535-1537-ci illərdə Osmanlı qoşunlarının Azərbaycana yürüşü zamanı Qurbani yerli hakimin təhriki ilə Türkiyəyə aparılmış, Sultan Səlim tərəfindən 11 ildən artıq Qars qalasında qürbətdə qalmış, Vətən həsrəti ilə ağrılı-acılı günlər yaşamışdı.
   
   Ayrı düşdüm vətənimdən, elimdən.
   Başı çənli, qarlı dağlar qal indi.
   İçən ölməz dərdə dərman suyundan,
   Axar sular, tər bulaqlar qal indi.
   
   1548-ci ildə şah Təhmasibin ordusu Qarsı ələ keçirərkən, Qurbani azad edilir. Vətənə dönən aşıq Xətainin xatirəsinə böyük kədər, qüssə ilə dolu “Ola” rədifli mərsiyə divanını yazır.
   
   Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
   Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
   Getmiş idim mürşüdimə dərdimə dəva qıla,
   Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.
   
   Ustad aşıqlar belə güman edirlər ki, Qurbani Şah İsmayıl Xətaiyə - “Şah Xətai”, “Şahsevəni”, “Şahsarayı”, “Baş divani”, “Heydəri”, “İbrahimi” və “Sultani” kimi yeddi saz havası həsr etmişdi.
   
   “Qurbani” dastanı
   
   Qurbani irsini nəsillərdən nəsillərə, yaddaşlardan yaddaşlara ötürüb yaşadanlardan biri də Aşıq Qurbaninin həyatından və yaradıcılığından bəhs edən “Qurbani” dastanıdır. Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib “Qurbani” dastanını şərti olaraq Gəncə, Diri, Zəncan versiyalarına ayırmışdı. “Qurbani” dastanı xalqın çox sevdiyi məhəbbət dastanlarından biridir.
   
   Qurbani der: Diriliyəm mən, diri,
   Yolunda qoymuşam can ilə səri,
   Axtardığım yardı, şikarım Pəri,
   Mətləbimdi, Pəri üçün gəlmişəm.
   
   “Qurbani” dastanında 61 qoşma ustadnamədən, 8 gəraylıdan, 2 divani, 5 deyişmə və bir müxəmməsdən istifadə olunub.
   Dirili Qurbani haqqında gəzən rəvayətlər, əfsanələr isə bu gün də bitib-tükənmir. Sevgilisi yolunda min-bir əzab-əziyyətə tuş gələn, həyatı qüssə-kədər içində keçən Qurbanini ov zamanı ilan çalır, sevgilisi Pərinin qolları arasında canını tapşırır. Ayrılığa dözməyən Pərinin ürəyi partlayır. Başqa bir rəvayətdə isə Qurbanini ilan çalır, haraya gələn atasının qolları üstündə can verən aşıq belə bir bayatı çağırır:
   
   Vurdu bir talxa məni,
   Şəms etdi xalxa məni,
   Apar, qəbrim gendə qaz,
   Göstərmə xalxa məni.
   
   Qurbaninin günümüzə gəlib çatan şeirləri gəraylı, qoşma, bayatı, divani, deyişmə, bayatı və qitələrdən ibarətdir. Qoşmalar içərisində qıfılbənd-qoşmalar, təcnis qoşmalar və 20 bəndlik cahannamə vardır.
   
   Qurbanidi mənim adım,
   Adəm atadı bünyadım,
   Şeş atdım, çahar oynadım,
   Axır fələk uddu məni.
   
   Qurbaninin ən böyük xidmətlərindən biri isə ilk dəfə aşıq şeirində divani yazmasıdır. O dövrdə divani el şerinin qəzələ qarşı duran ən mükəmməl forması idi və bu janrı yaratmaqla Qurbani köhnə ənənəni dağıdaraq, yeni bir cığır açdı.
   Qurbani zaman-zaman tarixin yaddaşına, xalqın ruhuna hopdu. Hər il bahar gəlib bənövşələr torpaqdan baş qaldıranda, saz dil açıb danışanda, “Ustadnamə”lər oxunub ustadlar yada düşəndə Dirili Qurbaninin şeiriyyatı əvvəlcə ruhumuzu, sonra yaddaşımızı, keçmişimizi dirildir.
   
   Təranə Vahid







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar