Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycanın xalq yaradıcılığı paytaxtları» layihəsi çərçivəsində 2011-ci il üçün Şabran şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, İsmayıllı şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, Lənkəran şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. İl ərzində bu şəhərlərin tarixi, bu günü, mədəni irsi, görməli yerləri, turizm imkanları barədə silsilə yazılar dərc edəcəyik. Bu yazıda isə hər üç yaradıcılıq paytaxtı haqqında qısa qeydləri nəzərə çatdırırıq.
   
   Əfsanələrlə dolu Şabran torpağı
   
   Zəngin tariximizi vərəqlədikcə, onun hər səhifəsində qədim yaşayış məskənlərinin izləri ilə rastlaşırıq. Şabran Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bu şəhərin xarabalığı Böyük Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında, dəniz səviyyəsindən 75 m hündürlükdə qərar tutub. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada yaşayışın eramızın əvvəllərindən XVIII əsrədək davam etdiyini müəyyən ediblər. Şabranda qaynar şəhər həyatı dövrü IX-XV əsrlərə təsadüf edib.
   Müxtəlif mənbələr Şabranın qüdrətli Şirvanşahlar dövlətinin ilk paytaxtı olduğunu göstərir. Şabranın bu statusu IX əsrə qədər, yəni Şamaxı şəhəri yüksələnədək davam edib. Şəhərin Şirvanşahların iqamətgahı olmasını sübut edən faktorlardan biri də burada Şirvanşahlar nəslinə aid sərdabənin olmasıdır. Monqol əsarəti dövründə Şabran əsas şəhər rolunu oynayıb. Həmin dövrdə monqol hökmdarının vəziri, tarixçi Fəzullah Rəşidəddinin oğluna yazdığı məktubda Şabrandan bəhs edib.
   XIV əsrdə Teymurləng Azərbaycana hücum edərkən Dərbənd şəhəri dağıdılır və liman funksiyasını itirir. Həmin vaxt Şabranda dəniz ticarəti də fəallaşır. XVI-XVII əsrlərdə Səfəvilər dövləti (İran) ilə Osmanlı (Türkiyə) arasında gedən müharibələrdə Azərbaycan şəhərlərinin tənəzzülü başlandı. Şabran da gah Səfəvi, gah da Osmanlı dövlətinin hakimiyyəti altına keçirdi. Şəhərə hücumlar əhalinin başqa yerlərə köçməyə məcbur edirdi. XVIII əsrin ortalarında əhalinin azalma prosesi daha da sürətlənib.
   Şabranın tarixi ərazisinə gəlincə, o, indiki Şabran (keçmiş Dəvəçi) rayonunun Şahnəzərli və Rəhimli kəndləri arasında, Şabrançay sahilində yerləşib. Mənbələrdə 1796-cı ildə Şabranın 96 kəndinin və burada 1196 evin olduğu bildirilir. Bu zaman Şabran mahal mərkəzi kimi xatırlanır. XIX əsrin əvvəllərində isə yalnız çay adı kimi qeyd olunur.
   Şabranda bir sıra qədim abidə və tikililər günümüzə qədər gəlib çıxıb. Qədim Şabran körpüsü orta əsrlər Azərbaycan memarlıq sənətinin ən yaxşı nümunələrindən hesab oluna bilər. Üç tağının əsasının qalıqları aydın görünən bu körpü hazırda Bakı-Quba magistral yolunun sol tərəfində, Ərəblər və Pirəmsən kəndləri hüdudlarındadır. Şabran şəhərinin abadlığından bəhs edərkən burada XI-XII əsrlərə aid küçəni, üstü örtülü kanalizasiya sistemini qeyd etmək lazımdır. Bunu qazıntılar zamanı tapılan çay daşlarından düzəldilmiş tikinti qalığı sübut edir. Müəyyən yerlərdə, uzunluğu 1,5, eni 20 sm olan bütün daşların ortası nov şəklində yonularaq kanalizasiya xəttinə qoşulub. Aparılan son araşdırmalar zamanı Şabran şəhərinin yerində uzunluğu 5 m olan su arxının qalıqları, qala bürcləri, IX-X və XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar, «sandıq» formasında olan məzar daşları tapılıb.
   Hər addımında qədim rəvayətlərlə qarşılaşdığımız Şabran doğrudan da, əfsanələr diyarıdır.
   
   İsmayıllı - sənətkarlıq paytaxtı
   
   Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların yaşadıqlarını sübut edir. Bu rayonda əhali ata-babaları kimi indi də sənətkarlıqla məşğul olurlar.
   Lahıc bütün orta əsrlər boyu Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olub. Lahıc ustalarının sənətkarlıq məhsulları Azərbaycanın sərhədlərindən çox uzaqlarda da tanınıb. Burada inkişaf etmiş sənətkarlıq sahələrinin önündə misgərlik dururdu. Bəlkə də dünyanın heç bir guşəsində misgərlik Lahıcdakı qədər inkişaf etməyib. Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvanı ilə Lahıca yola salırdılar. Lahıc sənətkarlığının hazırladıqları məhsulları almaq üçün tacirlər arasında güclü rəqabət gedirdi. Xarici diyarlardan - Hələbdən, İstanbuldan, Avropa şəhərlərindən də Lahıca mis gətirilirdi.
   Sənətkarlar aldıqları misi əridir, onu saflaşdırır, xüsusi qəliblərə tökürdülər. Misin yumşaq olması üçün ona müxtəlif qarışıqlar əlavə edirdilər. Misgərlik emalatxanaları sənətkarlıq baxımından mükəmməl olurdu. Orada sənətkarlıq məhsullarının hazırlanması üçün lazımi avadanlıqların, alətlərin keyfiyyəti ən yüksək səviyyədə idi. Alətlərin demək olar ki, hamısı Lahıcda hazırlanırdı. Mis qabları qalayçılar qalayla ağardırdılar. Qalayçılıq da ayrıca peşə idi.
   XVII-XVIII əsrlərdə mis qablara tələbat çox olduğundan onların qiyməti baha olub. Lakin XIX əsrdə fabrik-zavodlarda müxtəlif qabların istehsalı genişləndiyindən mis qablara tələbat azalmış, onların qiymətləri aşağı düşmüşdü. Sonrakı dövrlərdə Lahıcda misgərlik tənəzzül etsə də, tamamilə sıradan çıxmadı. Burada həmin sənəti yaşadan sənətkarlar indi də hörmətə layiqdirlər. Lahıcda dəmirçilik də inkişaf etmiş sənət sahələrindən olub. Dəmirçilər əsasən təsərrüfat işləri ilə bağlı alətlər hazırlayır, iş heyvanları üçün nal, mıx hazırlayırdılar. Lahıc dəmirçilərinin hazırladığı alətlər öz keyfiyyəti ilə digər yerlərdə hazırlanan alətlərdən fərqlənirdi. Dəmirçilik sənəti də hazırda Lahıcda yaşadılır.
   İsmayıllının Basqal kəndi isə həmişə kəlağayısı ilə məşhur olub. Orta əsrlərdən Basqalda hər evdə kəlağayı hazırlamaq üçün dəzgahlar qurulurmuş. Basqal kiçik kənd olsa da, qədim ticarət mərkəzi olub. Burada hamı, uşaqdan böyüyə qədər bütün ailə kəlağayının hazırlanmasında iştirak edirdi. Biri toxuyur, biri boyayır, biri ipək sarıyırdı. Basqal kəlağayısı 1870-ci ildə Londondakı sərgidə gümüş medal qazanıb. İndinin özündə də bu kənddə nişan aparanda xonçaya birinci kəlağayı qoyurlar.    

   Folklorumuzu yaşadan diyar
   

   Azərbaycan folklorunu yaşadan ərazilərdən biri də Lənkərandır. Bu məkanda aparılan arxeoloji qazıntılar şəhərin hələ eramızdan əvvəl III-II əsrlərdə yaşayış ərazisi olduğunu təsdiqləyir. Şəhərin Xəzər dənizi sahilində yerləşməsi, əsrlər boyu karvan yollarının üstündə olması onun iqtisadi və mədəni inkişafını təmin edən əsas amillərdən olub.
   Lənkəran regionu zəngin folklor mədəniyyətinə malikdir. Lənkəranlı nənələrin ifasında xalq havalarını təkcə bu bölgədə deyil, Azərbaycanın hər yerində sevirlər və məmnuniyyətlə dinləyirlər. Onların milli geyimlərdə sındıra-sındıra, həm də ağayana rəqs etməsi isə həmin ifaların kulminasiyasıdır.
   Regionun folklor xəzinəsi zaman-zaman tədqiqatçıların diqqətini cəlb edib. Dahi Üzeyir bəy Lənkəran və ətraf rayonlarda yayılmış xor oxumalarına diqqət verib. Onun bəstəkar dostu və məsləkdaşı Müslüm Maqomayev bir neçə il Lənkəranda məktəb müəllimi işləyib və buradakı məhəlli folklor nəğmələri ilə yaxından tanış olub, onların bəzilərini xor üçün işləyib. Lənkəranda, eləcə də Astara və Masallı rayonlarında xalqın adət - ənənələrinə və musiqi yaradıcılığına göstərilən böyük maraq folklor həvəskarlarını və ya həvəskar folklorçuları meydana gətirib.
   Lənkəranda «Bacılar» talış xalq folklor mahnı və rəqs kollektivi, «Şənlik» mahnı və rəqs ansamblı bu gün də folklorumuzu yaşadır və təbliğ edir. Bu kollektivlər keçmiş sovet respublikalarında bir çox qastrol səfərlərində olub. "Şənlik" xalq mahnı və rəqs ansamblının repertuarında əsasən xalq mahnı və rəqsləri mühüm yer tutur. Bunlardan "Şalı-Şalı", "Lənkəran toyu", "Yallı", "Hey-yar" və s. rəqslər milli adət-ənənələri özündə əks etdirir.
   Hər bir xalqın tarixinin və mədəniyyətinin ərəfəsi, həmçinin ilkin başlanğıcı onun mifologiyası ilə təsdiqlənir. Bu baxımdan Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrimizin qorunub saxlanmasında Lənkəran rayonunun rolu əvəzsizdir.
   
   Mehparə







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar