1917-1922-ci illərin tarixini əks etdirən kitab təqdim olundu
   
   Mayın 27-də Azərbaycan Universitetində tarix elmləri üzrə fəlsəfə doktoru Vasif Qafarovun yeni çapdan çıxmış «Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)» adlı kitabının təqdimatı keçirildi.
   
   Kitabda tariximizin mürəkkəb, ziddiyyətli bir dövrünü, Rusiya imperiyasının dağılması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutu və Azərbaycanda sovet hakimiyyətinin ilk illəri, bu dövrdə cərəyan edən Türkiyə-Rusiya münasibətləri əksini tapıb.
   Tədbirdə iştirak edən tanınmış tarixçi alimlərdən Süleyman Əliyarlı, Cəmil Həsənli, Xaləddin İbrahimli, Azad Rzayev, Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək kitabla bağlı fikirlərini qeyd etdilər və bu əsəri Azərbaycan tarix elminin mühüm bir nailiyyəti kimi qiymətləndirdilər.
   Azərbaycan və xarici ölkələrin ilkin arxiv sənədlərinə əsaslanan müəllif 1917-1922-ci illərdə Türkiyə-Rusiya münasibətlərinin düyün nöqtəsinə çevrilən «Azərbaycan məsələsi»ni regionda və bütövlükdə beynəlxalq münasibətlərdə cərəyan edən hadisələr fonunda tədqiq edərək bu dövrün obyektiv tarixi mənzərəsini yarada bilib. Kitabda «Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranması və İrəvanın ermənilərə verilməsi», «Naxçıvanın statusunun müəyyən edilməsi», «Bakı nefti uğrunda beynəlxalq mübarizə», «1920-ci ilin aprel işğalının əsl mahiyyəti» kimi məsələlər arxiv sənədləri əsasında incəliklərə qədər araşdırılıb. Kitabda istifadə edilən sənəd və materialların böyük bir qismi ilk dəfə geniş oxucu kütləsinə təqdim edilir. Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər, eləcə də kütləvi oxucu auditoriyası üçün nəzərdə tutulub.
   Vasif Qafarov bizimlə söhbətində bildirdi ki, bu onun Azərbaycanda nəşr olunan ikinci kitabıdır. Tarixçi-alimin ilk kitabı «I Dünya müharibəsinin son mərhələsində böyük dövlətlərin Bakı nefti uğrunda mübarizəsi» adlanır. Kitab «Birinci Cahan hərbində Bakı petrolu» adı ilə Türkiyədə də çap olunub. Alimin «Böyük dövlətlər qısqacında bağımsız Azərbaycan» adlı daha bir kitabı 2010-cu ildə Türkiyədə işıq üzü görüb və böyük maraq doğurub, 5 min nüsxə satılıb.
   Yeni kitabı barədə danışan müəllif onun son 5 ildə apardığı tədqiqatlar nəticəsində ərsəyə gəldiyini dedi. Kitabda Türkiyə (Osmanlı), Almaniya, Gürcüstan, Rusiya və Azərbaycan arxivlərinin materiallarına istinad olunub. Müəllif kitab üzərində çalışarkən xüsusilə Osmanlı arxivlərində geniş tədqiqat işi aparıb: “Bu arxivlərdə bir çalışdım və 30 min səhifədən yuxarı sənəd əldə etdim. Bu sənədlər o vaxtadək Azərbaycan arxivlərindən bəlli olan bir çox sənədlərə bizi yenidən baxmağı zəruri etdi. O dövrdə Azərbaycanla Türkiyə arasında imzalanmış ilkin sənədlərdə müqavilələr Osmanlı türkcəsində yazılıb, sonradan Azərbaycan və rus dillərinə tərcümə olunub. Tərcümə variantlarında böyük səhvlər vardı. Məsələn, 1918-ci ilin iyununda imzalanan Batum müqaviləsi 11 maddədən ibarətdir. Bu maddənin 9-u Azərbaycan dilinə səhv tərcümə olunub. Digər mühüm məsələlərdən biri İrəvanın Ermənistana verilməsi ilə bağlıdır. Tarixi sənədlər göstərir ki, M.Ə.Rəsulzadə, F.Xoyski bu məsələdə kəskin müqavimət göstəriblər. Amma dövrün reallıqları da başqa idi. İrəvanın verilməsi məsələsi ilə bağlı aparılmış danışıqlar, onların yekunları tam şəkildə bu kitabda öz əksini tapıb. Ümumiyyətlə, cümhuriyyət dövrü ilə bağlı bir çox tarixi sənədlər var ki, onlar hələ öz tədqiqatçılarını gözləyir”.
   
   Fəxriyyə Abdullayeva







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar