Daşyonma nümunələrinin qorunması və bərpasında Milli Azərbaycan Tarixi Muzeyinin rolu
   
   Qədim və zəngin mədəniyyətə malik Azərbaycan dünya mədəniyyəti xəzinəsinə gözəl nümunələr bəxş edib. Xalqımızın ulu keçmişini özündə yaşadan məkanlardan biri də Milli Azərbaycan Tarixi Muzeyidir. Buradakı eksponatlardan bir qisminin - daşyonma nümunələrinin qorunması və bərpasıyla bağlı muzeyin ekspozisiya işləri üzrə direktor müavini Həbibə Əliyeva ilə söhbət etdik. O əvvəlcə muzeydə saxlanılan daş abidə nümunələri haqqında qısa məlumat verdi:
   
   - Azərbaycanda ta qədimdən daş üzərində müxtəlif rəsmlərin çəkilmə ənənəsi Qobustan, Şüvəlan, Kəlbəcər, Gəmiqaya və digər yerlərdən tapılmış qayaüstü təsvirlərdən (petroqliflərdən) məlumdur. İlk orta əsrlərdə daş üzərində oyma, bəzəkvurma və ya fiqur həkk etməklə yanaşı, insanlar daşdan müxtəlif məzmunlu heykəllər də düzəldiblər. Muzeyin ekspozisiyasında ən nadir abidələr hesab edilən Şamaxının Xınıslı və Acıdərə-Çıraqlı ərazisindən tapılmış müxtəlif daşlardan yonulmuş, fərqli həcmli qəbirüstü heykəllər (e.ə. I minillik), Qarabağ, Gədəbəy, Lənkəran ərazilərindən 3 minillik tarixi olan nəhəng daş qutu qəbir, Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı tapılmış IV-VI əsrə aid alban daş kitabəsi nümayiş etdirilir.
   VIII-IX əsrlərdən başlayaraq Azərbaycanın İslamla bağlı, dini xarakter daşıyan adət və ənənələr memarlıqda, təsviri və tətbiqi sənətlərdə özünü büruzə verib. Memarlıqda məscidlər, minarələr, saraylar, türbələr, dekorativ tətbiqi sənətdə isə qəbirüstü abidələr üzərində daşoyma sənəti yüksək inkişaf edib.
   Belə memarlıq abidələrindən oyma üsulu ilə XI əsrə aid kufi xətlə yazılmış Şəmkir qalasının ağ daşdan kitabəsi, səthində insan, heyvan fiquru və kalliqrafik yazısı olan “Səbail daşları” ilə məşhur daş lövhələri və s. göstərmək olar.
   Sonrakı dövrlərdə Azərbaycan ərazisində daş üzərində oyulmuş ən orijinal nəbati və həndəsi ornamentli bəzək nümunələrinə daha çox qəbirüstü daşlarda rast gəlirik. Ümumiyyətlə, Azərbaycan ərazisində bir neçə qrup məzar daşları: horizontal sənduqələr, at, qoç fiqurlu heykəllər, yuxarı hissəsi düz, dairəvi, çatma , günbəz formalı vertikal baş daşları və s. mövcuddur...
   - Muzeyin ekspozisiyasında öz möhtəşəmliyi ilə seçilən, lakin deformasiyaya uğrayan və bərpası zəruri olan eksponatlar varmı?
   - Burada daha çox maraq doğuran eksponatlar sırasında Oğuz türklərinə aid təsvirlər, üzərinə Qurani-Kərim ayəsinin həkk olunduğu (Samux rayonundan gətirilən) sənduqə, XIV əsrə aid üzəri ov və döyüş səhnələrinin təsvirləri ilə kalliqrafik yazılı qoç fiqurlu qəbirüstü daş, Şirvan-Abşeron memarlıq məktəbinə aid üzəri nəbati naxışlı sənduqələr və Azərbaycan xanlarına aid mərmərdən yonulmuş qəbir başdaşları öz möhtəşəmliyi ilə seçilir. Onlardan Quba xanı Fətəli xanın qəbirüstü abidəsi paralel olaraq iki hissəyə horizontal vəziyyətdə sınıb. Fətəli xan vaxtilə Bibiheybət məscidində dəfn olunan VII İmam Museyi Kazımın qızı Həzrəti Həkimə xanımın türbəsini tez-tez ziyarət edirmiş. Bu ziyarətlərin birində o, qəflətən dünyasını dəyişir. Ölməmişdən qabaq vəsiyyət edir ki, onu məscidin yaxınlığında dəfn etsinlər.
   1936-cı ildə Bibiheybət məscidini bolşeviklər partladırlar. Məscid və minarə yerlə-yeksan olur. Eyni zamanda yaxınlıqda olan xeyli qəbirlə bərabər Fətəli xanın qəbri də dağılır. Qəbrin başdaşı iki hissəyə bölünür. İndi bu başdaşının bərpasına ehtiyac var. Abidələrin bəziləri ya arxeoloji tapıntı nəticəsində, ya da muzeyə gətirilən zaman deformasiyaya uğrayıb. 2005-2007-ci illərdə muzeydə aparılan əsaslı təmir və bərpa işləri nəticəsində, muzey əməkdaşları və İtaliyadan dəvət olunan mütəxəssislərin səyi ilə aşağı hissədən sınmış Xınıslı daş fiquru, Acıdərədən gətirilən daş fiqurun deformasiyaya uğramış baş hissəsi, bir neçə hissəyə parçalanmış Alban, Səmkir kitabələri və s. daş eksponatlar bərpa edilib. İndi həmin eksponatlar ekspozisiyada nümayiş etdirilir. Hələ də bərpasına ehtiyac duyulan eksponatlar var. Bunun üçün isə professional mütəxəssislərə ehtiyac duyulur.
   - Respublikamızın hüdudlarından kənarda - tarixi Azərbaycan torpaqlarında qalmış maddi-mədəniyyət və memorial abidələrimizin inventarlaşması ilə bağlı nə deyə bilərsiniz?
   - Məlum tarixi proseslər nəticəsində Azərbaycan xalqının yurd yerlərindən bir hissəsi bu gün başqa dövlətlərin (Ermənistan, Gürcüstan, Rusiya (Dağıstan) və İran) ərazisində qalıb. Təkcə Ermənistan ərazisində yüzlərlə daş abidəmiz olub və onlar məhv edilib. Tanınmış tədqiqatçı alim Məşədixanım Nemətin “Azərbaycanın epiqrafik abidələri toplusu” kitabında bu barədə geniş məlumatlar əksini tapıb.
   Gürcüstan, Dağıstan, İran və Ermənistanda olan minlərlə maddi-mədəniyyət abidələrimiz hələ də tərəfimizdən tarixi bir mənbə kimi inventarlaşmayıb. Bu, qarşımızda dayanan mühüm tədqiqat işidir. Bu sahədə yeni mütəxəssislərin, epiqrafların yetişməsi də mühüm məsələdir. Düzdür, epiqrafika elmi gərgin zəhmət tələb edən işdir. Ancaq məhz epiqrafik abidələr tarix elmini tədqiq edib araşdıran elm adamlarımızın bələdçisidir. Bu epiqrafik abidələrin dəyərini bilmək isə biz mütəxəssislərin öhdəsinə düşür.
   
   Savalan Fərəcov