Ölkəmiz arxeoloji abidələrlə zəngindir. Onların sırasında su mənbələri, suyun saxlanılması ilə bağlı nümunələr də kifayət qədərdir. Ölkəmizdə ta qədimdən sudan istifadə mədəniyyəti formalaşmış və bu özünü müvafiq tikililərdə özünü göstərmişdir. Kəhrizlər, buzxanalar, ovdanlar... Bunların hər biri, birbaşa təyinatı ilə yanaşı, özünəməxsus memarlıq quruluşuna malikdir.
   
   Ovdan sözü fars dilində olan “abdan” (“ab” - su, “dan” - göstərici) sözündən yaranıb, “su saxlanılan yer” mənasında işlədilir. Su yığıb saxlamaq üçün qurulan yeraltı hovuza, nohura ovdan deyirlər. Su quyusundan fərqli olaraq ovdandan su çəkməyə ehtiyac qalmır. Əvvəllər su içməyə qabı olmayan yol adamı ovdana enib ovcu ilə su içər, rahatlıq taparmış. Odur ki, ovdanlar əsasən yol kənarlarında, su mənbələrinin az olduğu ərazilərdə inşa edilərdi. Memarlıq tərtibatı baxımından “buzxana” adlandırılan və soyutma məqsədi daşıyan tikililər ovdanlarla oxşardırlar.
   Azərbaycan ərazisində Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir. Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə içmək üçün yararlı olan qrunt sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam etmişdir. Ovdanların funksional quruluşuna əsasən onların memarlıq kompozisiyaları olduqca müxtəlifdir. Tikililərin yerüstü hissəsi portallı fasada malikdir. Portalın arxasında yerləşən hissədə isə aşağı (su saxlancına) enən pilləkən olur.
   Texnoloji münasibətdə ovdanlar iki müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Yeraltı qrunt sularının yığılması üçün ovdanlar Abşeron yarımadasında geniş yayılıb. Bəzən bu ovdanların su qurğuları yer səthinə çıxan quyular şəklində hazırlanıb. Atmosfer yağıntılarının (yağış və qar suları) da yığılması üçün nəzərdə tutulmuş ovdanlar isə daha böyük ölçüdə olurdu. Buna misal olaraq XIX əsrdə Maştağadan olan Xaliq adlı usta tərəfindən Balaxanı kəndində inşa edilmiş ovdan göstərilə bilər.
   Azərbaycanın bir çox yerlərində, misal üçün Ordubad rayonunda digər funksional əhəmiyyəti olan yeraltı qrunt su mənbələrinə təsadüf edilir. Bu tikililər ovdanlardan planlaşdırma və konstruksiya fərqləri ilə seçilir. Həmin tikililər yaşayış evlərinin həyətyanı sahələrində inşa edilib və nəinki içməli su mənbəyi, həmçinin tez xarab olan ərzaq məhsullarının saxlanması üçün sərin yer kimi də istifadə olunur. Bu tikililər planda günbəz örtüklü kvadrat şəkilli yeraltı bina kimi göstərilir. Su mənbəyi binanın mərkəzi hissəsində yerləşir, divarlarda ərzaq saxlanması üçün dərin taxçalar quraşdırılır. Yerin səthindən binaya xüsusi pilləkən enir.
   
   Ovdanlar tarix və mədəniyyət abidəsi kimi qorunur
   
   Azərbaycanın bir çox yerlərində arxeoloji abidələr hesab olunan ovdanlara rast gəlmək olar. Əksəriyyəti XVII-XVIII əsrlərdə inşa olunan tikililərin 50-dən çoxu tarix və mədəniyyət abidəsi kimi qorunur. «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Qax rayonunun Güllük kəndində XV əsrə aid edilən qədim ovdanlar mövcuddur. Abşeron rayonunun Güzdək kəndində isə XIX əsrə aid 20-dən artıq ovdan var.
   Ovdanlar tarixən Böyük İpək Yolu üzərində yerləşən əlverişli su mənbələri hesab olunub. Bu baxımdan Hacıqabul rayon ərazisindəki ovdanlar böyük maraq doğurur. Hərami dağının şərq ətəyində yerləşən ovdan özünəməxsus quruluşa malikdir. Külbələri olan XVII əsr ovdanının hündürlüyü 3 metrdir. Tikilinin giriş qapısı üstündə 5531 rəqəmi və sözü yazılıb. "Yasin ibn Həsən" sözü cızma üsulu ilə daş üzərində həkk edilib. Digər iki ovdan Xilə qəbiristanlığında yerləşir. Biri Zülfüqar, digəri isə Kəblə Əhməd ovdanıdır. Muğan qəsəbəsinin arxa hissəsində yerləşən Cəyirli qəbiristanlığındakı ovdan da çox maraqlıdır. Ərazidə ehtimal edilən digər ovdanlar və su quyuları haqqında əhali arasında müəyyən xatirələr mövcuddur.
   
   Ceyhun Zərbəliyev






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar