Muzeylərimiz tarix və mədəniyyətimizi təbliğ edir
   
   18 may Beynəlxalq Muzeylər Günüdür. 1977-ci ildə Beynəlxalq Muzey Şurası (İnternational Council of Museums - İCOM) tərəfindən təsis edilən əlamətdar gün, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Respublikamızda muzey işi maraqlı inkişaf yolu keçib. İlk dövlət muzeyi 1919-cu ildə Bakıda (İstiqlal Muzeyi), ilk memorial muzey isə 1940-cı ildə Şəkidə (M.F.Axundzadənin ev-muzeyi) fəaliyyətə başlayıb.
   
   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynovanın sözlərinə görə, hazırda Azərbaycanda 255-dək muzey fəaliyyət göstərir. Onların 210-u Mədəniyyət və Turizm Nazirliyinə aiddir: “Bu sıraya 13 incəsənət, 7 ədəbiyyat, 13 tarix, 68 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti, 44 ev-muzeyi daxildir. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran 54 muzey fəaliyyət göstərir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, ayrı-ayrı nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər də var. Bu sırada Milli Azərbaycan Tarixi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı, Kənd Təsərrüfatı muzeylərini və s. qeyd etmək olar».
   Azərbaycanda qoruq muzeylər də fəaliyyət göstərir. Belə muzeylərə açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, məqbərələr, məbədlər daxildir. Bu muzeylərin sırasında Şəki Xan Sarayı, Şirvanşahlar Kompleksi, Möminəxatun türbəsi və başqa abidələri misal çəkmək olar.
   2009-cu il martın 22-də Prezident İlham Əliyev respublikada fəaliyyət göstərən muzeylərin inkişafı ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, muzeylər üçün yeni binaların tikintisi, mövcud muzeylərin əsaslı təmiri, ekspozisiyaların müasir tələblərə uyğun bədii tərtibatı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır: «Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, İncəsənət Muzeyi, Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və s. kolleksiyalarının zənginləşdirilməsi məqsədilə maraqlı eksponatlar nazirlik tərəfindən alınaraq muzeylərə təqdim edilib».
   
   Son bir il ərzində yaradılan  və təmir olunan muzeylər
   
   Sektor müdirinin sözlərinə görə, ötən bir il ərzində bir sıra regionlarda, məsələn, Lerik, Şabran, Tərtər və Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Heydər Əliyev mərkəzləri yaradılıb: «Azərbaycan Respublikası Prezidentinin “Qobustan Milli Tarix-Bədii Qoruğu Muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 4 mart 2011-ci il tarixli sərəncamının icrası məqsədilə qoruğun yeni inzibati binasının interyerinin və ekspozisiya sahəsinin bədii tərtibatının həyata keçirilməsi ilə əlaqədar vəsait ayrılmış, nazirlik tərəfindən keçirilmiş beynəlxalq müsabiqənin qalibi olmuş Latviya Respublikasının “Dd Studio” şirkəti ilə müvafiq işlərin görülməsi üçün müqavilə bağlanılmış və ilin sonunadək bütün işlər başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 26 dekabr 2011-ci il tarixində muzeyin açılışında iştirak ediblər».
   
   Genişlənən beynəlxalq əlaqələr
   
   Son illər muzeylərimizin beynəlxalq əlaqələri də genişlənir, muzey işi sahəsində müxtəlif müqavilələr imzalanır. Məsələn, Mədəniyyət və Turizm Nazirliyi və Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında imzalanmış mədəniyyət və incəsənət sahələrində 2009-2012-ci illər üçün əməkdaşlıq haqqında anlaşma memorandumuna əsasən, 2011-ci ilin sentyabrında Azərbaycan Milli İncəsənət Muzeyində “İn Between: Avstriya Müasir İncəsənəti” adlı sərgisi keçirildi. Eyni zamanda sözügedən əməkdaşlıq sənədində əsasən 2011-ci ilin noyabrında Avstriyanın paytaxtı Vyanada “Azərbaycan: Nar Məkanı” (“Azerbaijan: Terra Granata”) adlı tədbir oldu. Sektor müdiri deyir ki, bu tədbir “Nar bayramı”nın Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-nun reprezentativ siyahısına daxil edilməsi istiqamətində görülən işlərdən biridir: “Tədbirdə nar mövzusuna həsr olunmuş Azərbaycanın xalq və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi, pantomima tamaşası, gənc incəsənət ustalarının çıxışları oldu, nar məhsulları və nar mətbəxi nümayiş etdirildi, nar ornamenti ilə bəzədilmiş kəlağayılar, müxtəlif çap poliqrafiya məhsulları bayram iştirakçılarına paylandı”.
   Sektor müdiri ilin ən iri tədbirləri sırasında İtaliyanın paytaxtı Romada müxtəlif mədəniyyətlər və dinlərarası dialoqun təbliğ edilməsi məqsədilə tarixi “İpək Yolu” üzərində olan ölkələrə həsr olunmuş mədəniyyət və innovasiyalar biennalesində ölkəmizin iştirak etməsini də qeyd etdi. 2011-ci il oktyabrın 20-də açılışı keçirilən bienalledə Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Roma Sivilizasiyası Muzeyində ayrılmış 1000 kv m. sahədə ölkəmizin tarixini, mədəniyyətini nümayiş etdirən “Azərbaycan - Odlar Yurdu İpək Yolunda” adlı sərgi keçirildi.
   Bundan başqa, Azərbaycan-Fransa mədəni əməkdaşlığı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində Fransa muzeylərinin 400-dən artıq tanınmış əsərlərindən ibarət sərginin keçirilməsi də son bir ilin yaddaqalan hadisələrindəndir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin, Milli Muzeylər İctimai Birliyi-Böyük Sarayının birgə təşkilatçılığı ilə mart ayında açılan “Fransanın inciləri. Fransız yaradıcılığı Renessansdan XX əsrədək” adlı sərgi iki ay davam etdi.
   Bu ilin fevralında Milli İncəsənət Muzeyində Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş “Budonun Ruhu: Yaponiyanın döyüş sənətinin tarixi” adlı sərgi də beynəlxalq əlaqələrin intensivləşməsinə nümunədir.
   Respublika muzeyləri 2002-ci ildən başlayaraq ənənəvi “Muzeylər gecəsi” aksiyasında da iştirak edirlər. Sektor müdirinin sözlərinə görə, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyindən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş müraciətdə Avropa məkanında geniş miqyasda “Muzeylər gecəsi” aksiyasının keçirilməsi barədə məlumat verilib və muzeylərimizin bu tədbirə qoşulması təklif edilib: “Geniş tamaşaçı kütlələrinin muzeylərə cəlb edilməsi, muzeylərdə saxlanılan milli sərvətlərimizin təbliğ edilməsi məqsədilə respublikanın şəhər və rayon muzeylərində "Muzeylər gecəsi" tədbiri hər il yüksək səviyyədə keçirilir. Axşam saatlarında tamaşaçılar üçün muzeylərə sərbəst giriş şəraiti yaradılır, muzeylərin profilinə uyğun olaraq kütləvi tədbirlər keçirilir. Bu il də “Muzeylər gecəsi” aksiyası mayın 22-də keçiriləcək».
   
   Mehparə






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar