21 May Dünya Mədəni Müxtəliflik Günüdür
   
   Fikrət Babayev: “Azərbaycan dövləti ölkədəki milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında, inkişafında maraqlıdır və buna dəstək verir”
   
   21 may dünyada “Mədəni Müxtəliflik Günü” kimi qeyd edilir. Əlamətdar gün BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə təsis olunub. 2001-ci il noyabr ayında UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsi qəbul edildikdən sonra BMT Baş Assambleyası bu bəyannaməni və onun həyata keçirilməsi üçün Fəaliyyət Planının əsas istiqamətlərini alqışlayaraq 21 mayı “Dünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü” elan edib.
   
   Sənəddə qeyd edilir ki, bu gün insanlar arasında ayrı-seçkilik salanlara tolerantlıq və qarşılıqlı anlaşmanın daha güclü vasitə olduğuna inananlar tərəfindən müqavimət göstəriləcəyinə işarədir. Çünki dünyada sülh və həmrəylik yalnız insanlar və xalqlar arasında müxtəlifliyin qəbul olunması və qarşılıqlı hörmət yolu ilə əldə oluna bilər.
   Bu gün sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Ölkəmiz də humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürərək multikulturalizmə (mədəni müxtəlifliyə) böyük önəm verən məkana çevrilir. Hazırda multikulturalizm Azərbaycanı dünyada tanıdan vizit kartlarından birdir. Bu termin nisbətən yaxın vaxtlarda yaranıb. Azərbaycanda isə xalqlar artıq neçə əsrdir ki, mədəni müxtəliflik şəraitində yaşayırlar. Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən ölkəmiz ta qədimdən çoxsaylı xalqların birgə və mehriban yaşadığı məkan olub.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirir ki, tarixən tolerantlıq məkanı olmuş Azərbaycan “Dünya Mədəni Müxtəliflik Günü”nü bu sahədə qazandığı nailiyyətlərlə qeyd edir. Hazırda Azərbaycanda talış, kürd, ləzgi, tat, rus, ukraynalı, gürcü, ingiloy, tatar, avar, Ahıska türkləri, yəhudi, alman, yunan - ümumilikdə 20-dən çox millətin nümayəndəsi yaşayır, onların mədəni cəmiyyətləri fəaliyyət göstərir: “Üç dini konfessiyanın - İslam, xristian və iudaizmin nümayəndələri müxtəlif dövlət mərasimlərində, mədəni tədbirlərdə birgə iştirak edirlər. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb. Eyni zamanda hər bir Azərbaycan vətəndaşı mədəniyyətin müxtəlif sahələrindən bərabər səviyyədə istifadə edə bilər. Ölkə rəhbərliyinin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Ölkəmizin bu nailiyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır”.
   
   «Azərbaycan - doğma diyar»
   
   Dünya xalqları arasında dialoqun təbliğ olunması və inkişafında ölkəmizin mühüm rolu göz qabağındadır. Azərbaycan həm İslam dövlətləri, həm də Qərb ölkələri ilə sıx dostluq və əməkdaşlıq münasibətlərinə malikdir. Dövlət tərəfindən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərin həyata keçirilməsi ilə yanaşı, ölkə səviyyəsində də silsilə tədbirlər reallaşdırılır. Milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün ölkəmizdə hüquqi baza yaradılıb, respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiyası”na qoşulub. 2010-cu il mayın 20-də, 21 May Dünya Mədəni Müxtəliflik Günü ərəfəsində bu konvensiyanın təqdimat mərasimi keçirilib.
   Respublikamızda milli azlıqların məsələləri ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri, ictimai birliklər fəaliyyət göstərir. Etnik icmaların dilində 15-dən çox qəzet və jurnal nəşr olunur, milli azlıqların sıx yaşadığı 5 bölgədə yerli teleradio kanalları fəaliyyət göstərir. Həmçinin rus dilində 30-dan çox qəzet və 15 jurnal çap olunur, gündəlik radio və televiziya verilişləri yayınlanır.
   Respublikamızda ənənəvi olaraq «Azərbaycan - doğma diyar» adlı azsaylı xalqların incəsənət festivalının keçirildiyini nəzərə çatdıran F.Babayev ötən il sayca üçüncü dəfə gerçəkləşən festivalda ölkəmizdə yaşayan bütün milli-etnik qruplar öz qədim mədəniyyət və incəsənət nümunələrini təqdim etdiklərini bildirdi: «Ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ümumi Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilir, hətta bu xalqların incəsənətinin, adət-ənənələrinin yaşadılması, təbliği istiqamətində məqsədyönlü iş aparılır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2006, 2008-ci və 2011-ci illərdə keçirilmiş «Azərbaycan - doğma diyar» devizi altında azsaylı xalqların incəsənəti festivalları respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzusunda elmi konfranslar, sərgilər keçirilib”.
   Bununla yanaşı, ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyətinə dair dəyirmi masalar təşkil olunur, bu tədbirlərdə alimlər, ölkədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak edirlər. Azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair təşkil olunan fotosərgilər də maraqla qarşılanır. 2009-cu ildə belə bir fotosərgi UNESCO-nun mənzil qərargahında da nümayiş olunmuşdu.
   
   “Məqsəd ölkəmizdəki milli-mədəni müxtəlifliyin qorunmasıdır”
   
   Bütün bu tədbirlər bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına verdiyi dəstək onlara stimul verir. Söhbət əsnasında F.Babayev bildirdi ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan işin nəticəsində artıq peşəkar ansambllar meydana gəlib: «Son illər həm rayon icra hakimiyyətləri, həm də rayonların mədəniyyət və turizm şöbələri bu sahəyə diqqəti artırıblar. Artıq bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, onları dünyanın bir çox ölkələrinə müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir. Məsələn, «Suvar» ləzgi rəqs ansamblı Türkiyədə, Masallının «Halay» folklor rəqs ansamblı Rusiya, Macarıstan və Türkiyədə səfərlərdə olub. Lerikin «Uzunömürlülər» rəqs ansamblını da ötən il Türkiyəyə festivala göndərdik. Digər ansamblların da müxtəlif festivallarda iştirakını dəstəkləyirik. Zaqatalada yaşayan avarların «Huduki» ansamblı, Balakənin avar rəqs ansamblı da öz fəaliyyətləri ilə seçilirlər. Bütün bunlar bir daha təsdiqləyir ki, son bir neçə il ərzində bu kollektivlərin ümumi səviyyəsi çox yüksəlib. Bu da görülən işlərin nəticəsidir”.
   Hər bir xalqın özünə aid olan milli adət-ənənələri, bayramları, milli mətbəxi və inam gətirdikləri dinləri var: “Azərbaycan dövləti bu milli-mədəni müxtəlifliyin inkişafında maraqlıdır və buna dəstək verir. Məqsəd bu mədəni zənginlik mühitinin qorunub saxlanılmasıdır”.
   Gələcək planlardan da danışan F.Babayev yeni festivalların, azsaylı xalqlarla bağlı müxtəlif tədbirlərin keçiriləcəyini bildirdi: «Bu il Masallı Azərbaycanın ”Folklor paytaxtı” elan edilib. Bu münasibətlə nazirliyin dəstəyi, rayon icra hakimiyyətinin təşəbbüsü ilə Masallıda beynəlxalq folklor festivalı keçiriləcək, orada müxtəlif ölkələrdən gələn kollektivlər çıxış edəcəklər. Azsaylı xalqların kompakt yaşadıqları bölgələrdə - Balakən, Zaqatala, Qusar və digər rayonlarda tədbirlər keçirməyi planlaşdırırıq”.
   Ümumilikdə mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də ölkə səviyyəsində həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.
   
   Mehparə







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar