Xəbər verdiyimiz kimi, orta əsr Ağsu şəhərinin yerində arxeoloji qazıntı zamanı qədim dəfinə aşkar edilib. İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə Ağsu rayonu ərazisində tapılan dəfinə ilə bağlı brifinq keçirib.
   
   Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək orta əsr Ağsu şəhərinin yerində arxeoloji qazıntı zamanı aşkara çıxarılmış Hollandiya istehsalı olan qızıl sikkə nümunələrindən ibarət dəfinə ilə bağlı məlumat verib.
   Bildirilib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu 2010-cu ilin martından orta əsr Ağsu şəhərinin yerində tədqiqat işləri aparır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya bu günədək 15 min kvadratmetrədək sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb. Ekspedisiyanın tapıntısı AMEA rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, Arxeologiya və Etnoqrafiya İnstitutunun və Ağsu ekspedisiyasının rəhbərliyinə təşəkkür elan edilib və onlara pul mükafatının verilməsi qərara alınıb.
   Son illər ölkəmizdə arxeologiya elminin inkişafına xüsusi diqqət yetirildiyini bildirən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd edib ki, bu gün bir çox bölgələrdə arxeoloji tədqiqat işləri aparılır.
   İnstitut rəhbəri vurğulayıb ki, tapılmış dəfinə Azərbaycan tarixinin öyrənilməsində böyük önəm daşıyacaq.
   Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev bildirib ki, iyunun 22-də şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri aparılarkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb. Sikkələrin ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin, demək olar ki, hamısı yaxşı vəziyyətdədir.
   Ekspedisiya rəhbərliyi ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq iyunun 25-də dəfinəni Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.
   İyulun 9-da Ağsuda daha bir qızıl nümunəsi - qızıl sinəbənd tapılmışdır. Hazırda Ağsuda tədqiqatlar davam etdirilir. İndiyədək aşkarlanmış nümunələr onu göstərir ki, XVIII əsrdə Azərbaycan şəhərlərinin dünyanın bir çox şəhərləri ilə sıx əlaqəsi olub.






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar