Telman Kərimli: “Qədim tikililərin bərpasıyla yanaşı, insanların bu tikililərdən istifadəsi ilə bağlı da layihələr hazırlanır”
   
   Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyətin digər istiqamətləri kimi, mədəni irsimizin qorunub saxlanılması sahəsində də böyük işlər görülüb. Dövlətin bu sahəyə qayğısı nəticəsində qədim tarixi-mədəni abidələrimiz təmir-bərpa edilərək yeni həyat qazanırlar. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
   
   Qeyd edək ki, Azərbaycanda bərpa-konservasiya işlərinə hələ XIX əsrdən başlanılıb. İlkin dövrlərdə əsasən abidələrdə elmi-tədqiqat və qismən bərpa-konservasiya işləri aparılıb. 1952-ci ildə Elmi-Bərpa İstehsalat Emalatxanası (hazırkı “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu) yaradıldıqdan sonra abidələrin bərpasına kompleks şəkildə yanaşılıb. Bu dövr ərzində yüzlərlə daşınmaz tarix və mədəniyyət abidəsi elmi-tədqiqat, o cümlədən bərpa-konservasiya işləri nəticəsində yeniləşib.
   İnstitutun direktoru Telman Kərimlinin sözlərinə görə, bu sahədə işlər 2000-ci ildən başlayaraq geniş vüsət alıb: «Ölkə rəhbərliyinin tarix və mədəniyyət abidələrinə qayğısı sayəsində respublikamızda tarix və mədəniyyət abidələrinin, tarixi məkanların qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə mühüm işlər görülür. Son illərdə yeni qoruqlar yaradılıb, onlarla abidə bərpa edilib. Bu sahəyə ayrılan vəsaitlərin artması nəticəsində Bakıda, eləcə də respublikamızın rayonlarında bərpa-konservasiya işləri daha da sürətlənib. Bu həm abidələrimizin qorunmasına, təbliğinə, həm də respublikamızda turizmin inkişafına təkan verir».
   Son illər görülən işlərdən bəhs edən Telman Kərimli bildirdi: «Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməyi və iştirakı nəticəsində son beş il ərzində 30-a yaxın abidədə elmi-tədqiqat işləri aparılıb, onların bərpa-konservasiyası və istifadəsi layihəsi hazırlanıb. Bu işlər Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi əsasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən aparılır. Belə abidələrə Şəki şəhərindəki Aşağı Karvansaranı, Şəkixanovların evini, Nakam adına kitabxananı, eləcə də Bərdə rayonundakı “Allah-Allah” türbəsini, Gəncə şəhərindəki “Şah Abbas” və “Uğurlu xan” karvansaralarını, Quba rayonunun Rustov və Xınalıq kəndlərindəki məscidləri, Balakən rayonundakı məscidi, Salyan şəhərindəki məscidi, Nardarandakı Xan bağını, Hacıqabul rayonundakı Pir Hüseyn xanəgahını, Lənkərandakı Dairəvi Qalanı, Bakı şəhəri Suraxanı qəsəbəsindəki “Atəşgah” məbədini, Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı türbəsini və s. abidələri göstərmək olar”.
   
   Əvəzsiz abidə - Aşağı Karvansara
   
   Qədim və orta əsr abidələri ilə zəngin Şəki Azərbaycanın ən gözəl turizm məkanlarından biridir. Qədim abidələrin təmir-bərpası şəhəri daha cəlbedici məkana çevirib. Bu abidələrdən biri də Azərbaycanda ən böyük karvansara hesab edilən XVIII əsrə aid Aşağı Karvansaradır. Abidənin bərpası haqqında məlumat verən həmsöhbətim onun 2008-ci ilə qədər ciddi qəza vəziyyətində olduğunu diqqətə çatdırdı: «Son dövrlərə qədər karvansaranın bir hissəsində ticarət köşkləri, dükan və emalatxanalar fəaliyyət göstərirdi. Qalan hissələr isə demək olar ki, istifadə olunmur və nəticədə tikili dağılırdı. Abidənin demək olar ki, bütün tağları, divarları, dam örtüyü dağılmış vəziyyətdə idi. Bununla bağlı 2008-ci ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən abidənin bərpa layihəsi hazırlandı və 2009-cu ildən etibarən bərpa işlərinə başlanıldı. Bərpa prosesinin xüsusiyyətinə uyğun olaraq əlavə işlər meydana çıxdı. Bütün işlər 2011-ci ildə yekunlaşdı. Nəticədə karvansaranın dam örtüyü, divarları, tağları, döşəməsi təmir-bərpa edilərək əvvəlki vəziyyətinə qaytarıldı”.
   Söhbət əsnasında abidənin əhəmiyyətindən də söz açan mütəxəssis Aşağı Karvansaranın sahəsinə görə Azərbaycanda ən böyük və əzəmətli karvansara olduğunu diqqətə çatdırdı: «Abidənin tağ quruluşları, bacaları, XVIII əsrə xas qarışıq tikinti materiallarından inşa edilməsi, qapı-pəncərələrinin quruluşları fərqli və əhəmiyyətlidir. Bir sözlə, Aşağı Karvansara öz funksiyasına uyğun olaraq karvansara tipli əvəzsiz abidədir”.
   Direktor təmir-bərpa işlərinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük diqqət göstərildiyini vurğuladı.
   
   Hotel-karvansaralar turistləri daha çox cəlb edir
   
   Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, son vaxtlar abidələrin bərpa-konservasiya layihələri ilə birlikdə onların istifadə layihələri də hazırlanır ki, bu da abidənin uzun müddət qorunmasına zəmin yaradır. Hazırlanmış layihə-smeta sənədləri əsasında abidələrdə bərpa-konservasiya işlərinə nazirliyin, Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin və “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri nəzarət edirlər.
   Direktorun sözlərinə görə, hazırda nazirlik tərəfindən Aşağı Karvansaranın istifadə layihəsinin hazırlanması planlaşdırılır: «Ümumiyyətlə, bərpa edilən abidənin istifadəsi üçün müxtəlif təkliflər öyrənilir. Nazirlik tərəfindən hər hansı tikilinin bərpası bizə tapşırıldıqda bərpa layihəsi ilə yanaşı, həmin tikilidən istifadə layihəsinin də hazırlanması nəzərdə tutulur. Məsələn, iki il bundan öncə Gəncə şəhərində XVIII əsrə aid Şah Abbas Karvansarasının bərpa layihəsini hazırladıq və ötən ildən orada bərpa işləri aparılır. Bərpa layihəsi ilə birlikdə onun istifadə layihəsini də təqdim etdik. Beləliklə, Şah Abbas Karvansarası mehmanxana kimi istifadə olunacaq. Təbii ki, qədim abidənin bərpası və mehmanxana funksiyası ora turizm axınını da gücləndirəcək. Gəncə şəhərinə gələn turistlər yeni tikilmiş hoteldən daha çox, qədim tikilidə qalmağı üstün tutacaq. Karvansara tipli abidələr elə Şərq hotelidir və ona görə də hotel kimi istifadəsi daha məqsədəuyğun olar».
   Məlumat üçün bildirək ki, hazırda turizm sektoru inkişaf edən bir sıra Şərq ölkələrində bərpa edilən və hotel kimi fəaliyyət göstərən karvansaralarda onun tarixiliyini isbatlayan xüsusi nömrələr, məsələn, «padşah» və ya «sultan» otaqları da yaradılır. Təmir-bərpa işləri başa çatan Şah Abbas karvansara-mehmanxanasında da bu təcrübə tətbiq ediləcək. Belə ki, «Şah Abbas otağı» adlanan xüsusi nömrə adi nömrələrdən fərqlənəcək. Memarlıq və dizaynı ilə qeyri-adi təsir bağışlayan bu məkanda qalanlar bir növ tarixə, Şah Abbas dövrünə səyahət etmiş olacaqlar.
   
   UNESCO-dan gələn qonaqlar Yuxarıbaş qoruğunu yüksək qiymətləndirdilər
   
   Şəki şəhəri memarlığına görə digər bölgələrdən fərqlənir. Burada həm Şərq memarlığına, həm də alban məbədləri nümunələrinə rast gəlmək olur. Telman Kərimlinin sözlərinə görə, rayonda digər tarixi abidələrin təmir-bərpası da nəzərdə tutulub: «Tarixi abidələrdən olan XIX əsrə aid Nakam adlı kitabxananın bərpası ötən il başa çatdı və elə kitabxana kimi də istifadə olunur. Hazırda Şəkidə bizim institut tərəfindən «Əbdül Səlam» hamamının layihəsi hazırlanıb və artıq bərpa prosesi gedir. Ötən il ölkə başçısının Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamda abidələrin bərpası da nəzərdə tutulub. Artıq küçələrin fasadlarında, abidə hesab edilən binalarda bərpa işləri aparılır».
   Həmsöhbətim Şəkinin Yuxarıbaş qoruğu ərazisinin dünya mədəni irs siyahısına salınmasının mümkünlüyünü də qeyd etdi: “Bu yaxınlarda UNESCO-dan gələn qonaqlar qoruq hissəsini yüksək qiymətləndirdilər. Qoruğun ərazisi Şəkinin qədim hissəsidir. Perspektiv planda qala divarlarının, hamamların və digər abidələrin bərpası da nəzərdə tutulub”.
   Söhbətin sonunda abidələrin bərpasının əhəmiyyətini bir daha vurğulayan Telman Kərimli tarix və mədəniyyət abidələrinin xalqın mənəvi inkişaf səviyyəsini göstərdiyini bildirdi: “Abidələrin elmin, təhsilin və mədəniyyətin inkişafına, vətənpərvərlik ruhunun, mənəvi və estetik tərbiyənin formalaşmasına təsiri əvəzolunmazdır. Lakin illər keçdikcə tarixin bu silinməz yaddaşı olan abidələr məhv olmaq təhlükəsi qarşısında qalır, onların mühafizəyə, bərpaya ehtiyacı olur. Bu baxımdan da həmin abidələrin qorunması, bərpası hər zaman aktual bir məsələ kimi qarşıda dayanır”.
   
   Mehparə







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar