Tarixə mədəni baxış
   
     
   Daşişləmə ölkəmizdə zəngin ənənələrə malik ən qədim və arxaik sənət növlərindən biridir. Bu sənətin tarixi Azərbaycan ərazisində qədim insanın təşəkkül tapdığı ilk dövrlərə gedib çıxır.
   
   Azıx, Damcılı, Tağlar, Daşsalahlı və digər Paleolit abidələrindən aşkar edilmiş maddi-mədəniyyət qalıqları, xüsusilə də bəsit daş alətlər yurdumuzun qədim sakinlərinin Daş dövründəki ilk sənət-peşə həyatından soraq verir.
   İlk bəsit əmək alətləri qəlpələmə texnikası əsasında, zərbə üsulu ilə çaxmaq daşından hazırlanmış çapacaq tipli kobud çapma alətlərindən, dişəkləmə və gəzləmə üsulu ilə düzəldilmiş qaşov, iskənə, biz və bıçaqlardan ibarət olub. Orta və son Paleolit dövründə artıq daşdan təkcə əmək aləti kimi deyil, həm də müxtəlif növ kəsici və deşici silahlar da düzəldilməyə başlanılıb. Zaman ötdükcə daş alətlərin hazırlanması texnologiyası da inkişaf (Mezolit dövrü) edib. Dəmirin kəşfindən sonra isə ənənəvi daşişləmə sənətinin ən geniş yayılmış sahələrindən biri olan daş üzərində oyma sənəti meydana gəldi.
   Oyma sənətinin ilk nümunələrinə Qobustan və Gəmiqayada rast gəlirik. Eramızdan əvvəl VIII minilliyə aid olan Qobustan qayaüstü rəsmləri itiuclu daş alətlərlə oyulub. Dəmir və metal alətlərin məişətdə tətbiq edilməsi daş alət və silahları sıxışdırıb aradan çıxardı və bununla da daşişləmə sənəti özünün yeni tarixi mərhələsinə qədəm qoydu. Hörmə inşaat texnikasının meydana gəlməsi nəticəsində bu sənətin bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq sahələri yarandı. Məhəlli xüsusiyyətləri ilə fərqlənən bir sıra memarlıq məktəblərinin meydana gəlməsi və onların çoxcəhətli səmərəli fəaliyyəti ənənəvi daşişləmə sənətini daha da zənginləşdirdi. Buna nümunə kimi Şirvan-Abşeron memarlıq məktəbini misal çəkmək olar.
   * * *
   Daşişləmə sənətinin arxaik növlərindən biri olan ibtidai heykəltəraşlıq Azərbaycan ərazisində hələ çox erkən inkişaf edib. Bu sənət növünün tiplərinə (daş abidələrə) həm insan, həm də heyvan heykəli şəklində rast gəlinir. Heyvan heykəllərini əsasən qoç və at fiqurları təşkil edir. İlk dövrlərdə bəsit yonma texnikası ilə insan görkəmində düzəldilmiş daş heykəllər rəmzi məna kəsb etməklə, zamanın ideologiyası və dini baxışlarla üzvi surətdə bağlı olub. Azərbaycan ərazisində büt heykəllər ilk orta əsrlərə qədər davam edib. Qədim Albaniya ərazisində bu heykəllərin qalıqları aşkar edilmişdir. Daş heykəllərin ikinci qrupunu təşkil edən qoç və at heykəlləri nisbətən sonrakı dövrdə meydana çıxaraq əsasən qəbirüstü abidələr şəklində hazırlanıb. Azərbaycan ərazisində İslam dini yayılandan sonra insan heykəlləri bütpərəstliyin qalığı kimi məhv edilsə də, heyvan heykəlləri qəbirüstü abidə olması səbəbindən dağıdılmayıb. Oyma üsulunda düzəldilmiş heyvan heykəlləri dekorativ bəzək tərtibatı kimi real təsviri etibarı ilə bəsit insan heykəllərindən fərqlənirdi. Bu heykəllərə Azərbaycanın dağlıq və dağətəyi ərazilərində daha çox rast gəlinir.
   * * *
   Daşişləmə sənətinin dekorativ baxımdan zəngin və mükəmməl növünü həkkaklıq təşkil edir. Həkkaklıq qəbirüstü abidələr və inşaat hissələrinin düzəldilməsində istifadə edilib( sənduqə və kitabələr). Feodalizm dövründə əhalinin aşağı təbəqələrindən fərqli olaraq, varlılar möhtəşəm saray və qəsrlər, dəbdəbəli yaşayış binaları tikdirirdilər. Daşdan tikilən tikililər bədii dekora malik oyma-nəqşlə bəzədilirdi. Bu da sənətin texniki cəhətdən inkişafına və təkmilləşməsinə gətirib çıxardı.
   Orta əsrlərdə daş üzərində oyma sənəti ümumən xəttatlıq sənətinin bir qolunu təşkil edib. Bu dövrdə xəttatların əksəriyyəti həm də həkkaklıqla məşğul olublar. Tarixi kökləri Qobustan qaya təsvirlərinə gedib çatan Azərbaycan həkkaklıq sənəti orta əsrlərdə qrafik yazılar, həndəsi və nəbati naxışlar, eyni zamanda əşya təsvirlərində özünü göstərib. Həkkaklığın digər bir maraqlı cəhəti nəqqaşlığı özündə birləşdirməsidir. Ərəb əlifbasının xətt üslublarından istifadə edən həkkaklar çox vaxt hazırladıqları məmulatların boşluqlarını həndəsi və nəbati naxışlarla, ornamentlərlə tamamlayıb bəzədiklərindən, eyni zamanda nəqqaş vəzifəsini də yerinə yetirmiş olurdular.
   XI-XIV əsr kitabələrində kufi xətt səciyyəvilik təşkil edirdisə, XVIII-XIX əsr kitabələri, bir qayda olaraq, nəstəliq üslubunda yazılıb. Həmin təcrübə və sənət sahəsindəki istehsal prosesləri bu gün də əhəmiyyətini itirməyib. Daş ustaları, daşyonan, cilalama kimi sənət növləri müasir zamanda da tələbat olan sahələrdir. Beləliklə, daşişləmə sənəti əməli ehtiyacdan yaranaraq bəsit formadan kamil incəsənət əsərlərinə, monumental-dekorativ sənət səviyyəsinədək mürəkkəb bir yol keçib.
   
   Lalə Azəri







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar