Azərbaycanda qədim tarixi olan xalq sənəti sahələrindən biri də dulusçuluqdur. Mütəxəssislər bu sənət sahəsinin meydana gəlməsini neolit dövrünə aid edirlər. Tarixi mənbələrə nəzər saldıqda görürük ki, bu sənətlə ilk dövrlərdə qadınlar məşğul olublar.
Daha sonralar texniki nailiyyətlər nəticəsində bu sahə inkişaf edərək müstəqil sənət sahəsinə çevrilib. “Azərbaycan etnoqrafiyası” ensiklopediyasından və bu sahəyə aid digər müəllif yazılarından məlum olur ki, orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluğun inkişafı daha da sürətlənib. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq məmulatlarının çeşidinin artmasına, həmçinin dulusçuluq mərkəzlərinin yaranmasına gətirib çıxarıb. Dulusçuluq məmulatlarına olan tələbat saxsı qabların istehsalı üçün də əlverişli şərait yaradıb. Həmin dövrlərdə saxsı qabların geniş yayılması Azərbaycanın, demək olar ki, bütün vilayətlərini əhatə edib. Arxeoloji qazıntılar zamanı aşkar edilən şirsiz və şirli qablar bu sahədə istehsalın yüksək səviyyədə olduğuna dəlalət edir. Beyləqan ərazisində tapılan materiallar da buna sübutdur.
XVIII əsrin sonu XIX əsrin əvvəllərində dulusçuluq istehsalında məişət keramikası sahəsi daha çox inkişaf edib. Dulusçular əsasən məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Bunlara su qabları, yemək üçün qablar və s. aid idi. Məişətdə istifadə edilən dulusçuluq məmulatları öz təyinatlarına görə bir neçə qrupa bölünürdülər. Su qablarının bir neçə növü var idi. Bu növlər sırasına səhəng, cürdək, bardaq, kuzə və s. daxil idi. Suyu saxlamaq və istifadə etmək üçün küp, sürahi, dolça, parç hazırlanırdı. Yuyunmaq və dəstəmaz almaq üçün də müxtəlif saxsı qablar istehsal edilirdi. Ümumilikdə isə dulusçular hər növ qab-qacaq istehsal etməyi bacarırdılar.
Azərbaycan sənətkarlıq tarixində dulusçuluq və saxsı qablar istehsalı haqqında məlumata ən çox Naxçıvan xanlığının tarixində rast gəlmək olur. Tarixi mənbələrdə Naxçıvan hakimi Ehsan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyəti haqqında məlumatlar var. Şamaxı, Ərdəbil, Təbriz, Gəncə və s. şəhərlərdə də saxsı qablar istehsal edilirdi. Şəki xanlığının bir çox qəsəbələrində, xüsusilə Nuxada gil qablar hazırlanırdı.
Dulusçuluq sənəti Bakıda da inkişaf etmişdi. Şəhər ətrafı gil yataqları ilə zəngin olduğundan, burada saxsı qab istehsalı üçün əlverişli şərait yaradıb. Bakı ərazisində XVII əsrə aid çoxlu sayda kasa, boşqab və s. məmulatlar tapılıb ki, bunların da yerli istehsala aid olduğu zənn edilir. Eyni zamanda Təbriz və Ərdəbil dulusçuluq mərkəzləri kimi tanınıb. Bu şəhərlərin ərazisi də gil yataqları ilə zəngin idi.
Saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. Bu istehsal həm də geniş satış üçün nəzərdə tutulurdu. Dulusçuluq məmulatları içərisində əsasən səhəng və küplərin istehsalı üstünlük təşkil edirdi. Bu qablara tələbat həmişə çox olub. Zaman keçdikcə mis və şüşə qabların məişətə daxil olması saxsını sıxışdırıb aradan çıxardı. Müasir dövrdə isə dulusçuluq üç istiqamətdə inkişaf edir: tikinti kərpici istehsalı, müxtəlif gil qablar (kafel, saxsı boru), fayans və farfor istehsalı.
Lalə Azəri