Ərəb memarlığında Misir abidələrinin özünəməxsus yeri var. Belə nümunələrdən biri də İbn Tulun məscididir.
   
   IX əsrdə Misir iqtisadi cəhətdən inkişaf edərək qüdrətli ölkəyə çevrilir. Bağdad xəlifələri ilə dini bağlılığı olsa da, müstəqil siyasət yeridir. Həmin vaxt Misir hökmdarı Sultan Əhməd ibn Tulun mədəniyyətə daha çox üstünlük verir. Onun dövründə Misirdə böyük quruculuq işləri həyata keçirilir. Xüsusilə Qahirədə xeyli memarlıq abidələri tikilir. Həmin memarlıq abidələrindən biri də İbn Tulun məscididir. Bu gün də o, Misirin ən möhtəşəm memarlıq abidələrindən hesab edilir. Məscid IX əsrdə, təxminən 876-879-cu illər arasında tikilib.
   Rəvayətə görə, məscidin layihəsi xristian əsilli memar tərəfindən hazırlanıb. Misirdə məhbəs həyatı yaşayan bu yadellinin istedadlı memar olduğunu bilincə onu hökmdarın sarayına gətirirlər. Hökmdar deyir: “Əgər bu məscidi istədiyim kimi tikə bilsən, azad olacaqsan! Misirdə sərbəst yaşamaq hüququn olacaq!”.
   Hökmdar Qahirədə, Yaşkur yamacında özünün - Tulunlar sülaləsinin adı ilə anılacaq məscid tikdirir. İbn Tulun məscidi Qahirədə “Əl-Əzhar”, “Əl-Həkimə”dən sonra üçüncü ən böyük məscid olur. Bu memarlıq abidəsi Qahirədə köhnə şəhərlə yeni salınan şəhər arasında inşa edilir. Məscidin arxa tərəfi saray əyanlarının məhəlləsi olur. Orada kral sarayı, saray əyanlarının çoxsaylı mülkləri yerləşib...
   Göründüyü kimi, bu möhtəşəm abidənin inşasından min ildən artıq vaxt keçib. Bu vaxtacan zamanın çox sınaqlarına məruz qalıb. Ancaq günümüzə gəlib çatıb. Məscidin minarəsi XIII əsrdə ucaldılıb. Minarə məscidə bitişik tikilib. Şəhərin digər minarələrinə bənzəmir. O, möhtəşəm divarlarla əhatə olunub və müdafiə qalasını xatırladır.
   Məscid çox yığcam və bəzək-düzəksiz tikilib. Binanın daxili memarlıq nümunələri - sütunlar kaşi ornamental bəzəklər, pəncərələr arasındakı məsafələr, karnizlər və s. relyef stilizə olunan nəbati ornamentlə tərtib olunub. Daxili bəzək işlərində naxış bolluğu heç də təsadüfi deyil. Çünki o zaman müsəlman incəsənəti ənənəsinə görə, canlı varlıqların, xüsusilə insan təsvirinə qadağalar vardı. Bunun nəticəsində ornament təsvirlərin rolu yüksəlmişdi. Məlum olduğu kimi, ornament müsəlman memarlığında dərin məna kəsb edir. Xüsusilə də, islam tikililərinə qeyri-adi əzəmət və gözəllik bəxş edir. İbn Tulun məscidi də tarix boyu müharibələrdə dəfələrlə dağıntıya məruz qalıb və sonradan bərpa olunub.
   Məscid uzun müddət Qərbi Afrika ölkələrindən Məkkəyə, Qüds və Bağdada ziyarətə gedən zəvvarlar üçün dayanacaq məntəqəsi olub. Bu gün də İbn Tulun məscidi Qahirədəki çoxsaylı məscidlər arasında öz qədimliyi, möhtəşəmliyi ilə seçilir. Orta əsr ərəb memarlığının abidəsi kimi dünyada tanınır.
   
   Savalan Fərəcov







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar