Məmməd Səid Ordubadi - 140
...Yazı masası, radioqəbuledici, divardan boylanan şəkillər... Ordubadinin həyatı, yaradıcılığı, taleyi əslində tarixi bir romandır. Bu romanı vərəqləmək üçün yazıçının xatirə muzeyini ziyarət eləməliyik, yubileydən yubileyə yox, vaxtaşırı...
Xaqani küçəsi 19. Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, şair, dramaturq, jurnalist, tərcüməçi Məmməd Səid Ordubadi 1938-ci ildən ömrünün son gününə - 1950-ci il mayın 1-dək bu ünvanda yaşayıb. 1990-cı ildə isə bu mənzil Məmməd Səid Ordubadinin xatirə muzeyi kimi qapılarını ziyarətçilərin üzünə açıb...
... Xatirə muzeyinin elmi işçisi İradə Vəliyevanın bələdçiliyi ilə böyük ədibin ömür yolunun xatirələrini yaşadan məkanla tanış oluruq. Həmsöhbətim bildirir ki, hazırda muzeydə 2 mindən artıq eksponat qorunub saxlanılır. Bunların əksəriyyəti məişət əşyaları, Ordubadinin şəxsi əşyaları, ailə fotoları, əlyazmaları, kitablarıdır. Ordubadi haqqında yazılmış əsərlər də bu ekspozisiyaya daxildir. Bu ev həm də saysız-hesabsız xatirələrlə zəngindir. Ruhların tez-tez baş çəkdiyi sakit, səliqəli və işıqlı mənzildə Ordubadinin keçdiyi enişli-yoxuşlu həyat yoluna nəzər salmağa çalışırıq. Çünki Ordubadi tarixi sevirdi, tarix isə faktları sevir.
“Həyatım və mühitim”
Ordubadinin Azərbaycan MEA Əlyazmalar İnstitutundakı şəxsi arxivində mühafizə olunan “Həyatım və mühitim” memuarı yazıçının həyatı barədə ən qiymətli mənbədir. Yazıçı bu memuarı tam halda ötən əsrin 30-cu illərində qələmə alıb. Memuarda Ordubadi şəxsiyyətini hərtərəfli görmək mümkündür.
“Atam Hacağa Məmməd oğlu yeddi arxa keçdikdən sonra Şah Abbasın yanında böyük bir mərtəbə qazanmış məşhur şair Mirzə Hətəm Ordubadinin nəvəsidir.
Anam İranın Qaradağ tərəflərindən - Dizmar mahalındandır. Üştibin kəndindən Pənah adlı bir bağbanın qızıdır. O, Tovuz xanım vasitəsilə məşhur Üştibin şairi Nəbatinin nəslinə mənsubdur. Atam evləndiyi vaxt çox fəqir idi. Bunun üçün şeirlərində “Fəqir” təxəllüsü ilə məşhur olmuşdur”.
Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat vurğunu olan Mirzə Baxşı yeniyetmənin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək, ona xüsusi diqqət göstərir, təhsil haqqı da almır. Lakin Ordubadi əsl təhsilini dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məhəmməd Tağı Sidqinin açdığı yeni tipli (üsuli-cədid) məktəbdə alır. Sidqi Ordubadinin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Məktəbdən kənar vaxtlarında isə gələcəyin ədibi mədrəsəyə gedərək ərəb və fars dillərini, sərf-nəhv və məntiq elmini öyrənir. Dördsinifli şəhər məktəbini bitirdikdən sonra təhsilini davam etdirməyə imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə yolu ilə artırır, eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini dolandırır.
Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayır. Bu barədə xatirələrində belə yazır: “Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb özüm də hiss etmədiyim bir surətdə mənə şeir yazmağı öyrətdi".
1903-cü ildə Ordubadinin "Şərqi-Rus" qəzetinin nəşrə başlaması münasibətilə yazdığı şeir bu mətbu orqanda çap olunur. İlk dəfə şeirinin mətbuatda işıq üzü görməsi onu ardıcıl olaraq qəzetlərdə çıxış etməyə həvəsləndirir. Xüsusilə 1905-ci il inqilabından sonra mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlinir. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabları çap olunur.
“Molla Nəsrəddin” və Ordubadi
1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılığına böyük təsir göstərir. Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilir. Beləliklə, o, jurnalın əsas əməkdaşlarından birinə çevrilir. Ordubadi Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazə həyat" və s. qəzetlərin səhifəsində də müntəzəm çıxış edir.
Ordubadi "Molla Nəsrəddin"lə uzun illər əməkdaşlıq edib. "Əsərlərim artdıqca, xüsusən "Molla Nəsrəddin" məcmuəsindəki iştirakım sıxlaşdıqca düşmənlərim də artırdı", - deyə yazıçı xatirələrində qeyd edirdi. Bu təzyiqlər altında o, Ordubaddan Culfaya köçməyə məcbur olur.
Culfa mühiti ədibin həyatına bir sıra yeniliklər gətirir. O, İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur, inqilabda iştirak edir, sosial-demokrat təşkilatı "Hümmət"in Culfa təşkilatına daxil olur. İran inqilabında iştirakı Ordubadiyə yeni əsərlər yazmaq üçün mövzu verir. Yazıçının "Nisvani islam" və "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab" əsərləri belə meydana gəlir.
Sürgündən sürgünə
Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri daha da artır. 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçir. Qışın ən şiddətli soyuqlarında yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətinə ciddi təsir edir. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olur.
1914-cü ildə Bakıda ədibin "Bədbəxt milyonçu" və "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxır. Ordubadi sürgündən yalnız 1917-ci ildə azad olur.
20-ci illərdə Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə və poemalardan ibarət bir neçə şeir kitabı ("Analıq", "Köhnə adamlar" "Mənim şeirlərim" və s.) nəşr olunur.
Bu dövrdə ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıb-yaradan sənətkar bir neçə dram əsəri də qələmə alır. Onun müvəffəqiyyətlə tamaşaya qoyulan "Sabotajniklər", "Dinçilər" və başqa pyesləri bu dövrün məhsuludur.
"Dumanlı Təbriz"
Vətənpərvər yazıçı, səhhətindəki problemlərə baxmayaraq, Böyük Vətən müharibəsi (1941-1945) illərində də öz qələm yoldaşları ilə birlikdə yorulmadan çalışır, radio və mətbuatda faşizm əleyhinə əsərləri ilə çıxış edir. "Gənc çekistlər", "Kiçik şəhər", "Serjant İvanov adına körpələr evi" kimi roman və hekayələr, "Maral", "İntizar çəkənlər" pyesləri həmin dövrdə qələmə alır. Yazıçının "XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" adlı əsəri ciddi tədqiqatın məhsulu kimi yüksək dəyərləndirilir.
Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapır. Yazıçı 20-ci illərdən əvvəl yazmağa başladığı dördcildlik "Dumanlı Təbriz" (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında bu janrın əsasını qoyur. Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-1948) romanında ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini ustalıqla yaratmağa nail olur. "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940) tarixi romanları da ədəbiyyatımızın ən gözəl nümunələri kimi oxucular tərəfindən sevilir.
"Təzə adam" romanı və Sumqayıt tikintisindən bəhs edən "Böyuk quruluşda" adlı dramı isə müharibədən sonra qələmə aldığı əsərlərdəndir.
Azərbaycan musiqi sənətinin inkişafında da Ordubadinin xidmətləri danılmazdır. O, Üzeyir Hacıbəylinin "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz", Əfrasiyab Bədəlbəylinin "Nizami" operalarının, Səid Rüstəmovun “Beş manatlıq gəlin", Fikrət Əmirovun "Ürək çalanlar" musiqili komediyalarının libretto müəllifidir. Ordubadinin şeirlərinə mahnılar da yazılıb. Böyük bəstəkar Fikrət Əmirovun bəstələdiyi “Gülərəm gülsən” mahnısı bu gün də müğənnilərin repertuarında yer alan musiqi incilərimizdən biridir.
Xatirələr işığında
Tarixi faktlarla yanaşı, Ordubadi ilə bağlı yaddaşlarda da xeyli xatirələr iz salıb. İradə xanım deyir ki, ədib böyük sənətkarımız Bülbüllə qapıbir qonşu, eyni zamanda, çox yaxın dost olublar. Məmməd Səid musiqini həddindən artıq sevərmiş. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov tez-tez onlara qonaq gələr, birlikdə işləyərdilər.
Həmsöhbətim Bülbülün həyat yoldaşı Adilə xanımın xatirələrini də söyləyir: “Adilə xanım deyir ki, axır vaxtlar Ordubadi çox xəstə idi. Amma çox baməzə adam idi. Deyirdi, axı mən niyə ölüm, axı mən kimə neyləyirəm, elə oturub, yazıram, yazıram...”. Ölüm ayağında da Ordubadi Bülbülü çağırır. O dövrdə 1 may təntənə ilə keçirilərdi. Həmin gün Bülbül də parada gedibmiş. Ordubadinin həyat yoldaşı Taisiya Vasilyevna özünü Adilə xanıma yetirib deyir ki, halı pisləşib, Bülbülü çağırın. Adilə xanım məktub yazıb bir nəfərlə göndərir. Ordubadinin son nefesinde Bülbül özünü çatdırır və iki dost beləcə əbədi ayrılırlar”.
Məmməd Səid Ordubadinin şəxsi həyatı o qədər də uğurlu olmamışdır. Sürgün illərində hər iki valideynlərini itirən Taisiya adlı gənc bir qızla ailə qurmuş, Şəfiqə adlı bir qızları dünyaya gəlsə də, bələkdə ikən ölmüşdü. Sonra onların Maqsud adlı bir oğlu olur. Maqsud da atasının ölümündən iki il sonra (1952) 32 yaşında dünyasını dəyişir. Həyatın ağır sınaqlarından keçən Taisiyanın divardan boylanan şəkli hüznlüdür. Ordubadi həyat yoldaşını “Nura” deyə çağırarmış. Ədibin şirinli-acılı günlərinin şahidi olan qadın səmimiyyəti, xeyirxahlığı ilə bu gün də xoş xatirələrlə yad edilir.
...Xatirə muzeyindən xatirələrlə ayrılıram...
Təranə Vahid