Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Burada yurd yerlərindən tapılan daş çapacaqlar, bıçaqlar, nizə və ox ucluqları, məişət əşyaları ərazidə hələ daş dövründə insanların yaşadığını sübut edir. İsmayıllı rayonunda qalalar da çoxdur. Təsadüfi deyil ki, bölgəni qalalar diyarı da adlandırırlar.
   
   Cavanşir qalası
   
   Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının hökmdarı, məşhur sərkərdə Cavanşirin (642-681) adı ilə bağlı olan qala rayonun Talıstan kəndindən 4 km şimalda, Ağçayın sağ sahilində yerləşir. Tikili əsas hissə və İçqaladan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2, hündürlüyü isə 10 metrdən çoxdur. İçqala dağın ən hündür yerində tikilib. İlk orta əsrlərə aid möhtəşəm müdafiə sistemidir. Buradan 7 km məsafədə yerləşən Qız qalasınadək gizli yeraltı tunel yol olub. Zaman keçdikcə tunel uçub dağılsa da, bəzi hissələr indiyədək durur. Qala ərazisindəki şəlalə də turistlər üçün cəlbedici yerdir.
   
   On əsrlik Qız qalası
   
   XI-XII əsrlərə aid edilən Qız qalası rayonun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, İsmayıllı Dövlət Yasaqlığının ərazisində yerləşir. Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Sahəsi 1,5 hektardır. Qalaya giriş yolunun üstündəki dərənin boğazında uzunluğu 26,6, eni 1,3, hündürlüyü isə 7,7 metr olan sədd var. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənib.
   Qalaya gedən yolun üstündə “Qız qalası” istirahət mərkəzi yerləşir. Mərkəzədək yolu avtomobillə qət etmək olar. Oradan qalaya qədər təxminən 1 kilometr məsafəni isə piyada qalxmaq lazımdır.
   
   Fit qalası
   
   Qalanın adı hündürlüyü dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fit dağının adından götürülüb. Hərbi, strateji əhəmiyyətə malik qala Şirvan hökmdarlarının iqamətgahı olub. Şamaxı xanı Mustafa işğalçı rus sərkərdəsi Sisianova qarşı mübarizədə Fit qalasından sığınacaq kimi istifadə edib.
   Qalaya getmək üçün Sulut kəndi yaxınlığındakı Haramçayın yatağından piyada və ya atla dik qalxmaq lazımdır. Qala yaxınlığında daşdan müdafiə səddi çəkilib. Ətrafda orta əsrlərə aid tikili qalıqları, hamam yeri, meydançalar var. Qalanın XVIII əsrdə tikildiyi güman edilir. Hazırda Fit dağının şərq yamacında, Haramçaydan 250-300 metr yüksəklikdə iri daşlardan tikilmiş sədd qalmaqdadır.
   
   Girdiman, Niyal - tarixin izləri
   
   VII əsrə aid edilən Girdiman qalası Qafqaz Albaniyasının ən möhkəm istehkamlarından biri olub. Rayon mərkəzindən 37 kilometr şərqdə, Girdiman çayının sol sahilində yerləşir. Niyal qalasının da Qafqaz Albaniyası dövründə tikildiyi mənbələrdə qeyd olunur. Uzun bir dövr ərzində yaşayış yeri kimi istifadə olunan qalanın xarabalıqları indi də varlığını qoruyur. Niyal dağı dəvə belinə oxşar 9 yaldan ibarətdir. Bu yal silsiləsi dəvə karvanını xatırladır. Yeri gəlmişkən, yaxınlıqdakı Lahıc qəsəbəsinin simvollarından biri Niyal dağıdır. Qəsəbə ətrafında çay dərələri boyu atla gəzinti zamanı bir çox tarixi abidələrlə qarşılaşmaq olar.
   
   Qalalara ekskursiyalar təşkil olunur
   
   İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov deyir ki, ərazidə olan qalalar bölgənin qədim tarixindən xəbər verir. İlin müəyyən günlərində qalalara ekskursiya və yürüşlər təşkil edilir: “İlin müxtəlif günləri İsmayıllıda qalalar günü kimi qeyd olunur. Əlamətdar günlərdə, məsələn, mayın 10-da - ümummilli liderin doğum günündə, 26 iyun - Silahlı Qüvvələr Günündə qalalardan birinə ekskursiyalar təşkil edirik. Ekskursiyalar zamanı müxtəlif əyləncəli proqramlar təşkil olunur. Gənclər isə qalaların zirvəsinə yürüş edirlər”. 
   

   Ceyhun Zərbəliyev






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar