Bu il Azərbaycan ərazisində arxeoloji qazıntılar əksər bölgələri əhatə edir. Bu barədə məlumat verən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyiblinin sözlərinə görə, aprel ayından başlayaraq davam edən qazıntılar zamanı onlarla maraqlı maddi-mədəniyyət nümunələri aşkar olunub ki, bu da müxtəlif tarixi dövrlərin ətraflı tədqiqinə imkan verir. Builki tədqiqatlara oktyabrın sonu-noyabrın əvvəllərində yekun vurulacaq. Son günlərdə isə daha bir neçə bölgədə yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.
   * * *
   AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tarix elmləri üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxıda Gülüstan qalasında tədqiqat işlərini davam etdirir. Son tədqiqatlar zamanı qalaya gələn su xətti aşkar edilib, saray hamamının qalıqları üzə çıxarılıb. Bundan başqa, çoxlu sayda Şamaxı, Gülüstan, Qəbələ, Şabran, Gəncə və Təbrizdə zərb edilmiş gümüş və mis sikkələr, Azərbaycan, Çin, Mərkəzi Asiya, İran və Avropada istehsal edilmiş saxsı məmulatı, bəzək əşyaları tapılıb.
   * * *
   Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı qədim yaşayış yerində aparılan tədqiqatlar zamanı eneolit (mis-daş dövrü) dövrünə aid yeni arxeoloji nümunələr aşkarlanıb. Bu barədə məlumat verən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev son qazıntılar zamanı ərazidə 41 sm hündürlüyü olan eneolit dövrü təbəqəsinin tapıldığını bildirib. Lakin ərazidə qrunt suyu çıxdığından keramika qırıqları və tikinti qalıqlarından ibarət yeni eneolit dövrü təbəqəsini sonadək tədqiq etmək mümkün olmayıb. Ərazidə arxeoloji qazıntılar davam etdirilir.
   * * *
   Ağdam rayonunun işğal altında olmayan ərazisində, Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda aparılan qazıntı zamanı yeni tarixi arxeoloji nümunələr aşkarlanıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərovun rəhbərliyi ilə aparılan qazıntılar zamanı ərazidə e.ə. XII-XI əsrlərə aid daha beş torpaq qəbir tapılıb. Qəbirlərdən 30-a qədər saxsı qab, küp, sərnic, bardaq, cam, nehrə, qadın skeletlərinin üzərindən bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq, şüşə və tuncdan muncuqlar) aşkar edilib. Arxeoloji tədqiqatlar Qarabağ tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
   * * *
   Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid qədim tarixi abidələr və qədim şəhərin qalıqları aşkar edilib. İnstitutun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirib ki, qazıntılar zamanı Çöl Ağdam qalası, İçəri Ağdam qalası, orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli və Səmədabad kəndlərində orta əsr yaşayış yerləri və kurqan aşkarlanıb.
   İndiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb. Qədim şəhər və tarixi abidələrlə bağlı yeni tapıntılar Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
   
  Ceyhun Zərbəliyev







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar