Ceyhun Eminli: “Xalqımızın qədim tarixini təsdiqləyən arxeoloji nümunələrin əcnəbi alimlərin gözü qarşısında üzə çıxması mühüm əhəmiyyət kəsb edir”
   
   Arxeoloji abidələr hər bir xalqın tarixini, maddi mədəniyyətinin qədimliyini təsdiqləyən əsas amillərdən biridir. Məhz arxeoloji tədqiqatlar sayəsində dünyanın ən qədim sivilizasiya məkanları aşkar edilir.
   
   Təsadüfi deyil ki, son illər Azərbaycanda da bu sahəyə xüsusi diqqət ayrılır, genişmiqyaslı arxeoloji qazıntılar aparılır. Nəticədə tariximizin qədimliyini təsdiqləyən, torpaq altında yatan minillik tarixi nümunələr yenidən «kəşf edilir». Sevindirici haldır ki, artıq bu prosesə dünya arxeoloqları da cəlb olunur. Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun müşaviri Ceyhun Eminli ilə söhbətimizdə respublikamızda aparılan arxeoloji tədqiqatlar, əldə edilən maraqlı faktlar və eləcə də onların dünya miqyasında tanıdılması ilə bağlı məqamlara toxunduq.
   - Son bir neçə ildə ölkəmizdə arxeoloji qazıntılar geniş vüsət alıb və bu işdə Arxeologiya və Etnoqrafiya İnstitutu mühüm rol oynayır. Konkret olaraq bu il aparılan arxeoloji ekspedisiyalar və tədqiqatlarla bağlı nə deyə bilərsiniz?
   - Həqiqətən də son illər tariximizin öyrənilməsi və dünyaya çatdırılması, o cümlədən arxeoloji tədqiqatlar ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2008-ci il tarixli sərəncamı arxeoloji ekspedisiyaların genişləndirilməsi və səmərəliliyinin artırılması işinə mühüm təkan oldu. 2012-ci ildə aparılan tədqiqatlara gəlincə, bu il ölkəmizin ayrı-ayrı bölgələrində müxtəlif dövrləri əhatə edən tədqiqatlar aparılıb və nəticədə qədim yaşayış yerləri, qəbir abidələri aşkar edilib. Məsələn, Naxçıvan, Lerik ərazisində daş dövrünə aid mağaralar, erkən maldar-əkinçi əhalisinə aid olan yaşayış məskənləri qeydə alınıb. Qarabağ düzənliyində Qafqazın erkən əkinçi-maldar, oturaq əhalisinə aid qədim yaşayış evlərinin qalıqları tapılıb. Ağdam rayonu ərazisindəki İsmayılbəy təpəsində çox maraqlı nəticələr əldə olunub. Aşkar edilən dairəvi və oval tikililər də maraq doğurur. Bu ərazidə təsərrüfat həyatını əhatə edən maddi mədəniyyət nümunələri də aşkar edilib.
   Tovuz rayonunda Göytəpə ərazisində neolit dövrünə aid yaşayış tikililəri aşkarlanıb. Burada artıq daha genişmiqyaslı tədqiqatlar aparılır. Digər bölgələrimizdə də, xüsusilə Goranboy rayonu ərazisində ilk tunc, neolit dövrünə aid yaşayış yerləri və kurqan qəbir abidələri aşkar edilib. Burada tapılan kurqan tipli qəbirləri xüsusilə qeyd etmək istərdim. Tədqiqatlar nəticəsində bəlli oldu ki, bu qəbir sərdabə formasında və uzunmüddətli qəbir kimi nəzərdə tutulubmuş. Qazıntılar zamanı burada kütləvi dəfn əlamətləri qeydə alınmışdı. Ölüləri orada dəfn etdikdən sonra ərazi yandırılmışdı.
   Şabran rayonu ərazisində eneolit dövrünə aid digər bir yaşayış ərazisi olduqca böyük maraq doğurur. Burada hətta mis-daş dövründən erkən tunc dövrünə keçid mərhələlərini izləmək mümkündür. Bu il həmçinin Ordubad rayonu ərazisində geniş tədqiqatlar aparılıb. Nəticədə oval tikililər, dairəvi formada məbəd qalıqları qeydə alınıb. Bundan başqa, Gülüstan qalasında (Şamaxı rayonu) olduqca maraqlı tədqiqatlar aparılıb. Qalaya çəkilən su xətti və saray hamamının qalıqları qeydə alınıb. Daha sonra tarixən Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ ərazisində geniş miqyasda arxeoloji tədqiqatlar aparılıb. May ayından bəri həyata keçirilən qazıntılar nəticəsində ərazidə erkən antik dövrə aid yaşayış tikililəri, 250-dən çox təsərrüfat küpü olan anbar aşkar olunub.
   - Müasir dövr dünya praktikasında arxeoloji qazıntılara digər ölkələrin də mütəxəssisləri cəlb olunur. Azərbaycanda bu təcrübə özünü necə doğruldur və ümumiyyətlə, bu proses necə aparılır?
   - Dəvət olunan mütəxəssislər xarici ölkələrdə araşdırma institutlarının Cənubi Qafqaz üzrə tədqiqat şöbələrində çalışırlar. Yəni onlar buraya gəlməzdən öncə bizim region barədə məlumatlı olurlar. Yerli mütəxəssislər bu tədqiqatları nəşr etdirir, beynəlxalq konfranslarda çıxış edir, bununla da müəyyən elmi əlaqələr yaranır. Yaranmış bu münasibətlər əsasında onlar da Azərbaycan ərazisində aparılan arxeoloji ekspedisiyalara dəvət olunurlar və bəzən bu mütəxəssislərin özləri də tədqiqat aparmaq üçün bizə müraciət edirlər. Xarici mütəxəssislər ümumi qaydaya riayət olunmaqla yerli mütəxəssislərlə birlikdə çalışırlar.
   Məsələn, son antik, erkən İslam dövrü abidəsi olan Səlbir yaşayış yerində (Qəbələ rayonu) mənim rəhbərliyimlə, həmçinin Azərbaycan-Koreya birgə arxeoloji ekspedisiya qrupu tərəfindən qazıntı işləri aparılıb. Burada su təchizatı, şəhərin kanalizasiya sistemləri, tikililər, iri təsərrüfat küpləri və digər maddi mədəniyyət nümunələri qeydə alınıb. Lerik rayonu ərazisində ilkin tədqiqatlar zamanı 2400-2500 il yaşı olan torpaq qəbirləri aşkar edilib. Bu da olduqca böyük marağa səbəb olmuşdu. Ərazidə sıx qəbiristanlığın olduğu, erkən antik dövrü üçün səciyyəvi torpaq qəbirlər tapılıb. Qəbirlərdə ölülərin yanında bəzək əşyaları, saxsı məmulatlar, başlarının yuxarı hissəsində nizələr, piyalələr aşkar edilib.
   - Həmin yaşayış məskənlərində aşkar edilən arxeoloji nümunələr xarici mütəxəssislərin nə dərəcədə diqqətini cəlb edir?
   - Bilirsiniz ki, Azərbaycan tarixinin, Azərbaycan mədəni irsinin dünyaya tanıdılmasında daha böyük uğurlardan biri də məhz bundan ibarətdir ki, arxeoloji abidələr əcnəbi mütəxəssislərin gözləri qarşısında ortaya çıxır. Bu faktlar özlüyündə mühüm əhəmiyyət kəsb edir. Bununla da azərbaycanlıların bu ərazidə illər boyu məskunlaşması kimi faktlar dünya ictimaiyyətinə bəlli olur. Onu da deyim ki, xarici mütəxəssislərin cəlb olunduğu arxeoloji ekspedisiya qruplarının sayı artmaqdadır. Onların bəziləri bu işə yeni qoşulub, bəziləri isə artıq bir neçə ildir ki, Azərbaycanda arxeoloji-tədqiqat işləri ilə məşğuldur. Hətta qədim dağ-mədən yataqları da araşdırılır. Məsələn, Tovuz rayonu ərazisində xarici mütəxəssislər tərəfindən qədim dağ-mədən quyularında aparılan tədqiqatlar zamanı aşkarlanan nümunələr analiz olunmaq üçün Almaniyanın xüsusi arxeometallurgiya laboratoriyalarına göndərilib.
   - Ceyhun müəllim, qazıntılar zamanı tapılan arxeoloji nümunələrin sonrakı aqibəti necə olur? Onlardan gələcəkdə turizm məqsədilə istifadə etmək nəzərdə tutulurmu?
   - Dünya praktikasında «arxeoloji faktlar» deyilən bir anlayış var. Aşkar edilən nümunələr “arxeoloji fakt”dırsa, həqiqətən də geniş ərazini əhatə edən əhəmiyyətli abidələrdirsə, onlardan açıq səma altında muzey yaratmaq mümkündür. Sözsüz ki, ölkə ərazisində aşkarlanan abidələr mühafizə olunur. Lakin onlar əhəmiyyətinə görə fərqləndirilir. Məsələn, Tovuz rayonunda Göytəpə ərazisində artıq arxeoloji park yaradılmaqdadır. Yəni abidənin üzərində konstruksiyalar qurulur. Orada turistlərin rahat gedib baxa bilmələri üçün lazımi şərait də yaradılacaq. Hətta turistlərin qazıntılara cəlb olunması nəzərdə tutulub. Qəbələ rayonunda arxeoloji turizmin inkişafı ilə bağlı layihələr işlənərək tətbiq olunmaqdadır. Orda Azərbaycan-Koreya arxeoloji ekspedisiya qrupu çalışır. Onlar tərəfindən tədqiqat aparılıb və müəyyən konstruksiyalar qurulub. Bu da Azərbaycana gələn turistlərin marağını bir qədər də artırır. Əlbəttə, bunu qoruyub gələcək nəsillərə çatdırmaq lazımdır.
   - Arxeologiya və Etnoqrafiya İnstitutu tələbələrlə birlikdə də layihələr reallaşdırır. Tələbələrin arxeoloji qazıntılara marağı necədir?
   - Bu cür layihələr Qəbələdə həyata keçirildi. Tələbələr arxeoloji qazıntılarda yaxından iştirak etdilər. Gəncədə də düşərgə təşkil olunmuşdu. Biz də onlara müəyyən istiqamətlər verir, bəzi məqamları başa salır və nəzarət edirdik. Kənardan müşahidə də edirdik ki, hansı tələbələr daha çox fayda verə bilər, hansının daha çox marağı var və gələcək tədqiqatlara cəlb edə bilərik. Qeyd edim ki, tələbələr bu işə böyük maraq göstərirlər.
   
   Mehparə 







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar