Xəttatlıq təkcə bir üslub deyil, həm də düşüncə, duyğu və emosiyaları ifadə edə bilən yazıdır. İslam dünyasında bu yazı sənətinin formalaşması X-XII əsrlərə təsadüf edir. Ölkəmizdə orta əsrlərdə meydana gəlib, müxtəlif mərhələlərdən keçərək günümüzə gəlib çatıb.
   
   İslamın simvolu
   
   İslam dünyasının mədəni dəyərlərini özündə əks etdirən xəttatlıq sənəti bu dinin bir simvolu kimi də qəbul edilir. Xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlanmışdır. Allahın kəlamına duyulan hörmət və müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarmış, buna bağlı olaraq təzhib, ebru və cild sənətləri yaranmışdır.
   Zaman keçdikcə xəttatlıq İslamı qəbul edən xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdir. Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi.
   Xəttatlıq sənəti həm də yüksək savad dərəcəsinin göstərici idi. Görkəmli ədib, alim və rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. Xəttatlıqdan əvvəllər daha çox kitab yazılmasında istifadə olunmuş, sonralar bu sənətdən memarlıqda istifadə edilmişdir. Azərbaycanda bir çox tarixi abidənin kitabələrində ərəb əlifbası ilə gözəl xətt nümunələrinə rast gəlinir. Ən çox rast gəlinən nəsx xətləridir.
   Yeri gəlmişkən, xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılmışdır. Epiqrafik abidələrdə kufi, nəsx xətləri ilə yanaşı, süls, şikəstə və nəstəliq xətlərinə də rast gəlinir. Görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi bu sənətin inkişafında xüsusi rol oynayıblar. Bu gün Azərbaycanda Tahirə Abdullayeva, Seyfəddin Mənsimoğlu, Vüqar Məmmədov, Müzafəddin Əzizov kimi tanınmış xəttatlar var.
   
   İlk Quran nüsxələri kufi xətti ilə yazılıb
   
   Kufi xətti İraqın indiki Kufə şəhərində yayılmışdır. Bu səbəbdən də sonralar bu xətt “kufi” adlandırılıb. Əsasən düz və sınıq cizgilərdən ibarət olan kufi xətti əvvəllər nöqtəsiz yazılsa da, sonralar daha da təkmilləşmişdir. X əsrədək həm epiqrafikada, həm də paleoqrafiyada geniş tətbiq olunmuşdur. Kufi xəttinin 4 əsas növü var: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. İlk Quran nüsxələri də kufi xətti ilə yazılmışdır. Əcəmi xəttatlıq məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə bu xətt növləri daha çox müşahidə olunur. Bunun bariz nümunəsini Möminəxatun türbəsinin giriş qapısında görmək mümkündür.
   
   Nəsx xətti
   
   XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra ibn Muqlah adlı məşhur bir sənətkar kufi xəttinin üzərində işləyərək yeni bir xətt növü meydana gətirdi. Bu xətt daha da rəvan və oxunaqlı olduğu üçün kufi xəttini tədricən aradan qaldırdı. Elə bu cəhətdən də bu xətt "aradan aparan", "ləğv edən" mənalarını verən "nəsx" xətti adını aldı. Hazırda nəşr olunan Qurani-Kərim kitabları bu xətt ilə yazılır. Digər xətlərlə müqayisədə nəsx xətti özünün sadəliyi, rahat oxunuşu və asan yazılışı ilə diqqəti cəlb edir. Nəsx xətti meydana gəldiyi ilk gündən bədii və elmi əsərlərin yazılışında, üzünün köçürülməsində və dəftərxana işlərində geniş istifadə olunur.
   
   “Xətlərin anası”
   
   Xəttatlıqda geniş istifadə olunan süls xəttinin mənası “üçdə bir” deməkdir. Ərəb əlifbasında yazılan klassik xətt növlərindən olan süls xəttinin yaradıcısı X əsrdə yaşamış məşhur xəttat Əbu Əli Məhəmməd ibn Muğlə hesab olunur. Bu xətt növündə hərflərin üçdə bir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. Süls xətti xüsusi gözəlliyə malik olduğu üçün xətt ustadları onu “xətlərin anası” adlandırmışlar. Xəttatlar belə hesab etmişlər ki, süls xətti ilə yaza bilən bir şəxs çox asanlıqla ruqə, tərfi, müsəlsəl və nəsx kimi xətlərlə də yaza bilər.
   
   Şikəstə və nəstəliq
   
   Şikəstə xətti XII əsrdə nəsx xətti əsasında yaradılmış, əsasən sınıq (“şikəstə”) xətlərdən ibarət olduğuna görə ona belə bir ad verilmişdir. Digər xətlərlə müqayisədə şikəstə xətti ilə daha sürətlə yazmaq mümkün idi. Nəstəliq xətti XIV əsrin sonlarında məşhur xəttat Mir Əli Təbrizi tərəfindən nəsx və təliq xətlərinin əlaqələndirilməsi nəticəsində yaradılmış, XV-XVI əsrlərdə Azərbaycanda da geniş yayılmışdır. Bu xətt növü, əsasən, əlyazma kitablarının üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında geniş tətbiq olunmuşdur. XVIII-XIX əsr kitabələri, bir qayda olaraq, nəstəliq üslubunda yazılıb. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və saxsıdan hazırlanan qabların, bəzək əşyalarının bəzədilməsində istifadə edilmişdir.
   Azərbaycan ərazisində epiqrafik abidələr təsdiq edir ki, XVII-XVIII əsrlərdə kitabələrin yazılmasında bu xətdən daha geniş istifadə olunub. Sadalanan xətt növlərindən hər biri orta əsr Azərbaycan memarlığında silinməz iz qoymuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı memarlıq nümunələrində xüsusilə nəzərə çarpır.
   
   Ceyhun Zərbəliyev






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar