Ötən əsrdə bərpaçılar abidəyə ciddi ziyan vurub
Qarabağ tarixi memarlıq abidələri arasında öz qədimliyi və möhtəşəmliyi ilə diqqətçəkən nümunələrdən biri də Bərdə türbəsidir. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı ilə bu abidənin xüsusiyyətləri və tarixi haqqında danışdıq. Həmsöhbətim öncə Bərdə rayonu ərazisində aşkar edilən və tədqiq olunan maddi-mədəniyyət nümunələri haqqında məlumat verdi:
- Bərdə rayonu ərazisində eramızdan əvvəl II minillikdən başlayaraq son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilib. Qürur duyulası haldır ki, Azərbaycanın bu qədim şəhərinin ərazisində yerləşən tarixi abidələrin çoxu bu günədək qorunub saxlanılıb. Məsələn, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, 1879-cu ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilən Şeyx İbrahim məscidi, XVII-XIX əsrlərə aid Şirvanlı hamamı, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələridir.
Bərdə türbəsi orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindəndir. 1322-ci ildə inşa edilən abidə qülləvari türbələr qrupuna daxildir. Araşdırmalar zamanı türbənin yeraltı və yerüstü hissədən ibarət olduğu müəyyən olunub. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdabə təşkil edir.
- Bərdə türbəsinin özünəxas cəhətləri haqqında nə demək olar?
- Türbənin yerüstü hissəsi xatirə abidəsidir, monumental xarakter daşıyır. Kürsülüyü daşdan, gövdəsi isə silindrik şəkildə bişmiş kərpicdən hörülüb. Damı günbəz şəklindədir. Gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metr təşkil edir. Türbənin divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənib. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülüb. Bu cür orijinal hörgünün kərpiclə düzülmüş naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılıb. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyirlər.
Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra isə bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılıb. Bu səbəbdən Bərdə türbəsinin kimin şərəfinə ucaldıldığı məlum deyil. Ehtimal edilir ki, Elxanilər sülaləsinin üzvlərindən biri üçün tikilib. Abidənin üzərində “Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani” sözləri yazılıb. Bu isə türbənin naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən inşa olunduğunu, Naxçıvan memarlarının XIV əsrdə Azərbaycanın başqa bölgələrinə də dəvət edildiyini göstərir. Onu da deyim ki, memarlıq üslubu baxımından Bərdə türbəsi Naxçıvandakı Qarabağlar türbəsinin demək olar ki eynidir.
Təəssüf ki, ötən əsrin ortalarında Bərdə türbəsində bərpa adı altında aparılan işlər abidəyə ziyan vurub. 1957-1958-ci illərdə türbənin günbəzində xeyli çəkisi olan konusşəkilli dəmir-beton qüllə inşa edilib ki, bu da abidənin ümumi görünüşünə ciddi xələl yetirməklə bərabər, onun sol tərəfə maillənməsinə səbəb olub.
- Bu tarixi abidənin indiki dövrdə bərpası və mühafizəsi ilə bağlı hansı işlər görülür?
- Digər maddi-mədəniyyət nümunələrimiz kimi, Bərdə türbəsinin mühafizəsi və bərpası da dövlətin diqqət mərkəzindədir. “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Bərdə rayonunun tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası da əksini tapıb. Prezident İlham Əliyev Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə sözügedən Dövlət Proqramı çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədilə 2012-ci il oktyabrın 8-də sərəncam imzalayıb. Prezident sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi Bərdə türbəsinin bərpasına başlayıb.
Savalan Fərəcov