İmkanlı şəxslər bu işdə necə iştirak edə bilərlər?
   
   Azərbaycan ərazisində 6500-dən çox tarixi abidə mövcuddur. Onların bir hissəsinin bərpa və konservasiyasına ehtiyac duyulur. Mədəniyyət və Turizm Nazirliyi tarixi abidələrin mərhələli şəkildə bərpa və konservasiyası ilə bağlı uzunmüddətli proqram hazırlayıb və həyata keçirməkdədir.
   Bununla yanaşı, yerlərdə ayrı-ayrı imkanlı şəxslər də bu işdə iştirak etmək istəyirlər. Bəs, mövcud qanunvericilik bu təşəbbüsləri reallaşdırmaq üçün hansı imkanları tanıyır?
   Bu sualla Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinə müraciət etdik. Şöbənin Bərpa-layihələndirmə və ekspertiza sektorunun müdiri Füzuli Qurbanov bildirdi ki, abidələrin bərpasına könüllü şəkildə vəsait ayırmaq hər bir vətəndaşın hüququdur və bu addım dəstəklənir: “Məsələn, xarici ölkələrdə belə bir təcrübə var ki, hər hansı mədəniyyət, təhsil müəssisəsi tikilərsə və ya bərpa olunarsa, bununla bağlı kampaniya aparılır, müəyyən vəsait toplanır. Bizdə də belə bir təşəbbüs olsa, müsbət qarşılanar”.
   F.Qurbanov onu da vurğuladı ki, abidələrin özbaşına bərpası yolverilməzdir. Onun sözlərinə görə, imkanlı şəxs yalnız maliyyə məsələsini öz üzərinə götürə bilər. Daha sonra layihə və smeta sənədləri hazırlanmalı, abidənin bərpasına sərf olunacaq məbləğ müəyyənləşdirilməlidir. Bərpa üçün vəsait ayıran şəxsin də bu sənədlərlə, görüləcək işlərlə tanış olmasına imkan yaradılır: “Qanunvericilikdə Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan hər hansı tarixi abidənin bərpa və ya konservasiyasına icazə verilmir. Bu istiqamətdə istənilən təşəbbüs nazirliklə razılaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, tarixi abidələr elmi əsaslarla bərpa və ya konservasiya olunmalıdır. Daha yaxşı olar ki, regionlarda bu təşəbbüslər, rayon və şəhər mədəniyyət və turizm şöbələri tərəfindən nazirliyə istiqamətləndirilsin. Bütün hallarda belə təşəbbüslər təqdirəlayiqdir”.
   
   Ceyhun







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar