Xalq Yaradıcılığı Paytaxtları - 2012

   “Sənətkarlıq paytaxtı” - Quba
   
   Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində ötən il Quba Azərbaycanın “Sənətkarlıq paytaxtı” elan olunmuşdu. Gözəl təbiəti, qədim tarixi, möhtəşəm sənətkarlıq ənənələri ilə haqlı olaraq öyünən rayonda il ərzində müxtəlif tədbirlər keçirildi.
   
    Quba rayonunda 18 mədəniyyət evi, 67 klub, 92 kütləvi kitabxana, uşaq musiqi məktəbi, Heydər Əliyev Muzeyi, A.Bakıxanov adına Tarix-Diyarşunaslıq Muzeyi, Turizm İnformasiya Mərkəzi, Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu fəaliyyət göstərir. Bu mədəniyyət ocaqları “Sənətkarlıq paytaxtı” ilinə öz töhfələrini verdilər.
   
   Turistlərin sevdiyi məkan
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmovun sözlərinə görə, Qubanın 2012-ci ildə Azərbaycanın “Sənətkarlıq paytaxtı” elan edilməsi bölgənin mədəni həyatında əlamətdar hadisə olmaqla yanaşı, turizm imkanlarının təbliği baxımından da mühüm tədbirlərə zəmin yaratdı: “B.Səfəroğlu adına Mədəniyyət evində “Sənətkarlıq paytaxtı”nın geniş təqdimat mərasimi, yerli sənətkarların əl işlərindən ibarət geniş sərgi maraqla qarşılandı. Ümumiyyətlə, bu layihə imkan verdi ki, qubalı sənətkarlar ilk dəfə olaraq əl işlərini geniş formatda il ərzində nümayiş etdirsinlər. İlboyu bu istiqamətdə müxtəlif tədbirlər keçirdik. “Sənətkarlıq paytaxtı» ili rayona turist axının artmasına da təsir etdi. Qubaya gələn yerli və xarici turistlər sənətkarların əl işləri ilə tanış oldular. Mədəni tədbirlərə turistlərin də cəlb olunmasına çalışırdıq. Bütün bunlar ötən ilin statistik göstəricilərində də özünü göstərdi. Belə ki, 2012-ci ildə 45 min turist bölgənin təbiəti, mədəniyyəti, tarixi ilə tanış oldu, onların 4 mindən çoxu xarici turistlər idi”.
   Qeyd edək ki, Quba rayonunda qeydiyyatdan keçmiş 45 turizm obyekti fəaliyyət göstərir. Mədəniyyət və Turizm Şöbəsi bu obyektlərin rəhbərləri ilə sıx əlaqə saxlayır, turistlərə yüksək xidmət göstərmək məqsədilə treninqlər keçirilir. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən rayon haqqında məlumatları əks etdirən bukletlər, disklər, tur proqramlar hazırlanıb. Ötən il rayona gələn beynəlxalq təşkilatların nümayəndələrinin Heydər Əliyev Muzeyinə, tarixi abidələrə, maraqlı təbiət məkanlarına, tariximizin qan yaddaşı olan soyqırımı məzarlığına ziyarətləri təşkil olunub.
   Ötən yay rayonda 4 marşrut (Quba - İspik- Xınalıq, Quba - Təngəaltı - Qonaqkənd, Quba - Zərqova və Quba - Uzunmeşə) üzrə turist səfərləri təşkil olunub. Ziyarətçilər bu marşrutlar boyunca 130-dan çox maddi-mədəniyyət abidəsi, yerli sənətkarların əl işləri ilə tanış olub, bölgəyə səfərdən xatirə olaraq müxtəlif sənət nümunələri, suvenirlər alıblar.
   
   “Alma bayramı”
   
   Qubanın təbii sərvətləri sırasında məşhur alma bağlarının xüsusi yeri var. Quba alması respublikamızdan çox-çox uzaqlarda şöhrət tapıb. Ötən il rayonda yeni ənənənin əsası qoyuldu - möhtəşəm “Alma bayramı” keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri, xarici turistlər iştirak etdilər.
   Mədəniyyət və Turizm Şöbəsinin müdiri E.Məhərrəmov: “İnsanlar bu bayramı həm də dostluq, qardaşlıq, sevgi bayramı kimi qeyd etdilər. Qubanın iqtisadiyyatından, həyata keçirilən layihələrdən, meyvəçiliyin inkişafından söz açıldı. Rayonda yetişdirilən alma növləri barədə qonaqlara ətraflı məlumat verildi”.
   Tədbirlə əlaqədar mərkəzi parkda 30-dan çox qubalı sənətkarın 300-dək əl işindən ibarət sərgi də maraqla qarşılanıb. Quba xalçaları, toxuculuq məmulatları, dulusçuluq məhsulları ziyarətçilərin böyük ilgisini çəkib. Rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunub. Kəndirbazların və pəhləvanların nümunəvi çıxışları tədbir iştirakçılarına xoş anlar bəxş edib. Beləliklə, “Alma bayramı” ən xoş anlarla tarixə düşüb və qubalılar bu bayramı ənənəvi olaraq hər il qeyd etmək niyyətindədir.
   
   * * *
   Sadalananlarla yanaşı, ötən il Qubanın mədəni həyatı bir sıra digər hadisələrlə də yadda qalıb, müxtəlif mövzularda dəyirmi masalar keçirilib, tarixi abidələrdə, açıq səma altında muzey olan Xınalıq kəndində təmir-bərpa işləri aparılıb. 2012-ci il həmçinin Quba rayonunda «Kitabxanalar ili» elan edilmişdi. İl ərzində Quba MKS-də ölkə başçısının müvafiq sərəncamlarına əsasən tanınmış mütəfəkkir, şair və yazıçıların yubileyləri qeyd edilib.
   
   Ceyhun Zərbəliyev