Məhərrəm Qasımlı: “Bayram insanları ortaq dəyərlər ətrafında birləşdirir”
   
   Novruz bayramı 2009-cu ildə Azərbaycanın da təşəbbüsü və yaxından iştirakı ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi və BMT-nin Baş məclisi tərəfindən 21 mart Beynəlxalq Novruz Günü elan olundu.
   
   Novruz Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Pakistan və beş Orta Asiya respublikasında dövlət səviyyəsində qeyd edilir. Çində və Hindistanda milyonlarla insan, eləcə də Rusiyada yaşayan türk xalqları bu bayramın sevincini yaşayır. Ölkəmizdə Novruz bineyi-qədimdən təmtəraqlı, şadyanalıq və fərəh hissi ilə qeyd olunur.
   Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Novruzun tarixindən, mahiyyəti və fəlsəfəsindən danışdı.
   
   Yeni, işıqlı həyat
   
   Novruz şimal yarımkürəsində yaşayan xalqların hamısı üçün səciyyəvi olan qədim el mərasimidir. Bu xalqların əksəriyyəti yaz növbələşməsinə mərasimlərlə münasibət bildirir. Bir az öncə yaz bayramı Çində olub, bir az sonra slavyanlarda olacaq. Onların “paskaliya” (Pasxa) dediyi bayram mahiyyət etibarı ilə yeni günün qurulması anlamını ifadə edir. Hərçənd ki, o bayramın mahiyyətində İsa çarmıxdan azad edilir. Sıxıntıdan qurtulmaq, rahatlığa, yeni həyata başlama anlamı verir. İşarələri də şirniyyatdı, yumurta boyamaqdı və s. çox bənzər şeylərdir. Coğrafi şəraitə uyğun olaraq müəyyən vaxt dəyişikliyi var.
   Bayramın əsas mahiyyəti mərasimlər vasitəsilə təbiətə təsir etmək, onu yumşaltmaq, mülayimləşdirmək, qışı, qara günü, çətinliyi, çiləni, ağrı-acını geridə buraxıb, yeni, işıqlı həyata, bolluq-bərəkət, bəhrə verəcək həyata başlamaqdır. Novruzun bütün fəlsəfəsi, mahiyyəti bundan ibarətdir. Yandırılan tonqal da qaranlığı qovub-uzaqlaşdırmaq mahiyyəti daşıyır. Tonqal qışı qovur, çərşənbə axşamları qırmızı boyanmış yumurta günəşi çağırır, səməni yaşıllığı, şirniyyatlar insanlara yardım etmək üçün yaxşı ruhları çağırır. Bütün bunlarla insan həm də demək istəyir ki, qışın mənə gücü çatmadı. Yenə də ruzim ortadadır, qışı uzaqlaşdırıram və yeni günümə uğurla başlayıram. Mahiyyət bundan ibarətdir.
   
   Çilədən çıxmaq
   
   Bir çox xalqlardan fərqli olaraq, bizim xalqda bu bayram böyük bir təqvim kompleksidir. Dekabrın 22-dən böyük çillənin, ardınca kiçik çillənin girməsi, fevralın birinci ongünlüyündə Xıdır Nəbinin qeyd olunması, sonra yalançı - oğru çərşənbələrin başlanması, boz ayın gəlişi, boz ayın tərkibində doğru çərşənbələrin keçirilməsi biri-birini növbələyən təqvim mərasimləridir.
   Çərşənbənin ikinci gündə seçilməsi də təsadüfi deyil. İkinci gün ağır gündür. Buna Anadoluda salı günü deyirlər. Bir məsəl də var: salı gün sallanar. Yəni bir iş görmək istəsən, uzanar, gedər, başa gətirə bilməzsən. Bu gündə bir uğursuzluq olduğuna inanılmışdır. Xalqımızda həmin gün ev binəsi qoymazlar, bu günə toy salmazlar. Yəni belə inanclar var. Çilədən çıxmaq üçün tədricən, mərhələli şəkildə bu çərşənbələr boyu mərasim aksiyaları keçirilir, xüsusilə ocaqla bağlı. Ocağın təmizləyici, şəfaverici gücünə inanılaraq çilədən çıxılır. Çilə qış anlayışını verir. Çərşənbəni çiləmizi, ağrı-acımızı tökmək üçün seçmişik. Belə bir bayatı var:
   
   Orda axan arxdımı,
   Üzündə duvaqdımı,
   Novruz gəlib yetişdi,
   Ayrı duran vaxtdımı?
   
   Bayramın keçirilməsində də bir məsələni qeyd etmək gərəkdir. Ana qaynaq olaraq bu bayramı türk mədəniyyəti ilə bağlayırıq. Amma sonrakı dönəmlərdə atəşpərəstlərin də təsiri var. Səməninin adı “Avesta”da keçir, İslam dininin də təsiri var. Bunları danmaq olmaz. Ancaq alt qatda sırf təbiətlə, təbiətin oyanışı ilə bağlı bir bayramdır.
   Bütün bayramlarımız mahiyyət etibarı ilə birləşdirici, bütünləşdirici xüsusiyyətə malikdir. Bayram nədir, bayram hamının ortaq dəyərlər ətrafında birləşməsidir. Ortaq dəyərlərin ətrafında yığışdıqca millət dövlət olaraq bütövləşə bilir. Novruz bayramının fəlsəfəsi həm də ondan ibarətdir. Yeni, işıqlı həyata doğru, əziz oxucularımız, Bayramınız mübarək!
   
   Təranə Vahid







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar