Xalqımızın qədim el mərasimlərindən biri də Novruz bayramıdır. Bu günə qədər yaşadılan, qorunub bizlərə çatdırılan bu bayram nəsillərdə gələcəyə və xoşbəxtliyə böyük inam oyadır. Çünki Novruz yeni gün, yeni həyat deməkdir. Onun gəlişi ilə torpaq canlanır, günəş hərarətlənir, təbiət qış yuxusundan oyanır...
   
   Bu bayrama insanlar hələ mart ayının ilk günlərindən hazırlıq görürlər. Hazırlığın məhz təmizlikdən başlanması da təsadüfi deyil. İnanca görə, yeni ili necə qarşılasan, ilin gələcək günlərini eyni şəkildə yaşayacaqsan. Bu səbəbdən də insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni zamanda uşaqlara və özlərinə təzə libas alırlar. Bayram günü yaxınlaşdıqca digər hazırlıqlar da görülür, şirniyyatlar hazırlanır, səməni cücərdilir.…
   Bir çox milli adət-ənənələrimizi özündə ehtiva edən ilaxır çərşənbələri məna gözəlliyi, fikir aydınlığı ilə də əsrarəngizdir. Etiqada görə, su, od, külək, torpaq çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Bütün bunlar Novruz bayramı ilə sıx bağlıdır. Əski dövrlərdən bu günə qədər ilaxır çərşənbələri xalqımız tərəfindən təmtəraqlı şəkildə qeyd edilməkdədir...
   Külək çərşənbəsi. İlaxır çərşənbələrdən üçüncüsü xalq arasında “külək oyadan çərşənbə”, “külək çərşənbəsi”, “yelli çərşənbə”, “küləkli çərşənbə” adlanır. Əski etiqadlara görə, bu çərşənbədə oyanan Yel və ya Külək hər tərəfi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir və yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi isə Yelin özünü təmizləməsi kimi yozulur. Çünki əski etiqada görə “qara nəhrdə” yatmış külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir. Qədim türk mifologiyasında yel müxtəlif rəngli libaslarda - ağ libasda - Ağ yel, qara libasda - Qara yel, göy libasda - Xəzri, qırmızı libasda - Gilavar təsəvvür edilir.
   Daha erkən təsəvvürlərdə isə dilimizdə işlənən küləklə eyni kökdən olan Yel kultu Tanrı səviyyəsinə yüksəldilir.
   Bir çox xalqların erkən təsəvvürlərində, eləcə də müqəddəs kitablarında Yel dünyanı idarə edən qüdrətli Tanrılardan biri hesab olunub. Əski inamlarda Yel ya özü Tanrıdır, ya da vahid Allah tərəfindən göndərilən qüdrətli bir gücdür - insanları əzizləyir, onlara kömək edir, bəzən də qəzəblənir, yeri gələndə isə cəzalandırır.
   Zərdüştilər də küləyi müqəddəs hesab edib, ona tanrılıq vermişlər. “Avesta”da deyilir ki, “...Yelin gücü qüdrətli Hörmüzün gücüdür. Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır...»
   Yelin tanrılığı, müqəddəsliyi ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanclar da mövcuddur.
   Yel haqqında atalar sözləri: 

   Yel aparan yerindi, yerdə qalan mənimki.
   Yel əsməyincə yarpaq tərpənməz.
   Yel gətirib, gün qurudub.
   Yelnən dost olan yellənə-yellənə qalar.
   Yelə verdiyin düşmənə qismət olar.
   Yel bağlayanı el açar.
   
   Yer çərşənbəsi. Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusu axır çərşənbədir. Bu çərşənbə xalq arasında “ilaxır çərşənbə”, “Yer çərşənbəsi”, “Torpaq çərşənbəsi” adları ilə də işlənir. Sonuncu çərşənbə torpağın oyanması ilə əlaqələndirilir. Belə bir əski inam var ki, dörd ünsürün sonuncusunun oyanması ilə yel, sel, atəş fəallaşır. Ərz donunu dəyişir, Adəm övladlarını yoxluq və qıtlıqdan, çətinlik və məhrumiyyətlərdən qurtarmaq üçün özündə daha böyük qüvvə tapır.
   
   Qədim bir mifoloji təsəvvürə görə, insanların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Yel və Atəş Torpaq xatunun yeraltı məbədinə qonaq gedirlər. Yatmış Xatunu oyadıb adamların qıtlıq çəkdiyini söyləyirlər.
   Torpaq xatun: “İnsanları fəlakətə salan fəlakətə düşər” - deyə, yerindən ayağa qalxır. Yel, Sel, Atəş və Torpaq əl-ələ verib:
   
   Atəş gəldi, zəmzəm gəldi, yel gəldi,
   Təzə ömür, təzə məhsul, il gəldi...
   
    - deyib oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Üç qardaş, bir bacının işıqlı dünyaya çıxdığı həmin gün axır çərşənbə sayılır.
   
   Axır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə xüsusilə zəngindir. Şənliklər sübh tezdən suya tapınma ilə başlanır. Beləliklə, su çərşənbəsində icra olunan ayinlər təkrar olunur.
   Axır çərşənbədə yeni əkiləcək torpaq sahələrində, əkin yerlərində kütləvi şənliklər keçirilir. Bir çox hallarda isə sayaçıların, cütçülərin nəğmələri və mərasimləri icra edilir. Torpaq çərşənbəsində torpaq əzizlənir, təmizlənir, bostan və dirriklərdə müxtəlif ayinlər keçirilir. Odla bağlı mərasimlər isə əsasən axşam tərəfi, qaş qaralanda başlar və gecə yarıya qədər davam edər.
   Atalar deyib ki, torpaqdan pay olmaz. Torpağına göz dikənin gözü tökülsün.
   Torpağa əyilən namərdə əyilməz. Torpağa xor baxarsan, o sənə kor baxar. Torpaq ovuclayan - qızıl ovuclar. Torpağın sirrini əli torpaqda olan bilər. Torpağı sanı yaşayasan. Torpağın həmişə gül bitirsin.
   Biz də bu bayram münasibətilə xalqımıza xoş günlər, bolluq, bərəkət arzulayırıq.
   
   Savalan Fərəcov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar