Keçmişdə olduğu kimi, bu gün də Azərbaycan xalçaları çeşidli naxışları, əsrarəngiz gözəllikləri ilə zəngindir. Bu çeşnilər arasında ana-ilahə mənasını ifadə edən qadın təsvirlərinin tarixi isə xüsusilə qədimdir...
   
   İnsanlar hələ erkən dövrlərdə ağacdan, daşdan və sümükdən qadın obrazı yaradıb. Onu tayfanın, qəbilənin, ailənin qoruyucusu sayıb. Fransanın cənubunda yerləşən Brassempui, Lonceri-Bass və Menton kahalarında arxeoloq alimlər tarixi qədimlərə söykənən mamont sümüyü və maral buynuzundan düzəldilmiş qadın heykəlciklər tapıblar. Daha sonra oxşar heykəlciklər Avstriyanın Vahay torpağında və Menqel çökəkliyində də aşkar edilib.
   Belə qədim nümunələrə Azərbaycan ərazisində də rast gəlinib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın araşdırmalarından məlum olur ki, Abşeronun Türkan kəndi yaxınlığındakı təpələrdə, Ağsunun Nuran kəndində, Mingəçevirdə, İsmayıllı rayonunun Molla İsaqlı kəndi yaxınlığındakı təpələrdə və Qobustan qayaüstü təsvirlərində qadın formalı daş heykəllər mövcuddur. Bir çox tədqiqatçı alimlərin fikrincə, Azərbaycanın müxtəlif bölgələrində tapılan heykəl şəklində qadın təsvirləri məhsuldarlıq və bərəkət ilahəsi olan Anahiti tərənnüm edib. O dövrdə onun səcdəsi Yaxın Şərq, Orta Asiya, Cənubi Qafqaz və İranda geniş yayılıb.
   Bu motivlərə xalça sənətində də rast gəlinir. Xalçalardakı qadın obrazları təsvir üslubu baxımından arxaik formaları kifayət qədər qoruyub saxlayıb. Misal üçün deyək ki, qadın obrazlarına Qubanın “Sumax” xovsuz, “Ugah”, “Şahnəzərli”, Şirvanın “Mərəzə”, “Qabıstan”, “Salyan”, Gəncənin “Çıraxlı”, Qazaxın “Şıxlı” xovlu xalçaları və digər əşyalar üzərində aşkarlanıb.
   Araşdırmalarda göstərilir ki, xalçalarda əksini tapan hər bir qadın obrazı motivinin öz yaranma dövrünə uyğun arxaik təsvir üslubu olub. Məsələn, ilkin motivlərin ən zəngin qorunub saxlandığı xovsuz xalçalarda və xalça məmulatlarında olan zərif siluetlər, ilkin qayaüstü təsvirlərdə olduğu kimi, dolu bədənli qadın obrazları ilə paralellik təşkil edir. Qadın formasında olan elementlər öz təsvir üslubuna və məzmununa görə iki qrupa bölünür. Birincisi, dövrün qadın obrazlarına sadəlik, arxaiklik, ikincisinə isə həyatilik, əməksevərlik kimi günümüzlə səsləşən əhval-ruhiyyə xasdır. Hər iki qrupa daxil olan qadın obrazlı naxışlar xalça və xalça məmulatlarında əsasən doldurucu element kimi əks olunub.
   XIX əsrdə toxunan, Şirvan məktəbinə məxsus “Qabıstan” kompozisiyalı xalça məmulatı üzərində haşiyə zolağında istifadə edilən yeganə əsas bəzək elementi olan qadın fiquru diqqəti cəlb edir. Bu məmulat üzərində konturların köməyi ilə əhatələnən, stilizə edilən qadın obrazı elementi dinamik şəkildə təkrarlanıb və müxtəlif yumşaq çalarlı rənglərdən istifadə edilərək düzülüb.
   Qazax məktəbinin “Şıxlı” xalçası üzərində də eyni bədii ənənənin izlərinə rast gəlinir. Xalçada “göl”ün baş və ətək hissəsində, bala haşiyə zolağı boyu sıra ilə düzülən qadın silueti şəklində təsvir edilən motivlər əyri xətlərlə toxunub. Əgər nəzərə alınsa ki, hələ çox qədim zamanlardan şərti olaraq xalçanın ara sahəsi ulular tərəfindən sakral dünya, müqəddəs məkan kimi qəbul edilib, onda haşiyə zolağı onu qoruyan sərhəd vəzifəsini icra edib.
   Qubanın “Sumax” xovsuz xalçalarında qadın silueti formalı naxışdan daha çox istifadə edilib. Xalçanın ara sahəsini bəzəyən göl elementinin baş və ətək hissələrində paralel toxunan motiv dördbarmaqlıqdır. Qubanın XIX əsrdə toxunan digər xovlu xalçası üzərində də sağ tərəfdə üçbarmaqlı qadın və sol tərəfdə isə cizgilərin köməyilə toxunmuş kişi fiqurlarının olduğunu görürük. Bəzən eyni kompozisiyada təqdim edilən qadın və kişi fiqurları xalçanın bədii tərtibatının köməkçi elementləri şəklində olsalar da, bu motivlər öz sakrallığı ilə diqqətdən yayınmır. Qadın və kişi təsvirləri öz növbəsində qoruyucu qüvvə və ya nəsil artımına işarə anlamındadır. Belə ki, hələ qədim zamanlardan ana torpaq, kişi obrazı isə qüvvət rəmzi olaraq göyün timsalında müqəddəs sayılıb.
   Qadın obrazlarının realist təsvirləri ilə yanaşı, bu anlamın ruhunu, mənəvi dəyərini özündə yaşadan - yəni artım, bərəkət, himayədar mahiyyəti kəsb edən motivlərin xalçalara transformasiya edilən digər şərti obrazlarını da qeyd etmək lazım gəlir. Qadın obrazı simasında olan rəmzlər içərisində romb - artım, məhsuldarlıq, Humay (Umay) adlı qoruyucu mistik quş bu qəbildən mühafizəkar məna daşıyır.
   Qədim türklərin mistik təsəvvürlərinə görə Göy Tanrı “kan”, yəni “xan”, ilahə Umay isə “katın”, yəni “kraliça“ kimi təsəvvür edilib. VIII əsrə aid türk rumi yazıda adı çəkilən Umay, XI-XV əsrlərin Azərbaycan klassik ədəbiyyatının nümayəndələri tərəfindən Umay ilahəsinin quş şəkilli olduğu təsəvvür edilib. Azərbaycan ərazisində Umay ilahəsi ilə bağlı sitayiş yeri Qubadlı rayonunun Qaracallı kəndindəki “Umay kahası” olub. Yəqin ki, Azərbaycanın müxtəlif bölgələrində erkən orta əsrlərə aid kiçik metal quş fiqurları da bu ilahə ilə bağlı olub. Bu gün türk mədəniyyətində ilahəpərəstliklə bağlı çeşidli izlər qalıb. Onları Humay, Al ana, Fatma nənə kimi ilahələrdə görmək olur...
   Sonda onu da deyək ki, tarixin bütün mərhələlərində baş verən hadisələr xalça sənətində öz əksini tapıb. Əmək, yaradıcılıq, bayram və digər əhval-ruhiyyəli qadın təsvirləri Azərbaycan xalçalarını zənginləşdirən motivlərdir. “Ugah” Quba xalçasının haşiyə zolağına yaxın məkanda toxunan kiçik süjetdə yun darayan qadın təsvir edilib. Əməklə bağlı bu süjetə çoxsaylı nümunələr əlavə etmək olar. “Leyli və Məcnun”, “Ömər Xəyyam sevgilisi ilə”, “Şeyx Sənan”, “Xosrov və Şirin” və s. süjetli klassik xalçalarda toxunan qadın obrazları isə öz zəmanəsinin aktual mövzusu kimi daha müasir ruhda yaranmışdır.
   
   Savalan Fərəcov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar