Təbriz xalçaçılıq məktəbinin şah əsəri
   
   Milli xalça sənətimizdə özünəməxsus yeri olan Təbriz məktəbinin geniş planlı və mürəkkəb kompozisiyalı xalça nümunələri çoxdur. Miniatür sənət ənənələrinə söykənən “Dörd fəsil” adlı xalçanı (XIX əsr) bu sırada ayrıca qeyd etmək gərəkdir. Azərbaycan xalça sənətinin incilərindən sayılan dünyaca məşhur xalça Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasına xüsusi yaraşıq verir.
   
   Qeyd edək ki, “Dörd fəsil” mövzusunun motivləri hələ XV-XVII əsrlərdə xalçaçılıq sənətində geniş yayılıb. XIX əsr Təbriz xalçaçılıq məktəbinə aid bu sənət əsərinin uzunluğu 380 sm, eni 270 sm-dir.
   Orta əsr miniatür ənənələri əsasında toxunan xalça mürəkkəb kompozisiyalıdır. Xalça sənətimizin yüksək bədii xüsusiyyətlərini özündə ehtiva edir. Daşıdığı realist təsvir, yəni toxunma tərzi fikrin, ornamentlərin daha asan qavranılmasına kömək edir.
   Bu xalça haqqında mütəxəssislər maraqlı fikirlər söyləyib. Araşdırmalarda bildirilir ki, digər xalçalarımızda olduğu kimi, “Dörd fəsil” xalçasında da ikinci fikir qatı var. Bu, gizli və məcazi məna kəsb edən təsvirlərdir. Həmin təsvirlər ilk baxışdan çox aydın və sadə təəssürat yaradır. Əslində isə görünən naxışlarda inanclarımızla, tarixi hadisə və simalarla bağlı həyata bütöv bir fəlsəfi baxış dolğun təcəssümünü tapıb.
   Bu möhtəşəm sənət əsəri şaquli və üfüqi xətlərlə dörd bərabər hissəyə bölünüb. Xalçada bölgü naxışlarla aparılıb. Mərkəzi medalyonun içərisində Şərqin böyük şairi Ömər Xəyyam öz sevgilisi ilə təsvir olunub. Medalyonun haşiyəsində şairin dünya və sevgi haqda sözləri nəstəliq xətti ilə həkk olunub. Ara sahədə ilin dörd fəslinin təsviri ardıcıl şəkildə yerləşdirilib. Bunlar sənətşünaslar tərəfindən həyat və məişətin inikası kimi izah edilir. Xalçada təbiətdəki dəyişikliklər - göy qurşağı, qar-yağış, sübh çağı, qürub vaxtı parlaq şəkildə əksini tapıb. Hər fəsil həm də bir memarlıq abidəsi ilə təsvir edilib. Beləliklə, xalçada zamanın obrazı yaradılıb. Abidələr fəsillərdə əks olunan dəyişkənlik fikri ilə uzlaşaraq əbədiyyətin rəmzinə çevrilib.
   Xalçanın kənar haşiyəsində səkkiz kiçik medalyon təsvir olunub. Onlardan üçündə Hafiz Şirazi, Əbülqasım Firdovsi və Sədi Şirazinin obrazları əksini tapıb. Medalyonların birində “Leyli və Məcnun”, digərində “Xosrov və Şirin”, qalanlarında isə dini mövzularda rəvayətlərdən (“Adəm və Həvva”, “İsmayıl qurbanı”) səhnə təsvirləri verilib. Xalçanın yuxarı hissəsində isə Sasani şahlarının ümumiləşdirilmiş obrazı yer alıb.
   Məlumdur ki, Şərqdə hələ qədimlərdən dörd fəsil-dörd ünsür müqəddəs sayılıb. Məhz buna görə də xalçada təbiətlə insanın, onun əməyinin vəhdətini təcəssüm etdirən təsvirlər var. Sənətşünaslar Ömər Xəyyamın təsvirinin xalçanın mərkəzi hissəsində verilməsini təsadüf hesab etmir. Çünki şair rübailərinin birində dörd fəsil haqqında deyir:
   
   Ey dördlə yeddinin məhsulu insan,
   Bu dördlə yeddidə nə qovrulursan?
   
   Şairin yanında gözəl qız-sevgilisi əlində kuzə təsvir olunub. İnsan simalı kuzə sanki dil açıb deyir:
   
   Bu kuzə mənimtək aşiqi-zarmış,
   Yarın tellərini öpüb oxşarmış.
   Boynunda gördüyüm qulpu bir əlmiş,
   Cananın boynunu qucaqlayarmış.
   
   Xalçada şair Firdovsinin qarşısında qılınc və qalxan təsvir olunub. Bu da “Şahnamə” əsərinə işarədir. Bu möhtəşəm əsərdə “Şirinin Fərhadla görüşü” səhnəsi emosionallığı, həyatiliyi ilə səciyyələnir. At belində, başında tac və şahanə görkəmli Şirin Fərhadın külünglə Bisutun dağını yarmasına heyranlıqla tamaşa edir. Bu heyrəti sənətkar Şirinin həm üz ifadəsində, həm də miniatürlərdə qəbul olunmuş jestlə (əgər əl üzdə təsvir olunubsa bu, təəccüb heyrət deməkdir) hiss etdirib. Axar su da yarılmış Bisutun dağına işarədir.
   Xalçada daha bir səhnə təsviri var. Leyli səhrada Məcnunla qarşılaşır və öz məhəbbəti qarşısında diz çökür. Arxa planda boş kəcavə görünür. Məcnun isə üzünü Leyliyə tutaraq ah-nalə edir.
   Xalçada hər süjet müstəqil, bitkin əsər təsiri bağışlayır. Eyni vəziyyət dini motivlərin təsvirində də müşahidə olunur. “Adəm və Həvva” səhnəsində Həvva ağac altında dayanıb. Adəm ona cənnət almasını verir. “İsmayıl qurbanı” səhnəsi də öz təsirliliyi ilə diqqət çəkir.
   Hər bir kiçik medalyonun aşağı hissəsi naxış formasında işlənib. Xalçada insan sürəti də var. O, çox təsirli səmavi bir simada verilib. Həm də zamanın obrazı yaradılıb. Bu ilk növbədə ilin fəsillərində və fəsillərə xas ardıcıl dəyişkənlikdə ifadə olunub. Özü də fəsillər həyatla, məişətlə əlaqəli şəkildə və zəhmət adamlarının əmək fəaliyyəti əsasında əks olunub. Hər fəsil bir memarlıq abidəsi timsalında verilib. Payız Təxti-Çəmşid sarayının xərabələri fonunda əks etdirilir. Qışda Təbriz şəhərində 1465-ci ildə tikilən, məşhur İslam dövrü abidələrinin firuzə qaşı kimi qiymətləndirilən Göy məscidin fasad hissəsini görürük. Baharda XIV əsrin qiymətli memarlıq abidəsini, Sultaniyyədə ucaldılmış Elxani Olcaytu-Xudabəndə türbəsini aydın seçirik. Yay fəslinin təsvirini isə uzaqlarda Mədain xərabələri tamamlayır.
   “Dörd fəsil” xalçasında söz, ornamentlər və səhnələr eyni məharətlə işlənib. Bir-birini forma və mənaca tamamlayır. Hər fəslin rəng həlli ümumi kompozisiyaya rövnəq verir. Haşiyələrdə nəbati ornamentlərlə yanaşı, heyvanların da (pələng, bəbir, quş, balıq) təsvir edildiyi görünür. Xalçada geyimlərin təsviri, Ömər Xəyyamın sevgilisinin saç düzümü, baş bəzəkləri və məişət əşyaları göz oxşayaraq insanda dəyərli etnoqrafik təəssürat yaradır.
   
   Savalan Fərəcov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar